Gündəm 

Tarixi dönüşün zəfər çağırışı

22 iyul 1990-cı ildə  ata-baba yurdu Naxçıvana gələn Ulu Öndər Heydər Əliyev muxtar respublikada  apardığı islahatlarla müstəqilliyimizi əbədiləşdirdi,  xilaskarlıq missiyasına başladı

Tarixi gerçəkliklərin təkzibolunmaz həqiqətlərindən biri budur ki, dövlət    müstəqilliyini,  keçid dövründə milli mənsubluğunu qoruyub saxlayan, xalqını   çətinliklərdən  xilas edən müdriklər dahilik zirvəsinə ucalırlar. Adı    dövlətçilik təcrübələri, uzaqgörənlikləri ilə xalqlarının xilaskarları adını qazanan Atatürk, Vaşinqton, Bismark, Nehru, De Qoll kimi dahilərlə eyni sırada yer alan  Ulu Öndər Heydər Əliyev   Azərbaycanın xilaskarı, memarı kimi  milyonların qəlbində əbədi yaşam haqqı qazanmışdır.

XX yüzilliyin 90-cı illərində Azərbaycanda baş verən ölüm-qalım savaşı, gündən- günə gərginləşən siyasi hadisələr  insanların  gələcəyə  ümidini tükətmişdi.  Kreslo uğrunda gedən mübarizələrlə eyni zamana təsadüf edən torpaqlarımızın Ermənistan tərəfindən işğalı, respublikada davam edən hərc-mərclik, xarici dairələr tərəfindən idarə olunan və Azərbaycanın parçalanması üçün hazırlanan plana uyğun  baş qaldıran separatçılıq… Azərbaycanın varlığı üçün  təhlükə olan bu sadalananların hər biri ayrı-ayrılıqda  taleyüklü məsələ kimi narahatlıq doğururdu.  Ölkədə yaranan siyasi, iqtisadi böhran,  hakimiyyətsizlik insanları təşvişə salırdı.  Bütün xalq Azərbaycanı siyasi təlatümlərdən xilas edəcək  möcüzəni gözləyirdi. Bu möcüzənin canlı timsalı  o dövrdə  Kremlin oyunlarının şahidi və qurbanı  olan Ümummilli Lider Heydər Əliyev idi.

SSRİ-nin ilk və sonuncu prezidenti, erməni havadarı  Mixail Qorbaçovun siyasi  qısqanclığını hər addmda hiss edən  SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyev ağlı, zəkası, dövlətçilik təcrübəsi ilə  Kreml mənsublarından fərqləndiyi üçün daim özünə qarşı  ədalətsizliyi hiss edirdi.  21 oktyabr 1987-ci ildə Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən  azad edilməsi barədəki qərarı özünə qarşı  ədalətsizlik adlandıran Ulu Öndər «Vaşinqton post» qəzetinin Moskva müxbiri Devid Remnikin  sualına belə cavab verib : « Əsl səbəb təkcə səhhətimlə bağlı deyildi. Hərçənd  əlbəttə, mən həqiqətən xəstələnmişdim. Səbəblər odur ki, işlədiyim son dövrdə Qorbaçov tərəfindən  özümə qarşı  qeyri-səmimi münasibət hiss edirdim. Bu, çox şeydə  özünü büruzə verirdi. Mən vicdanla işləyirdim, işimdə heç bir qüsur görmürdüm. Qorbaçov isə subyektiv  hisslərinin əsiri oldu, vəssəlam.»
Moskvada  yüksək vəzifədə işlədiyi müddətdə belə xalqının taleyi üçün narahat olan,  Azərbaycanın inkişafı üçün yaranan fürsətlərdən bacarıqla istifadə edən,  20 Yanvar 1990-cı ildə sovet tanklarının Bakıya girməsinin və şəhərdə qan  tökülməsinin səhəri  Azərbaycanın Moskvadakı  daimi nümayəndəliyinə gələrək faciələrlə üzləşən xalqını səbrli olmağa çağıran Ulu Öndər  törədilən qırğını  respublikanın suverenliyinə təcavüz adlandırdı. Baş verənləri hüquqa, demokratiyaya, yabançı humanizmə və  SSRİ-də  elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə tamamilə zidd hərəkət  kimi dəyərləndirdi.    «O vaxt çox nüfuzlu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun- sovet diplomat kadrları  yetişdirən mərkəzin müəllimi olan oğlu İlham da  atasının yanında idi. Bu , görünməmiş bir cəsarət idi və  İlham bu addımı atdı. O, özünün vətəndaşlıq borcunu yerinə yetirdi və hər şeyi- işini, cəmiyyətdəki mövqeyini,  sosial statusunu itirdi.» ( «Heydər Əliyev. Tale yollar» kitabından.)  Beləki,  ağlı, zəkası, yüksək intellekti ilə  Qorbaçovdan qat-qat yüksəkdə duran Ulu Öndərə  Kreml başçısının qısqanclığı  Heydər Əliyevin ailəsindən də yan keçmədi. «Heydər Əliyev təkbaşına, özü də Sovet İttifaqının mərkəzində öz haqq səsini ucaltmış, xalqla həmrəyliyini göstərmiş və bu faciəni bütün dünyaya çatdırmışdır» söyləyən Prezident İlham Əliyev o ağır günlərdə  həmyerlilərinin yanında olduğunu bildirən  Ulu Öndərin  xalqına sonsuz məhəbbətindən qürurula bəhs edir.

