Region Xəbərləri 

Bakı Enerji Həftəsi

Müstəqillik tariximizin ilk illərində neft və qaz hasilatının artımına ölkənin qarşıdakı iqtisadi və sosial çətinliklərin aradan qaldırılmasının əsas vasitələrdən biri kimi baxılırdı. Belə bir şəraitdə maliyyə vəsaitinin məhdudluğu xarici şirkətlərin və investorların cəlb olunmasını strateji zərurətə çevirmişdi. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə yanaşı, ölkəni bürümüş daxili ziddiyyətlər, özbaşınalıq Qərbin neft şirkətlərini Azərbaycandan çəkindirdi. Eyni zamanda aparılan danışıqlarda isə Azərbaycanın iqtisadi maraqları tam təmin olunmurdu.
1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı. Sonradan haqlı olaraq “Əsrin müqaviləsi” adlandırılan bu saziş həqiqətən müstəqil Azərbaycanın neft salnaməsinə əbədi həkk olundu.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış Yeni neft strategiyasının məntiqi nəticəsi olaraq 1994-cü il sentyabrın 20-də dünyanın səkkiz ölkəsini təmsil edən 13 xarici neft şirkəti ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş imzalandı. Təsadüfi deyil ki, bu saziş Azərbaycanın qapılarını bütün dünyanın üzünə açdı və sonrakı illərdə dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 32 saziş imzalandı. Bu sazişlər çərçivəsində ümumi sərmayə qoyuluşları 60 mlrd. dollara çatdırıldı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərlə bağlı müəyyən etdiyi iqtisadi inkişaf kursunda bu ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi əsas istiqamətlərdən biri hesab olunur. 44 günlük Vətən müharibəsindən sonra 2020-ci ilin iqtisadi yekunlarına dair 6 yanvar 2021-ci il tarixli müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonasının yaradılmasına dair strateji baxış irəli sürülmüş və bunun üçün həmin ərazilərdə kifayət qədər bərpa olunan enerji potensialının olması bildirilmişdir.
Yaşıl Enerji Zonasının yaradılması çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, enerji səmərəliliyi tədbirləri, elektrik nəqliyyat vasitələrindən istifadə, tikililərin damlarında bərpa olunan enerji qurğularının (xüsusən günəş panellərinin) qurulması, həmçinin küçələrin və yolların işıqlandırılmasında günəş enerjisi əsaslı LED lampalardan istifadə, istilik, soyutma və isti su təchizatında bərpa olunan enerji texnologiyalarından istifadə, ağıllı enerji idarəetmə texnologiyalarının tətbiqi, tullantıların enerji məqsədli idarə edilməsi kimi tədbirlər nəzərdə tutulmuşdur.
Cari ilin 04 iyun tarixində Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz-“Caspian Oil and Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji-“Caspian Power” sərgilərinin rəsmi açılış mərasimi keçirilib.
Bakı Enerji Həftəsinin keçirilməsi artıq ənənə halı alıb. Bu tədbirin keçirilməsinin tarixi 30 il əvvəldən başlayır.
“Bu gün Bakı Enerji Həftəsi tamamilə fərqli yeni bir dövrdə daha geniş şəkildə baş tutur. 30 il əvvəl Bakı Enerji Həftəsi neft-qaz sektorunun dirçəldilməsinə hesablanmışdısa, bu gün həmin tədbir özündə “yaşıl” enerji sektorunu da ehtiva edir. Bu gün gündəliyimizə “yaşıl” enerjinin istehsalı ilə bağlı yeni çağırışlar daxil olub. 30 il əvvəl keçirdiyimiz Enerji Həftəsində az ölkənin bir neçə şirkəti iştirak edirdisə, bu gün 37 ölkədən 300 şirkət iştirak edir.
Həmin şirkətlər Bakı Enerji Həftəsi çərçivəsində elmin ən son texnologiyalarını nümayiş etdirirlər. Təbii ki, bu da həm neft-qaz sənayemizin inkişaf etdirilməsində, həm də “yaşıl” enerji mənbələrinin formalaşdırılmasında əhəmiyyətli rol oynayacaq. Azərbaycanın “yaşıl” gündəliyi çox genişdir. Ölkəmiz COP29-a ev sahibliyi alana qədər özünün “yaşıl” gündəliyini müəyyənləşdirmişdi. Belə ki, işğaldan azad olunmuş ərazilərimiz “yaşıl zona” elan olunmuşdu, ölkəmizin “yaşıl” enerji potensialı müəyyənləşdirilərək, 200 qiqavatt olduğu təsdiq edilmişdi.
Ümumiyyətlə, 2027-ci ilin sonuna qədər Azərbaycan 2 qiqavatt “yaşıl” enerji istehsal etməyi planlaşdırıb. Məhz “yaşıl” enerjinin istehsalı bizə qazın sərfiyyatına qənaət etməyə imkan verir.
Belə ki, 1 qiqavatt “yaşıl” enerjinin istehsalı 0,5 milyard kubmetr təbii qaza qənaət etməyimizə imkan verəcək. Biz 2027-ci ilə qədər Avropaya ixrac edəcəyimiz qazın həcmini 20 milyard kubmetrə çatdırmağı planlaşdırmışıq. Məhz “yaşıl” enerji sektorunun inkişafı sayəsində qənaət olunan qazı da Avropaya ixrac edə biləcəyik.
Bakı Enerji Həftəsi çərçivəsində bütün bu məsələlər ətrafında bir daha müzakirələr aparılır və proseslərin realladırılması istiqamətində ciddi addımlar atılacaq. Bakı Enerji Həftəsi həm də ölkəmizə yeni investisiyaların axınını sürətləndirəcək və daha böyük uğurlara zəmin yaradacaq.
Xumar Abdullayeva— Bərdə şəhər Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı

Daha çox xəbərlər