Müəllimlər üçün uniforma? – İctimaiyyətdəki yanlış anlaşılmaya CAVAB
Təhsilverənlər üçün geyim qaydalarının hüquqi əsaslarla tənzimlənməsi məsələsi yenidən gündəmə gəlib. Milli Məclisin Elm və təhsil komitəsinin iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklərdə bu məsələ də öz əksini tapıb.
Layihəyə əsasən, dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar üçün artıq müəyyən edilmiş geyim tələblərinə riayət olunmasının hüquqi müstəvidə təsbit edilməsi nəzərdə tutulur. Bununla yanaşı, təhsilverənlər üçün də geyimlə bağlı hüquqi əsasın yaradılması dövlət məktəblərində peşəkar iş mühitinin, etik davranış normalarının və təşkilati mədəniyyətin daha da gücləndirilməsinə xidmət edən addım kimi qiymətləndirilir.
Məsələ son günlər ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə və təhsil ictimaiyyəti arasında belə bir fikir formalaşıb ki, dəyişiklik qəbul edilərsə, müəllimlər də şagirdlər kimi vahid geyim formasında fəaliyyət göstərəcəklər. Bu ehtimalla bağlı müxtəlif mövqelər səsləndirilir, tərəfdar və əleyhdar fikirlər arasında polemikalar davam edir. Bəs təklif olunan dəyişiklik əslində nəyi nəzərdə tutur və müəllimlər üçün vahid geyim tətbiqi gündəmdədirmi?

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov məsələnin əsl mahiyyəti ilə bağlı Musavat.com-a danışıb: “Son günlər yerli mediada, xəbər portallarında və sosial şəbəkələrdə “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa təklif edilən yeni dəyişikliklər ətrafında geniş və bəzi hallarda yanlış istiqamətləndirilmiş müzakirələr aparılmaqdadır. İctimaiyyətdə, eləcə də pedaqoji camiənin bir hissəsində dövlət ümumi təhsil müəssisələrində çalışan bütün müəllimlər üçün şagirdlərdə olduğu kimi mütləq, məcburi və eyni dizaynda vahid geyim formasının (uniformanın) tətbiq ediləcəyi ilə bağlı yanlış təəssürat formalaşıb. Hüquqi və pedaqoji etika baxımından bu cür yanaşma kökündən yanlışdır və qanun layihəsinin real mahiyyətini əks etdirmir.
İlk öncə dəyişikliyin hüquqi təhlili baxımından prosesə obyektiv yanaşsaq, məsələnin mahiyyətini və doğru mənzərəni təsvir etmiş olarıq. Belə ki, Milli Məclisin Elm və təhsil komitəsində müzakirəyə çıxarılan qanun layihəsinin mətninə diqqət yetirdikdə müəyyən məqamlar aydın olur. Qanunun 12.13-cü maddəsinə əlavə olunan yeni müddəada söhbət heç bir halda “vahid geyim forması”ndan deyil, geyim ilə bağlı tələblərdən gedir. Qeyd olunan müddəada aydın şəkildə “geyim ilə bağlı tələblər” (dress-code) ifadəsi işlədilmişdir. İstər hüquqi dildə, istərsə də bədii ifadədə bu iki anlayış arasında kəskin fərq vardır. Vahid geyim forması (uniforma) şagirdlərdə olduğu kimi rəngi, parçası, biçimi, düyməsi və dizaynı dövlət tərəfindən vahid bir standart olaraq müəyyən edilən və hamının eyni cür geyinməli olduğu libasdır.
Geyim ilə bağlı tələblər (dress-code) ifadəsinin mahiyyəti isə müəllimə fərdi seçim azadlığı tanıyan, lakin bu azadlığın sərhədlərini rəsmi-işgüzar üslub çərçivəsində tənzimləyən normalar məcmusunu özündə əks etdirir. Yəni, müəllim mağazadan öz büdcəsinə, zövqünə və bədən ölçülərinə uyğun istədiyi rəngdə və dizaynda (etik normalar daxilində) kostyum, ətək, şalvar və ya köynək seçməkdə tamamilə azaddır. Qanunvericilik müəllimi eyniləşdirmir, sadəcə onun peşəkar görünüşünü sığortalayır. Həmçinin bu tələblər “nə geyinmək” deyil, “nə geyinməmək” prinsipinə pedaqoji etika baxımından tənzimləmə gətirmiş olur.
Təhsil müəssisəsi hər hansı bir əyləncə mərkəzi və ya qeyri-rəsmi məkan deyil. Məktəb dövlətin ideoloji, mədəni və elmi siyasətinin formalaşdığı strateji bir məkan, həm də tərbiyə ocağıdır. Müəllim təkcə dərslikdəki materialı ötürən funksional bir şəxs deyil, o, şagird üçün həm də davranış mühiti, nitq mədəniyyəti və vizual görünüş baxımından bir etalon və nümunədir”.
Fəlsəfə doktoru qeyd edib ki, sosial şəbəkələrdə verilən ən bəsit və haqlı misallardan biri budur: “Müəllimin dərsə şortla, çimərlik üslublu köynəklə və ya idman forması ilə (idman müəllimləri istisnadır) gəlməsi nə pedaqoji etikaya, nə də korporativ mədəniyyətə sığır. Təklif olunan qanun dəyişikliyi müəllimin azadlığını əlindən almır, əksinə, məktəb mühitinin ciddiyyətinə yaraşmayan qeyri-rəsmi və ya aşırı sərbəst geyim tərzlərinin qarşısını alır. Burada əsas məqsəd klassik rəsmi-işgüzar üslubun qorunmasından ibarətdir.