Xalqını sevən Heydər Əliyevin bu hərəkəti böyük sensasiyaya çevrildi, nitqi videokameralara çəkildi,  sürətlə yayıldı. Kremldə də başa düşürdülər ki, nümayəndəlikdəki   bu tarixi çıxış böyük şəxsiyyətin siyasətə qayıdışının başlanğıcı ola bilər.  Buna görə də  Ulu Öndər   Moskvanı tərk  etmək imkanından məhrum edildi.
Mülrik siyasətçi Heydər Əliyevin  20 Yanvar  faciədən bir gün əvvəl Qorbaçovun  təsadüfən ona zəng etməsi ilə bağlı  ifadəsindən bəzi məqamlar: « 1987-ci ildən sonra ilk dəfə olaraq Qorbaçov mənə zəng etdi. Bizim çox kəskin danışığımız oldu… Qorbaçov dedi ki,  Azərbaycanda vəziyyət qarışıqdır və bu qarışıqlıqda  sən günahkarsan. Orada sovet hakimiyyətinin yıxılmasında guya mən günahkaram, buna görə də  bu hərəkatın qarşısının alınması üçün məhz mən təcili tədbir görməliyəm. O, məni hədələdi ki,  əgər mən bunu etməsəm, onlar bilirlər mənimlə nə edəcəklər, onlar onsuz da Azərbaycanda qayda-qanun yaradacaqlar, lakin günahkar mən olacağam. Mən ona çox kəskin cavablar verdim və bildirdim ki,  bunlar hamısı iftiradır.»

Bu sözlər də  göstərir ki, özünün, ailə üzvlərinin həyatı bahasına olsa  belə  yenə də  xalqının taleyini düşünən Ulu Öndər qətiyyətinin ,  xalqına sonsuz məhəbbətinin qarşısını heç bir qüvvə ala bilmədi.

Ulu Öndərin Kremldən uzaqlaşdırılması ilə Dağlıq Qarabağ münaqişəsi başlandı.   Məcburi   «istefasından» sonra baş verənləri   Heydər Əliyev belə izah edir : « Siyasi Bürodan istefa verdikdən 15 gün sonra Qarabağ məsələsi ortaya çıxdı. Qorbaçovun ən yaxın adamı, iqtisadiyyat üzrə müşaviri, milliyyətcə erməni olan  professor Aqanbekyan Parisdə keçirdiyi bir mətbuat konfransında «Dağlıq Qarabağ Ermənistana verilməlidir» demiş, bu məsələ ilə əlaqədar Qorbaçovu da qızışdırmışdı. Deməli bu plan hələ əvvəlcədən  hazırlanmış, lakin tətbiq olunmasında mən ciddi maneə imişəm.»

Ümummilli Lider Heydər Əliyevin Moskvanı tərk etməməsi,  doğma Vətəni Azərbaycana qayıtmaması üçün  təzyiqlər davam etdirilsə də  doğma yurda  məhəbbəti bütün təzyiqlərə  qalib gəldi.  Təqiblərə  baxmayan fərdi pensiyaçı Heydər Əliyev doğma Vətəninə qayıda bildi.

