Region Xəbərləri 

Azərbaycan və Pakistan – iki dost, iki qardaş, iki tərəfdaş ölkə

Ölkəmizin sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkələrdən biri də qardaş Pakistandır.
İki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri üzrə qurulmuş strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir.
Pakistan Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan (1991-ci il dekabrın 12-si) dövlətlərdən biri olub.
İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulub. Həmin dövrdən sonra iki ölkə arasında əlaqələr daim inkişaf etdirilib və bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəlib.
1993-cü ilin martında Pakistanın Bakıda, 1997-ci ilin avqustunda isə Azərbaycanın İslamabadda səfirlikləri təsis edilib.
Pakistan beynəlxalq miqyasda ölkəmizin ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyib, Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzünə görə onunla diplomatik münasibətlər qurmayıb.
1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair 822 nömrəli qətnaməsinin qəbul olunduğu iclasa Pakistan sədrlik edib.
İki ölkə arasında təmaslar və qarşılıqlı səfərlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın ovaxtkı Baş naziri Benazir Bhutto ilə görüşündən sonra başlayıb. Bu görüşlə ikitərəfli münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub.
Prezident İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir və ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlər saxlayır. Aparılan uğurlu xarici siyasət nəticəsində Azərbaycanın müttəfiqi və dost ölkələrin siyahısı genişlənmişdir. Vətən müharibəsinin gedişində Türkiyə, Pakistan, İsrail, Ukrayna, Gürcüstan, Əfqanıstan, Şimali Kipr Türk Respublikası və başqa ölkələr Azərbaycanın haqlı tərəf olduğu, ərazi bütövlüyünü tanıdığını bildirdilər.
İslamabadda iyulun 12-də Azərbaycan Prezidenti İlham Əliyevin Pakistanın Prezidenti Asif Əli Zərdari ilə geniş tərkibdə görüşü olub. Bu görüşdə ölkələr arasında siyasi əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edildi. Pakistanın və Azərbaycanın daim bir-birini dəstəkləməsi, xüsusilə torpaqlarımız otuz il ərzində işğal altında olduğu dövrdə Pakistanın Azərbaycana siyasi dəstəyi, Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etməsi, beynəlxalq hüququn prinsiplərini rəhbər tutması yüksək qiymətləndirildi.
Hazırda ölkələr arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı.
Prezident Asif Əli Zərdari Azərbaycanın COP29-a ev sahibliyi etməsi münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.
İlham Əliyev Pakistan Prezidentini COP29-a dəvət etdi.
Söhbət zamanı ölkələr arasında iqtisadi-ticari əlaqələrin, investisiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olundu.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Pakistan İslam Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Mohammad İşaq Dar və Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov mübadilə etdilər.
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında tranzit ticarət haqqında Saziş”i Pakistanın kommersiya naziri Cam Kamal Xan və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev mübadilə etdilər. Görüşdə bu kimi 15 adda anlaşma imzalandı.
Qeyd etməliyik ki, dövlətimizin eləcə də Prezidentimizin beynəlxalq siyasi arenadakı mövqeyi gələcək mötəbər uğurların müjdəçisidir!
Fidan Vəliyeva – Bərdə Rayon Güloğlular kənd ümumi orta məktəbin Fizika müəllimi, Bərdə Rayon S.Behbudov adına 6 saylı tam orta məktəbdə Peşə təmayüllü siniflərin qrup rəhbəri

Daha çox xəbərlər