Bu məqamda dünyanın inkişaf etmiş təhsil sistemlərinə nəzər salsaq, Azərbaycan parlamentində müzakirə olunan modelin tamamilə qabaqcıl qlobal praktikaya inteqrasiya olunduğunu görərik. Heç bir mütərəqqi ölkədə müəllimə hərbi forma kimi vahid geyim geyindirilmir, lakin hamısında sərt işçi heyətinin geyim qaydaları mövcuddur. Avropa təcrübəsi baxımından da məsələyə diqqət yetirmək yerinə düşər. Böyük Britaniya, Fransa, Almaniya kimi ölkələrdə dövlət tərəfindən inzibati qaydada tətbiq edilən vahid bir forma yoxdur. Bu ölkələrdə qaydalar hər bir məktəbin daxili nizamnaməsi ilə tənzimlənir və müəllimlərdən səliqəli, işgüzar üslub tələb olunur. Böyük loqolu geyimlər, dərin dekoltelər, çox qısa ətəklər, idman şalvarları və bədəni ifrat dərəcədə açıq qoyan libaslar qeyd etdiyim ölkələrdə tamamilə qadağandır. Hətta bir çox Avropa məktəblərində müəllimlərin görünən tatuajlarını və bədən pirsinqlərini örtməsi rəsmən tələb olunur.
Qonşu Türkiyədə də dövlət məktəblərində çalışan müəllimlərin geyimi xüsusi əsasnamə (Kamu Kurum ve Kuruluşlarında Çalışan Personelin Kılık ve Kıyafetine Dair Yönetmelik) ilə hüquqi olaraq tənzimlənir. Orada da vahid bir uniforma yoxdur; kişi müəllimlərdən ütülü şalvar, rəsmi köynək və səliqəli saç-saqqal, qadın müəllimlərdən isə işgüzar mühitə uyğun rəsmi geyimlər tələb olunur”.
İlqar Orucovun sözlərinə görə, dünyanın əksər transmilli şirkətlərində, banklarında, dövlət idarələrində və nazirliklərində daxili geyim qaydaları və korporativ geyim mədəniyyəti mövcuddur: “Heç kim bank menecerinin və ya dövlət məmurunun işə sərbəst geyimdə gəlməsini normal qarşılamır. Məktəb də bir dövlət təsisatıdır. Məktəbləri digər fəaliyyət sahələrinin ofislərindən fərqləndirən əsas məqam onun həm də təlim-tərbiyə ocağı statusunda olmasıdır. Orada çalışan pedaqoqların müəyyən edilmiş rəsmi çərçivədə geyinməsi təhsilin keyfiyyətinə, şagirdlərin nizam-intizamına və müəllimlik peşəsinin cəmiyyətdəki ali nüfuzuna birbaşa müsbət təsir göstərir. “Ümumi təhsil haqqında” qanuna edilən dəyişiklik təklifində müəllimlərin “eyniləşdirilməsi” və ya onların şəxsi azadlıqlarının məhdudlaşdırılması hədəflənmir. Bu dəyişiklik, təhsil müəssisələrində peşəkar iş mühitini, işgüzar görünüşü və korporativ pedaqoji mədəniyyəti hüquqi müstəvidə tənzimləmək üçün atılan mütərəqqi və sivil bir addımdır.
Məsələyə daha fundamental müstəvidə yanaşdıqda, Azərbaycan təhsil sisteminin müəllim geyimi ilə bağlı hansısa xarici qaydaları mexaniki şəkildə kopyalamasına və ya kənardan model axtarmasına əslində heç bir ehtiyac da yoxdur. Azərbaycan xalqının əsrlər boyu formalaşdırdığı zəngin geyim mədəniyyəti, özünəməxsus estetik dünyagörüşü və sarsılmaz əxlaqi-etik prinsipləri mövcuddur. Tarixən bizim cəmiyyətdə oturuşmuş, millətin genetik yaddaşına həkk olunmuş müqəddəs bir məktəb və müəllim obrazı vardır. Bu obraz hər zaman ləyaqətin, mənəvi saflığın və vizual ciddiyətin simvolu hesab edilib. Milli-mədəni identifikliyimizin əsas sütunlarından olan bu yazılmamış qanunlar və daxili senzura, müəllimin cəmiyyətdəki uca məqamını və onun xarici görünüşünün sərhədlərini onsuz da əsrlərdir təyin edir. Təklif olunan hüquqi tənzimləmə yad bir mədəniyyətin idxalı deyil, məhz xalqımızın öz daxilindən doğan, mənəviyyatımızda mövcud olan həmin ali müəllim vizionunun rəsmi müstəvidə təsbit olunması və qorunması cəhdidir. Cəmiyyətdə və xüsusən də sosial şəbəkələrdə yaranan süni ajiotaj və manipulyasiyalar sadəcə olaraq hüquqi terminlərin mahiyyətini bilməməkdən və “geyim tələbi” ifadəsini “vahid forma” kimi səhv şərh etməkdən qaynaqlanır”.

