Cəmiyyət 

Təbiətin yenilənməsini simvolizə edən gün

Novruz baharın gəlişi deməkdir. Təbiətin oyanmasını, ağacların tumurcuqlaması, təbiətin öz yaşıl libasını geynməsi kimi bədii-poetik ifadələrlə bu təmtəraqı vəsf edirik.

Novruz bayramı Azərbaycan mədəniyyətinin ən rəngarəng və ənənəvi bayramlarından biridir. Bu bayramın ən əhəmiyyətli hissələrindən biri də Novruz çərşənbələridir.

2024-cü ildə Novruz çərşənbələri fevral ayında başlayıb. Novruz çərşənbələri qədim zamanlardan bəri Novruz bayramının müqəddəs hissəsi kimi qeyd edilir və hər bir çərşənbə xüsusi mənası və ənənələri ilə seçilir.

Novruz çərşənbələri dörd fərqli elementi – su, od, hava (yel) və torpaq təmsil edir. Hər çərşənbə, müvafiq olaraq, həyatın bu təbii elementlərinin əhəmiyyətini və onların insan həyatındakı rolunu qeyd edir. Çərşənbələrin hər biri xüsusi adətlər, yeməklər və mərasimlərlə qeyd edilir.

Novruz çərşənbələri, baharın gəlişini və təbiətin yenilənməsini simvolizə edir. Həmçinin bu dövr insanlar arasında birlik, sevgi və harmoniyanın gücləndirilməsinə xidmət edir. Hər çərşənbə axşamı hər kəs bir-biri ilə bayramlaşır, evlərdə plov dəmlənir, bayram süfrəsi açılır, tonqal qalanır, səməni cücərdilir. Hər kəs müqəddəs çərşənbələri yüksək əhval-ruhiyyə ilə qarşılayır. Sonuncu çərşənbə olan torpaq isə xüsusilə fərqlənir. Torpaq insan yaradılışının əsas maddi əsası olmaqla bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir.

Torpaq müqəddəsliyinin türk mifoloji görüşləri ilə bərabər, etnik-əxlaqi dəyərlər sistemində yurd, Vətən, el-oba anlayışı ilə yanaşı, yaradılışın maddi əsası olmasından irəli gələrək sakral mifoloji semantikaya da malikdir. Yazda torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Bu isə ilk növbədə insanın yaradılışı mifindən qaynaqlanır.

Novruz çərşənbələrinin özünəxas olan fəaliyyətləri var. Məsələn, xüsusi yeməklərin, şirniyyatların hazırlanması, xalq oyunları, mahnılar və müxtəlif adətlər əsasən həmin çərşənbənin təmsil etdiyi elementlərlə əlaqəlidir.

Qeyd edək ki, Novruz həm də “yeni gün” mənasındadır. Şəmsi təqvimi ilə yeni ilin başlanması bayramıdır, yazda gecə ilə gündüzün bərabər olduğu günə təsadüf edir. Şərqin Yeni ili – Novruz bayramı əsrlərin dərinliyindən gəlib bizim günlərə çıxmış ən şən və gözəl, nikbin bayramlardan biridir. Qədim İran şəmsi təqvimi ilə fərvərdin ayının birinci gününə, Qriqori təqvimi ilə mart ayının 21-22-nə və ya nadir hallarda 23-nə düşür. Novruz bayramı, həmçinin bir çox türkdilli və müsəlman ölkələrində, o cümlədən Orta Asiya respublikalarında qeyd edilir. Novruz bayramı birlik, qardaşlıq bayramı, xalq şənliyidir. Qədim dövrlərdən bəri xalqımız Novruzu yeni ilin başlanğıcı hesab etmiş, onu bolluq, bərəkət və firavanlığın əzəli kimi rəmziləşdirmişdir.

İlaxır çərşənbə arzularınızın reallaşmasının başlanğıcı olsun! Bayramınız mübarək!

Daha çox xəbərlər