Xəzər dənizindən içməli su əldə ediləcək –EKSPERT DETALLARI AÇIQLADI
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi barədə danışıb. Hazırda Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində işin aparıldığını bildirən dövlətimizin başçısı deyib ki, bu layihə həyata keçiriləndən sonra Xəzər dənizinin suyundan həm suvarma üçün, həm də içməli su kimi istifadə ediləcək. Dünyanın bir neçə ölkəsinin duzsuzlaşdırma sahəsində böyük təcrübəyə malik olduğunu diqqətə çatdıran dövlətimizin başçısı Azərbaycanın da Xəzər dənizi kimi böyük su hövzəsi olduğunu, bu imkandan istifadə ediləcəyini vurğulayıb.
Dəniz suyunun duzsuzlaşdırılması, suvarma və içməli su kimi istifadə olunması nə dərəcədə effektlidir? Nəzərə alaq ki, çirkab sularının axıdıldığı Xəzər dənizi qapalı su hövzəsidir, okeana çıxışı yoxdur, bu səbəbdən də özü-özünü bir növ təmizləməsi qeyri-mümkündür. Belə olan halda Xəzərin duzsuzlaşdırılan suyunun keyfiyyəti içmək üçün yararlı olacaqmı?
Mövzu ilə bağlı Medianews.az-a danışan iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, Azərbaycan Cənubi Qafqazda su hövzəsi ehtiyatlarına görə Gürcüstan və Ermənistandan geridə qalır.
Ekspertin qənaətincə, Azərbaycan su emalı sahəsində İsrailin aparıcı şirkətləri ilə əməkdaşlıq etməlidir: “Xəzər dənizinin duzsuzlaşdırılması və Azərbaycan ərazilərindən bundan istifadə edilməsi əvvəlki illərdə də aktual bir mövzu olub. Çünki, buna çox böyük ehtiyac var. Belə ki, Cənubi Qafqazın su ehtiyatının 62 faizi Gürcüstana, 28 faizi Ermənistana düşür. Azərbaycana düşən pay isə cəmi 10 faizdir. Bunun da 70 faizi transsərhəd çayların payına düşür. Bir müddət öncə Azərbaycan və İsrail şirkətləri arasında anlaşma memorandumu imzalanıb. Bu şirkət öz sahəsi üzrə kifayət qədər böyük təcrübəyə malikdir və indiyə qədər 40 ölkədə fəaliyyət göstərib. Açıqlanan rəqəmlərə görə, sözügedən şirkət 400-dən artıq sutəmizləyici zavod tikib istismara verib. Belə bir şirkətin Azərbaycanda da fəaliyyət göstərməsi uğurlu nəticələrə yol aça bilər”.
E.Əmirovun sözlərinə görə, Azərbaycanın su ehtiyatlarının məhdud olması ondan səmərəli istifadəni aktual edir: “Bütün hallarda məsələlərə kompleks yanaşma tələb olunur. Azərbaycanın su ehtiyatlarının məhdud olması ondan səmərəli istifadəni hər zaman aktual edir. Xəzər dənizinə onu ən çox su ilə təmin edən Volqa çayı da daxil olmaqla, irili-xırdalı 130-dan çox çay axır. Buna rəğmən, Azərbaycanın qarşıdakı dönəmlərdə də su ehtiyatları baxımından problem yaşayacağı istisna deyil. Bu kimi problemlərin yaşanmaması üçün ilk növbədə sudan səmərəli istifadənin müasir texnologiya üsulu ilə həyata keçilməsinə ehtiyac var. Eyni zamanda, Xəzərin suyundan istifadə olduqca vacibdir. Çünki, bu, su anbarlarına olan ehtiyacı nisbətən azaldacaq. Duzsuzlaşdırmadan öncə su anbarlarında suyun saxlanılması birinci versiyadır. İkinci versiya isə Xəzərə tökülüb duzlaşandan sonra duzsuzlaşdırılaraq istifadə olunmasıdır. Təbii ki, duzlaşmadan öncə su anbarlarında istifadə olunarsa, bu, daha çox rentabelli fəaliyyət olardı. Amma bütün hallarda Xəzərin suyunun duzsuzlaşdırılması, ondan içməli su və suvarma üçün istifadə edilməsi effektiv olacaqdır”.