20 iyul 1990-cı ildə   canından artıq sevdiyi Vətəninə dönən Ulu Öndər «sürprizlərlə» qarşılaşdı. Kremlin hər bir əmrinə itaət etməklə milli- mənəvi  dəyərlərini itirən  Azərbaycanın o dövrdəki kommunist ideologiyasının quluna çevrilmiş  rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin  dönüşündən təlaşlandı.   Bütün Azərbaycan xalqının sevib, hörmət etdiyi bu müdrik  dahini   qorxutmaq,  Azərbaycandan çıxarmaq üçün onun əlaqə saxladığı  dövlət adamlarına qarşı  təxribatlar hazırlandı. Respublikada isə  siyasi vəziyyət dözülməz, adamlar təşviş içərisində idi. Erməni silahlı qüvvələrinin torpaqlarımıza təcavüz etdiyi bir zamanda  ölkə üçün real təhlükə olan  «kreslo davası» nəticəsində yaranan  qarşıdurma  vətəndaş müharibəsi həddinə çatmışdı. Səbatsız,  dövləti idarət etmə təcrübəsi olmayan «rəhbərlərin» düşünülməmiş ,  ələbaxım siyasəti nəticəsində torpaqlarımız ermənilər tərəfindən işğal olunur,  ölkə əhalisi  iqtisadi böhrandan əziyyət çəkir,    xaos içərisində  qalan insanların sabaha ümidi tükənirdi.  Ən əsası isə Azərbaycanın varlığı  sual altında idi. Belə bir qarışıq, gərgin zamanda  hamını bir sual düşündürürdü: Hər an gözlənilən faciələrin qarşısını  almaq olarmı? Məhz o zaman insanlar  çıxış yolunu müəyyənləşdirdilər : Olar. Əgər hakimiyyət xalqa dəyər verən, Vətənini canından artıq sevən müdrik rəhbərin əlində olsaydı bu cür xaos yaranmazdı. O zəka sahibi isə el ağsaqqalı  Heydər Əliyev idi.  Xalqın bu seçimini özlərinin məhvi kimi dəyərləndirən  «kommunist üsul-idarəsinin» başbilənləri Ulu Öndəri Azərbaycandan uzaqlaşdırmaq üçün hər cür çirkin əməllərə əl atdılar.  Fenomen, zəkaya, düşüncəyə  sahib  Heydər Əliyevə atılan iftiralar nəticəsiz qaldı. Beləcə iki gün Bakıda qalan, paytaxtda sabitliyin pozulmasını istəməyən müdrik insan 22 iyulda doğulub boya- başa çatdığı  Naxçıvana  uz tutdu.  22 iyulda  ata-baba yurdunda    80 mindən artıq sakinin toplaşdığı meydanda  həmyerliləri ilə  görüşən Ulu Öndərin xilaskarlıq missiyasını əks etdirən nitqi tarixi  dönüşün zəfər çağırışı idi.  Həmyerliləri ilə görüşündə « Doğma vətən torpağına heç də  yenidən hakimiyyətə  qalxmaq üçün yox, ancaq və ancaq respublikanın bu ağır və çətin dövründə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcumu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm» söyləyən Ulu Öndər Heydər Əliyev respublikaya rəhbərliyinin birinci mərhələsində olduğu kimi  yenə də   yalnız Azərbaycanın təhlükə qarşısında qalan taleyini düşünürdü.  Məqsəd Azərbaycanın müstəqilliyini, suverenliyini, bir sözlə, varlığını qorumaqla ümidsizliyə qapılan insanların ürəyində sabaha inam hissini  gücləndirmək,  müstəqilliyin əbədiliyinə nail olmaq, insanlarda milli təfəkkür və  şüurun möhkəmlənməsini təmin etmək idi.
Zəngin dövlətçilik təcrübəsinə malik  qüdrətli şəxsiyyətin, ömrünü Vətəninə, xalqına həsr edən əvəzedilməz liderin doğulub boya-başa çatdığı diyara gəlişi əhali üçün əsl bayrama çevrilmişdir. Sonralar Ümummilli Liderimiz bu barədə demişdir: «1990-cı ilin yayı idi. Mən buraya gələrkən Naxçıvanı çox çətin bir vəziyyətdə gördüm. Amma eyni zamanda özümü çox rahat hiss etdim. Moskvada məni təqib edirdilər. Hətta yanvar hadisələrindən sonra hərəkətlərimə görə mənə qarşı repressiya planları hazırlanmışdı və onları həyata keçirmək istəyirdilər. Bakıya gələndə xalq tərəfindən mənim gəlişim böyük ruh yüksəkliyi ilə qəbul olundu, lakin hakimiyyətdə olan ayrı-ayrı şəxslər tərəfindən Bakıda yaşamağıma imkan verilmədisə də, mən Naxçıvana gələndə Naxçıvan ayağa qalxdı, Naxçıvan məni qucaqladı, bağrına basdı. Son illər çəkdiyim bütün əzab-əziyyəti unutdum. Görünür, mənim Naxçıvana gəlişim taleyin işi imiş”.»

