Rüşvətə görə həbs edilən sektor müdirindən XƏBƏR VAR
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rüşvət almaqda təqsirləndirilən sektor müdiri Elvin Nağıyev və sektorun məsləhətçisi Araz Qazıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
ARANTV.AZ unikal.org-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası avqustun 5-nə təyin edilib.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sektor müdiri E.Nağıyevin həmin sektorun məsləhətçisi A.Qazıyevlə cinayət əlaqəsinə girərək paytaxtın Binəqədi rayonu ərazisində qanunsuz heyvan kəsimi ilə məşğul olan Röyal Əliyevin istifadəsində olan ət mağazasının fəaliyyətinin məhdudlaşdırılmamasından ötrü 150 manat və eyni məqsədlə Sabunçu rayonu ərazisində yerləşən Zeytun emalı zavodunun ərazisində antisanitar şəraitdə quş kəsimi ilə məşğul olan Taleh Bəbirovdan 300 manat məbləğində rüşvət alıblar.
Həmin vəzifəli şəxslərə Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddələri ilə ittiham elan olunmaqla E.Nağıyev barəsində məhkəmənin qərarı ilə həbs, A.Qazıyev barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

