Təhsil 

Tələbənin geyimi vacibdir, yoxsa savadı?

Hər il yeni tədris ilində tələbə və müəllim heyəti arasında təhsil müəssisələrində geyim qaydaları ilə bağlı məsələlər gündəmə gəlir.

Ötən gün Tibb Universitetinin müəllimlərindən biri sosial şəbəkələrdə qınaq obyektinə çevrilib.

Buna səbəb onun öz şəxsi “Instagram” hesabında xanım tələbələrdən birinin geyimi ilə bağlı etdiyi paylaşım olub.

Həmin paylaşımdan sonra vətəndaşların fikirləri iki yerə ayrılıb. Bir qisim təhsilin geyimlə ölçülməməli olduğunu və müəllimlərin tələbələrə biliyinə görə qiymət verməli olduğunu iddia edərkən, digər qisim isə hər bir tələbənin təhsil ocağında mütləq şəkildə geyiminə fikir verməli olduğunu qeyd edib.

Oxu.Az məsələ ilə bağlı Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanovaya müraciət edib.

G. Aslanova bildirib ki, məsələ ilə əlaqədar ATU-nun Epidemiologiya kafedrasının assistenti Nazxanım Qasımova universitetin müvafiq şöbəsinə dəvət olunub və onunla bu haqda söhbət aparılıb. Müəllimin bu məsələyə reaksiyasını ifadə etmə formasının yanlış olduğu onun nəzərinə çatdırılıb.

Bununla yanaşı, qeyd etməliyik ki, hər bir təhsil müəssisəsində olduğu kimi, ATU-nun da daxili nizam-intizam qaydaları var. Tələbələrin geyim tərzi ilə bağlı mövcud tələblərə hər kəs birmənalı olaraq riayət etməlidir. Bu tələblər mütəmadi olaraq tələbələrin diqqətinə çatdırılır.

Eyni zamanda, Günel Aslanova vurğulayıb ki, bundan sonra da daxili nizam-intizam qaydalarına hər kəsin riayət etməsinə rəhbərlik tərəfindən nəzarət ediləcək.

Daha çox xəbərlər