Gündəm 

Ulu öndər Heydər Əliyev dilimizin türk dilləri ailəsində müstəqil mövqeyini xüsusi vurğulayırdı

Ümummilli Lider öz doğma dilinə hər zaman daha böyük önəm verirdi

Ulu öndər Heydər Əliyevin imzaladığı 9 avqust 2001-ci il tarixli 552 nömrəli fərmanla hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Doğma dilimizin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanızda Azərbaycan dilinin dövlət dili kimi təsbiti, onun rəsmi dövlət dili statusuna yüksəlməsi milli dövlətçilik tariximizin ən mühüm hadisələrindən biridir. Bütün bu sənədlər və bu istiqamətdə görülən işlər Ana dilimizin inkişafına ölkə başçısı tərəfindən göstərilən böyük qayğı və diqqətin təzahürüdür.

Mükəmməl şəkildə bir neçə dil bilən Ulu öndər hər zaman öz doğma dilinə daha böyük önəm verirdi. Sağlığında Ulu öndər bu haqda fikirlərini belə əsaslandırdı: «Mən hər bir dilə öz hörmət və ehtiramımı bildirirəm. Amma hesab edirəm ki, öz dilimizlə. Azərbaycan dili ilə hər birimiz fəxr edə bilərik. Çünki bu, zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın adı da tanınıb, respublikamızın adı da tanınıb, dilimizin adı da tanınıb. Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz. Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilirik».

Sovetlər dönəmində də Azərbaycan dilinin qorunub saxlanılması istiqamətində Ümummilli Liderin olduqca mühüm fəaliyyəti olmuşdur. Dövlət Müstəqilliyi əldə ediləndən sonra Ulu Öndər çıxışlarının birində bunu açıq şəkildə qeyd edərək bildirmişdir ki, «Bu gün iftixar hissi ilə deyə bilərik ki, Sovet hakimiyyəti illərində biz Azərbaycan dilini qoruduq, saxladıq və inkişaf etdirdik. Azərbaycan dili indi çox yüksək səviyyədə, yəni onun qrammatik quruluşu, başqa sahələri yüksək səviyyədə olan bir dildir».

Öz doğma Ana dilinə olan sevgisini xüsusi vurğulayan Ulu Öndər deyirdi ki, «Bizim Azərbaycan dili şeir dilidir. Mən demişəm və bu gün də deyirəm. Bizim gənclərə deyirəm ki, rus dilini yaxşı bilin, ingilis, fars, ərəb, fransız dillərini də yaxşı bilin. Amma bunların hamısından yaxşı öz Azərbaycan dilimizi öyrənin. Əgər bunu bilməsən, sən tam azərbaycanlı olmursan».

Heydər Əliyev Azərbaycan dilinin böyüklüyünü belə ifadə edirdi: «Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik».

Ümummillli Lider də öz çıxışlarında Azərbaycan dilinin saflığının qorunması üçün çağırışlar edir, dilimizin türk dilləri ailəsində xüsusi müstəqil mövqeyini vurğulayırdı.

Azərbaycan dilinin qorunması, daha da inkişaf etdirilməsi istiqamətində böyük addımlar atan Ümummilli Liderin siyasi xəttini Prezident İlham Əliyev bu gün inamla davam etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli 56 nömrəli, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 9 aprel 2013-cü il tarixli 2837 nömrəli sərəncamlarına əsasən, latın qrafikalı yeni Azərbaycan əlifbası ilə dərsliklərin, elmi əsərlərin, lüğətlər və bədii ədəbiyyat nümunələrinin çap olunaraq istifadəyə verilməsinin, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinin, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasının təmin edilməsi milli ədəbi dilin daha da zənginləşməsi ilə yanaşı, dilçiliyin əsaslı inkişafı baxımından da əhəmiyyətli olub.

Yeni dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. 2018-ci il noyabrın 1-də ölkə başçısının imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir.

Şeyda Əzizqızı

«Aran Media» GROUP-un rəhbəri

 

 

 

Daha çox xəbərlər