Sərhəddə tarixi görüş – Əliyev Xudafərindən 3 il öncə hansı mesajı vermişdi?
Sabah – mayın 19-da Azərbaycan və İran prezidentlərinin sərhəddə yeni bəndlərin açılışını edəcəkləri barədə məlumat yayılıb. İranın Energetika Nazirliyi bildirib ki, bazar günü İlham Əliyev və İbrahim Rəisi Ərdəbil əyalətinin Parsabad şəhərində, sərhəddə “Qız Qalası” və “Xudafərin” bəndlərinin açılış mərasiminə qatılacaqlar.
ARANTV.AZ xəbər verir ki, adı çəkilən obyektlər İran tərəfindən Azərbaycanla sərhəddə Araz çayında, ərazilər erməni işğalı altında olarkən tikilib. Bəndlərin suyundan və SES-dən əldə olunan elektrik enerjisindən hər iki tərəf istifadə edəcək. Azərbaycanın Energetika Nazirliyi isə bir müddət öncə bildirmişdi ki, “Xudafərin” və “Qız Qalası” SES-ləri müvafiq surətdə 100 MVt və 40 MVt gücə malik olacaq…
Azərbaycan-İran münasibətlərinin ziqzaqvari xarakterini nəzərə alsaq, ürəkaçan xəbərdir. Yeri gəlmişkən, 44 günlük Vətən müharibəsindən az sonra – 2021-ci ilin aprelində İlham Əliyev Cəbrayıla səfəri zamanı İranla sərhəddə Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışı zamanı Xudafərin körpüsünü Azərbaycan-İran dostluğunun rəmzi adlandıraraq belə söyləmişdi: “Azərbaycan-İran sərhədi dostluq sərhədidir. Bu sərhədin qorunması Azərbaycan-İran əlaqələrinin inkişafı üçün də çox böyük önəm daşıyır. Bizim İran İslam Respublikası ilə digər istiqamətlərdə də sərhədimiz var və bu, sözün əsl mənasında, dostluq, əməkdaşlıq sərhədidir”.
Bu, Bakının Tehrana ikitərəfli münasibətlərdə yeni səhifə açmaq üçün mühüm siqnalı, mesajı idi. Əfsus ki, ismarış yanlış anlaşıldı. Mesajdan bir müddət sonra Araz boyu İranın hədə xarakterli hərbi təlimlərə başlaması, Qarabağdakı erməni separatçılara qanunsuz dəstəyi davam etdirməsi, bütövlükdə Tehranın xoş məramımıza əks işarəli reaksiyası Bakını adekvat tədbirlər görmək zorunda qoydu. Daha sonra İrandakı səfirliyimizə yerli hüquq-mühafizə orqanlarının bağışlanmaz seyrçiliyi fonunda törədilən xain terror hücumu diplomatik-siyasi əlaqələri minimum səviyyəyə endirdi…
Belə bir deyim var: düşmənlərin sayını artıran siyasət yaxşı siyasət deyil. Məsələ də ondadır ki, normal ölkə həmişə qonşularla yaxşı əlaqələrə can atır. Çünki qarşılıqlı iqtisadi-ticari əməkdaşlıq qonşu dövlətləri və xalqları bir-birinə daha sıx bağlamaqla, qarşılıqlı asılı eləməklə yanaşı, həm də qarşılıqlı etimad və bir-birinə qarşılıqlı təhlükəsizlik zəmanəti vermək deməkdir. Müharibə, dava-dalaş ehtimalının həmişəlik gündəmdən çıxması, hərbi xərclərin azalması, iqtisadi humanitar sahələrə daha çox vəsait ayırmaq şansı deməkdir.
Azərbaycan bölgənin məsuliyyətli ölkəsi kimi daim buna çalışıb və çalışıb. Bakının İrəvanla tezliklə sülh imzalamaq istəyi də öncəliklə bu imperativlə bağlıdır.
Qayıdaq cənub qonşumuza.
Məlumatlara görə, bəndlərin açılışından az sonra Tehrandakı səfirliyimiz də açılacaq. Ancaq əvvəlki ünvanda deyil, başqa yerdə. Bu da görünür ən əvvəl psixoloji amilə bağlıdır. Aydındır ki, səfirlik əməkdaşımızın qətlə yetirildiyi köhnə bina diplomatik korpusun işçilərində istər-istəməz neqativ assosiasiya, mənəvi diskomfort yaradacaq…
Əlbəttə, əsas olan binanın harda yerləşməsi yox, onun təhlükəsizliyin necə təmin edilməsidir. Bu da birbaşa İran hökumətinin boyun borcudur. Rəsmi Tehran bunu edəcəkmi? Zaman göstərəcək. Ümid edək ki, qonşu dövlət terror hücumu olayından gərəkən dərsi götürüb.
Hər halda, Tehran yetkililəri dəfələrlə bəyan ediblər ki, “qonşularla normal münasibətlər İranın strateji hədəflərindəndir”. O zaman buyursunlar, bunu əməldə sübut eləsinlər. Belə bir iradənin daha bir təsdiqi terrorçu Yasin Hüseynzadəni layiq olduğu cəzaya çatdırması ola bilərdi. Hansı ki, edam cəzasına məhkum edilib.
Sabahkı mərasimə gəlincə, sərhəddə məhz belə dinc tədbirlər, sərhədçilər olsa yaxşıdır. Sərhəd qonşuya “əzələ nümayişi” üçün, düşmənçilik və nifrət nümayişi üçün yer deyil. Azərbaycan liderinin təbirincə desək, bizim sözümüz imzamızdır, bəs İranın…