Son qərarı kim verəcək: Paşinyan, yoxsa havadarları?
Paşinyan işarə gözləyir
Ermənistanın “Hraparak” saytı baş nazir Nikol Paşinyanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransında (COP29) iştirak edib-etməyəcəyi məsələsinə toxunub. Bildirib ki, Paşinyan məzuniyyətdən sonra, daha doğrusu, avqust ayında mətbuat konfransı keçirməyə hazırlaşır və o, ölkəsinin noyabrın 11-22-də COP29 sessiyasında iştirak etməklə bağlı dəvət məsələsinə aydınlıq gətirəcək.
Göründüyü kimi, bu məsələdə Ermənistan gözləmə mövqeyi tutur, daha doğrusu, havadarlarının konkret cavabını gözləyir. Yəni, onlar Paşinyana COP29-da “iştirak et” desələr, onda o öz nümayəndəsini Bakıya göndərəcək. İştiraka qadağa qoysalar, təbii ki, Ermənistanın nümayəndəsi Bakıya gəlməyəcək. Bu mənada demək olar ki, Paşinyan işarə gözləyir.
Yeri gəlmişkən qeyd edək ki, gürcü politoloq Gela Vasadze Azərbaycanın noyabrda Bakıda keçiriləcək COP29-a Ermənistana göndərdiyi dəvəti şərh edərkən deyib ki, Paşinyanın avqustda mətbuat konfransı keçirəcəyi və COP29 üçün Bakıya gedib-getməməsi məsələsinə toxunacağı barədə məlumat sirkə hazırlıqdır: “Sülh prosesi qaydasında getsə, Paşinyan Bakıya gələcək, əks halda yox. Amma Paşinyanın gəlib-gəlməməsinin heç bir əhəmiyyəti yoxdur, mən bunda faciə görmürəm”.
“Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində “Mülki müqavilə” partiyasının üzvü Andranik Koçaryan Azərbaycanın dəvətini “normal” adlandırıb, lakin “şərti”ni də bildirib və deyib ki, Ermənistan nümayəndəsinin iştirak etməsi üçün Bakı öz ritorikasını dəyişməlidir. Halbuki, Bakının heç bir ritorikası yoxdur, o, sadəcə, beynəlxalq qanunlar çərçivəsində Cənubi Qafqazda sülh naminə inamlı addımlar atır və Ermənistanı da buna dəvət edir. Məsələn, Ermənistan konstitusiyasında müstəqillik barədə müddəa var və orada Azərbaycanın ərazi bütövlüyünə qarşı təhlükə var. Konstitusiyada belə bir maddənin olması sülh sazişini mümkünsüz edir. Çünki konstitusiya hər hansı bir beynəlxalq müqavilədən üstün sənəddir. Məgər bu, ritorikadır? Amma təcavüzkar ölkə hələ də öz ampluasındadır. Bu mənada rəsmi İrəvanın öz ritorikasına dəyişməyə daha çox ehtiyac var. Yeri gəlmişkən, bu açıqlamadan həmçinin görünür ki, haylar bu məsələni birbaşa olaraq Ermənistan–Azərbaycan münasibətlərinin nizamlanması prosesi ilə əlaqələndirərək, siyasiləşdirməyə, daha doğrusu, şou düzəltməyə çalışırlar.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına 70-80 min xarici qonağın Bakıya gələcəyi gözlənilir. Onların arasında ölkə rəhbərləri də olacaq, siyasi xadimlər də, həmçinin bu və ya digər sahələrdə çalışanlar da… COP29 iştirakçı sayına və miqyasına Azərbaycanın indiyədək ev sahibliyi etdiyi ən böyük tədbir olacaq. Guya Azərbaycanın evsahibliyi edəcəyi mötəbər tədbir Ermənistan təmsilçisinin iştirakı olmadan baş tutmayacaq? Təbii ki, baş tutacaq, özü də daha möhtəşəm. Bu mənada Ermənistanın nümayəndəsinin bu tədbirə qatılıb-qatlmamasının heç bir əhəmiyyəti yoxdur.
Amma İrəvanın Azərbaycanın ev sahibliyi edəcəyi tədbirdən imtina edəcəyi halda bir daha təsdiq olunacaq ki, Ermənistan həqiqətən də sülhdə, əməkdaşlıqda maraqlı deyil və Cənubi Qafqazda başda Fransa olmaqla kənar geosiyasi oyunçuların sifarişlərini yerinə yetirməkdə, bununla da bölgəni yenidən müharibəyə sürükləməkdə israrlıdır. Son günlər Ermənistan Azərbaycanla şərti sərhəddə təxribatların genişləndirməsi də elə bundan xəbər verir. Halbuki, belə bir dönəmdə Qərbin çağırışlarına və ya maliyyə yardımlarına ümid bəsləməyin mənası yoxdur.
Qvami Məhəbbətoğlu, “İki sahil”