Doğma yurdunda  el ağsaqqalı, sonra deputat, nəhayət  Naxçıvan MR Ali Məclisinin Sədri  kimi həlli çətin  problemlərin əsl mahiyyətini müdrikcəsinə dərk edib,  vəziyyətdən çıxış  üçün alternativ yollar axtaran Ulu Öndərin  həyata keçirdiyi islahatların hər biri özlüyündə  Azərbaycanın gələcək inkişafı üçün təməl, müstəqilliyimizin əbədiyyət  yolu  idi.

Havadarlarının dəstəyi ilə Azərbaycan torpaqların işğal edən Ermənistanın silahlı birləşmələri Naxçıvana da hucumlar edirdilər. Amma unudurdular ki, onların qarşısında  ən müasir silahlardan belə  belə güclü   Heydər Əliyev qətiyyəti  sipərdir.

1990-cı ilin 17 noyabrında Naxçıvan parlamentinin yeni tərkibdə keçirilən ilk sessiyası görkəmli dövlət xadimi, el ağsaqqalının sədrliyi ilə öz işinə başladı. Həmin sessiyada «Naxçıvan MSSR-in adının dəyişdirilməsi»”,  «Naxçıvan Muxtar Respublikasının dövlət rəmz­ləri»”, «1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi» ilə bağlı  tarixi qərarlar qəbul edildi.  Naxçıvan MSSR adından «Sovet Sosialist”» sözləri çıxarıldı.   Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı Azərbaycanda ilə dəfə Naxçıvanda qaldırıldı. Həmin dövrdə bu cür qətiyyətli addımları, ancaq Ulu Öndər ata bilərdi.   Naxçıvan MR Ali Məclisinin 1991-ci il sentyabrın 3-də keçirilən fövqəladə sessiyasında deputatların və iclas keçirilən binanın qarşısına toplaşan minlərlə insanın təkidi ilə xalqımızın sevimlisi  Heydər Əliyev Ali Məclisin Sədri seçildi. Bununla da Azərbaycanın dövlətçilik tarixində  Ulu Öndərin  xilaskarlıq missiyası başlandı. Sessiyadakı ilk çıxışında dahi şəxsiyyət öz taleyini xalqa tapşırdığını bildirərək demişdir: «Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim. …Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə düşən vəzifənin ifasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”.»

Ali Məclisin Sədri Heydər Əliyev  blokada şəraitində yaşayan Naxçıvanın, ilk növbədə, müdafiə qabiliyyətini gücləndirməyə başladı. 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi «Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsi»nin yaradılması haqqında” Qərar qəbul etdi. Bu qərar Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində atılan ilk addım idi. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların muxtar respublikada saxlanması təmin olunmaqla  SSRİ hərbçiləri  muxtar respublikadan çıxarıldı. İlk  Sərhəd Dəstəsi  yaradıldı,  Naxçıvanın müdafiə potensialı gücləndirildi və beləliklə, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası bu qədim diyarda qoyuldu. Dahi şəxsiyyət o dövrdə, həm də  Azərbaycan xalqının milli həmrəyliyinin ideoloji əsaslarını yaradaraq dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səslədi. 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən «31 Dekabr – Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında» qərarın qəbulu ilə azərbaycançılıq ideyasının, milli təfəkkürün təməli qoyuldu.  20 Yanvar faciəsinə, Xocalı soyqırımına siyasi qiymət verilməsi tələbi də ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən gündəmə gətirildi.

Təcavüzkar Ermənistanın blokadaya saldığı, mərkəzi hakimiyyətin   ögey münasibət göstərdiyi  muxtar respublikada  qonşu ölkələrlə iqtisadi əlaqələrin qurulması sahəsində də mühüm addımlar atılmalı, blokadanın vurduğu ciddi zərbələrin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilməli idi. Bu məsələni xüsusilə diqqətdə saxlayan Ulu Öndər 1992-ci ildə İran İslam Respublikasına və Türkiyə Cümhuriyyətinə səfərlər etdi, bu zaman keçirilən görüşlərdə iqtisadi sahədə əməkdaş­lığa dair protokollar imzalandı. Həmin protokollara əsasən hər iki dövlətlə iqtisadi, mədəni, təhsil və digər sahələrdə qarşılıqlı münasibətlər quruldu, Araz çayı üzərində «Ümid” körpüsü» tikilib istifadəyə verildi, gömrük-keçid məntəqələri fəaliyyətə başladı.   «Müstəqilliyə gedən yol Heydər Əliyevin rəhbərliyi ilə məhz Naxçıvanda başlamışdır… Məhz Naxçıvanda Ulu Öndərin rəhbərliyi ilə aparılan siyasət nəticəsində Naxçıvanın ərazi bütövlüyü təmin edilmişdir… Azərbaycanın müasir siyasi sistemi məhz Naxçıvanda yaradılmışdır» söyləyən Prezident İlham Əliyev
strateji əhəmiyyətə malik  muxtar respublikanın  erməni təcavüzündən müdafiəsində xidmətləri olan Ulu Öndərin fədakarlığını  qeyd edir: «Naxçıvanın uğurlu inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər sovet dövründə də daim Naxçıvana böyük diqqət göstərmişdir və o vaxt respublikanın inkişafı üçün çox böyük işlər görülmüşdür. 1990-cı illərin əvvəllərində – Naxçıvan üçün ən ağır illərdə Ulu Öndər naxçıvanlılarla birlikdə burada çox ağır şəraitdə Naxçıvanı böyük bəlalardan qurtara bilmişdir. Biz hamımız o illəri yaxşı xatırlayırıq, bilirik ki, bizim mənfur düşmənlərimizin niyyəti, eyni zamanda, Naxçıvanı da işğal etməkdən ibarət idi. Naxçıvana qarşı onlar silahlı hücumlar təşkil edirdilər. Ancaq naxçıvanlılar Ulu Öndərin ətrafında sıx birləşərək düşmənə layiqli cavab verib onları yerinə oturtmuşlar”.»

«Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında», «Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi» haqqında” qərarların qəbulu ilə bazar iqtisadiyyatına keçid başlandı. Torpaq islahatına da ilk dəfə muxtar respublikada start verildi.

Görkəmli dövlət xadiminin muxtar respublikanın xilası, müstəqil dövlətçilik naminə gördüyü işlər o zamankı Azərbaycan iqtidarı tərəfindən qısqanclıqla qarşılanırdı. Ölkə miqyasında yaranan xaos, qarşıdurmalar Azərbaycanın varlığı üçün ciddi təhlükələr yaradırdı. Vəziyyətin dözülməzliyini görən  bir qrup ziyalı Ulu Öndərə  xalqın ürəyindən keçən istəklərin yer aldığı müraciət qəbul etdilər.  Milyonların  nicatının, ümidinin ifadəsi olan müraciətə Ulu Öndərin cavab  məktubunda qeyd olunan  «Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”» sözləri insanların qəlbinə işıq saldı. Beləliklə, Azərbaycanın müxtəlif bölgələrindən Naxçıvana gələn 550-dən artıq nümayəndənin iştirakı ilə 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Blokada şəraitində yaşayan Naxçıvanda təməli qoyulan bu partiya qısa müddətdə öz sıralarında milli ruhlu insanları birləşdirərək azərbaycançılıq ideyalarına mənsub kütləvi siyasi təşkilata çevrildi.

1993-cü ildə Azərbaycan xaosa sürükləndiyi, parçalanma, yox olma təhlükəsi ilə üz-üzə qaldığı bir dövrdə xalqımız milli dövlətçiliyi qorumaq və vətəndaş müharibəsinin ağır fəsadlarından qurtulmaq üçün Ümummilli Lideri Naxçıvandan Bakıya dəvət etdi. Bu  QAYIDIŞ xalqımızın çox­əsrlik tarixinə möhtəşəm hadisə kimi yazıldı. 15 iyun 1993-cü il Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi həkk edildi. Ümummilli Lider qısa müddətdə ölkədə baş qaldırmış vətəndaş qarşıdurmasının, xaos və anarxiyanın qarşısını aldı, qanunun aliliyi təmin olunaraq demokratik prinsiplərə əsaslanan Konstitusiyamız qəbul edildi, müasir idarəçilik sistemi yaradıldı, vətəndaş həmrəyliyi bərpa olundu, mühüm iqtisadi layihələr reallaşdırıldı, ölkənin beynəlxalq aləmdə nüfuzu möhkəmləndi, bütün sahələrdə böyük uğurlar qazanıldı. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi nəhəng neft-qaz layihələrinin əfsanədən reallığa çevrilməsi müstəqil Azərbaycanın gələcəyi,  xalqımızın xoşbəxtliyi uğrunda həyata keçirilmiş tədbirlər kimi tarixə yazıldı. Ölkəmizin beynəlxalq aləmdə nüfuzu möhkəmləndi, bütün sahələrdə böyük uğurlar qazanıldı. Ötən illər bir daha təsdiq etdi ki, Azərbaycanın nicatı və tərəqqisi məhz Ulu Öndər Heydər Əliyev ideyaları ilə bağlıdır.  Möhtəşəm  ideyaların təntənəsi  Prezident İlham Əliyevin bu irsə sadiqliyidir.

Xuraman İsmayılqızı, «İki sahil»

Daha çox xəbərlər