26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qəhrəmanlıq tarixini, dövlətimizin qüdrətini və müstəqilliyimizin əsas təminatçısı olan Azərbaycan Ordusunun şərəfli inkişaf yolunu əks etdirən əlamətdar gündür. Bu tarix təkcə hərbi qulluqçuların peşə bayramı deyil, həm də hər bir Azərbaycan vətəndaşının dövlətinə, ordusuna və Vətəninə bağlılığının təcəssümüdür.
1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə ilk nizami hərbi hissənin – Əlahiddə Azərbaycan Korpusunun yaradılması milli ordu quruculuğunun başlanğıcı oldu. Məhz bu tarixi hadisənin əhəmiyyətini nəzərə alaraq Ümummilli Lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildi.
Müstəqilliyin ilk illərində ölkədə hökm sürən siyasi böhran, idarəetmədəki pərakəndəlik və nizamsız silahlı dəstələrin mövcudluğu güclü ordunun formalaşmasına ciddi maneələr yaradırdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev dövlətçiliyin xilası ilə yanaşı, ordu quruculuğunu da əsas prioritet elan etdi.
Heydər Əliyevin rəhbərliyi ilə qısa müddətdə orduda vahid komandanlıq sistemi yaradıldı, nizamsız silahlı dəstələr ləğv edilərək Silahlı Qüvvələrin tərkibinə inteqrasiya olundu, hərbi intizam və idarəetmə bərpa edildi. Dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə mühüm islahatlara başlanıldı.
1994-cü ildə Ermənistanla əldə edilən atəşkəs ordunun yenidən qurulmasına və peşəkar əsaslarla inkişafına imkan yaratdı. Hərbi təhsil sistemi gücləndirildi, zabit hazırlığına xüsusi diqqət yetirildi, hərbi hissələrin maddi-texniki bazası möhkəmləndirildi.
Ümummilli Lider deyirdi:
“Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır. Gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biridir. Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir.”
Bu fikir bu gün də Azərbaycan dövlətinin ordu siyasətinin əsas ideoloji sütunlarından biri hesab olunur.
2003-cü ildən etibarən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoydu.
Ölkənin iqtisadi gücünün artması ordunun modernləşdirilməsinə geniş imkanlar yaratdı. Müdafiə xərcləri dəfələrlə artırıldı, dünyanın aparıcı dövlətlərindən müasir silah və texnika alındı, pilotsuz uçuş aparatları, yüksək dəqiqlikli raket sistemləri, müasir hava hücumundan müdafiə vasitələri, zirehli texnika və digər hərbi avadanlıqlar Silahlı Qüvvələrin arsenalına daxil edildi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ordunun maddi-texniki bazası tamamilə yeniləndi, Xüsusi Təyinatlı Qüvvələr və digər elit bölmələr daha da gücləndirildi, hərbi sənaye kompleksi inkişaf etdirildi və yerli müdafiə sənayesinin istehsal imkanları genişləndirildi, NATO standartlarına uyğun hazırlıq sistemi tətbiq olundu, hərbi qulluqçuların sosial müdafiəsi əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maaşlar artırıldı, minlərlə hərbçi xidmət mənzilləri ilə təmin edildi, azad edilmiş ərazilərdə yeni hərbi hissələr, komando birlikləri və müasir infrastruktur yaradıldı.
Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır:
“Azərbaycan Ordusu bu gün dünyanın ən güclü orduları sırasındadır və bizim əsas dayağımızdır.”
Azərbaycan Ordusunun keçdiyi inkişaf yolu 2020-ci ilin 44 günlük Vətən müharibəsində öz ən yüksək zirvəsinə çatdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında qalmış torpaqları azad etdi.
Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Suqovuşan və digər yaşayış məntəqələrinin azad olunması, xüsusilə Şuşa şəhərinin işğaldan azad edilməsi hərb tariximizin ən parlaq səhifələrindən biri oldu.
10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanat Ermənistanın kapitulyasiyasını rəsmiləşdirdi və Azərbaycanın tarixi Qələbəsini bütün dünyaya təsdiqlədi.
2023-cü ilin sentyabrında keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycanın bütün ərazisində dövlət suverenliyi tam təmin edildi. Beləliklə, ölkəmizin Konstitusiya quruluşu bütün ərazilərdə bərpa olundu.
Azərbaycan Ordusunun qazandığı bütün uğurların təməlində Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin qanı, qazilərimizin şücaəti və hərbçilərimizin fədakarlığı dayanır. Onların qəhrəmanlığı xalqımızın yaddaşında əbədi yaşayacaq, gələcək nəsillər üçün vətənpərvərlik nümunəsi olacaqdır.
Dövlət tərəfindən şəhid ailələrinə, müharibə əlillərinə və qazilərə göstərilən diqqət və qayğı onların xidmətlərinə verilən yüksək qiymətin ifadəsidir.
Azərbaycanın əldə etdiyi bütün uğurların əsasında xalqla dövlətin və ordunun sarsılmaz birliyi dayanır. Bu birlik sayəsində ölkəmiz ən çətin sınaqlardan alnıaçıq çıxmış, müstəqilliyini möhkəmləndirmiş və regionun ən güclü dövlətlərindən birinə çevrilmişdir.
Bu gün Azərbaycan Ordusu yüksək peşəkarlığı, müasir silahlanması, güclü döyüş ruhu və Ali Baş Komandana sonsuz sədaqəti ilə ölkəmizin təhlükəsizliyinin etibarlı təminatçısıdır.
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü müstəqil dövlətimizin gücünün, xalqımızın qürurunun və milli həmrəyliyimizin rəmzidir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu müasir ordu quruculuğu siyasəti Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycan Ordusunu regionun ən güclü ordusuna çevirmiş, ölkəmizə tarixi Zəfər qazandırmışdır.
Bu əlamətdar gün münasibətilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin bütün şəxsi heyətini, veteranlarımızı, şəhid ailələrini və qazilərimizi ürəkdən təbrik edir, Vətənimizin keşiyində ayıq-sayıq dayanan bütün hərbçilərimizə möhkəm cansağlığı, şərəfli xidmət və yeni uğurlar arzulayırıq.
Yaşasın Azərbaycan Ordusu! Yaşasın Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə daim qüdrətlənən müstəqil Azərbaycan!
