Cəmiyyət 

Oruc tutanlar hansı məqamlara diqqət yetirməlidirlər?

Artıq bir neçə gündür ki, Ramazan ayı başlayıb. İctimai həyatımızda önəmli yer tutan bu ayda günboyu yemək yeyilmədiyi üçün imsak və iftar yeməklərinə xüsusi diqqət yetirilməlidir. Bu baxımdan Ramazan ayı öz gəlişi ilə sağlam və düzgün qidalanma vərdişlərinin formalaşdırılması və təşviqini gündəmə gətirməklə bu sahəyə diqqəti bir daha artırır.

Mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova qeyd edib ki, Ramazan ayında oruc tutan hər bir insanın gündəlik qida rasionunda makro və mikro elementlər balanslaşdırılmış şəkildə olmalıdır. Bu da hər bir insanın yaşına, cinsinə, fiziki aktivliyinə görə dəyişir. Ona görə də hər bir insanın qəbul edəcəyi su, karbohidrat, yağ, vitamin və mineralların miqdarı fərqlidir. İmsak və iftar zamanı qəbul ediləcək qidalar öncədən planlanmalıdır. Qidalanmaya başlayarkən həm imsak, həm də iftarda əvvəlcə mütləq su içilməlidir. Suyun qəbul edilmə miqdarı insan çəkisinin 1 kiloqramına görə 30 milli olaraq hesablanır. Lakin artıq çəkili şəxslərdə hesablama belə aparılmır. Çünki qəbul edilən çox su böyrək çatışmazlığına səbəb ola bilər. Orta hesabla bir insan gün ərzində orqanizminin suya olan tələbatını ödəmək üçün 7-8 stəkan su içməlidir. Oruc tutan insanlar isə yeməkdən təxminən 1 saat sonra su qəbul edə bilər. Təmiz su, ayran, meyvə-tərəvəzin tərkibindəki maye bədənimizin ehtiyacı olduğu su miqdarını təmin edə bilir. Lakin çay, kofe, rəngli qazlı içkilər, hazır şirələr insanın maye tələbatını ödəmir.

Ekspert hesab edir ki, iftarda sudan sonra daha yüngül qidalar, pendir, xiyar, pomidor və s. kimi yerli mövsümi tərəvəzlər, şorbalar, ardınca əsas yemək qəbul oluna bilər. Bəzən insanlar iftarı açdıqdan dərhal sonra əsas yeməyə keçirlər. Bu isə lazım olan maye miqdarının insan orqanizminə daxil olmasına imkan vermir və qəbul olunan qidalar düzgün şəkildə həzm olunmur. Həmçinin iftarda ağır və çox qızardılmış, həddən artıq duzlu qidalar yeyilməməlidir. Çünki həddən artıq ac qalmaq orqanizmi susuzlaşdırır. Ağır və çox qızardılmış qidalar isə həzm prosesini çətinləşdirir və ağrılara səbəb olur. Qidaların tərkibində həftədə 2 dəfə qırmızı ətə, 2 dəfə quş ətinə, 2 dəfə balıq ətinə xüsusilə yer verilməlidir. İmsakda pendir, yağ, kəsmik, xama, qatıq qəbul oluna bilər. Həmçinin yumurta uzun müddət doyumlu və zəngin tərkibli olduğundan istifadə edilə bilər.

Onun sözlərinə görə, imsakda tərəvəz yemək qəbzliyin qarşısını alır və bağırsağın hərəkətliliyində mühüm rol oynayır. Oruc tutmuş işləyən insanlar gün ərzində mütləq açıq havada vaxt keçirməlidirlər. Belə halda onlarda başağrı problemi olmayacaq və orucu daha rahat keçirəcəklər. İşləməyən əksər insanlar orucu davamlı şəkildə uzanaraq keçirir. Bu isə daxili orqanların funksiyalarının və hormonal balansın pozulmasına səbəb olur”.

Daha çox xəbərlər