Cəmiyyət 

İnsan sağlığında donor olmaq üçün müvafiq sənədi doldurubsa, orqan götürülməsi üçün onun qohumlarından icazə alınmır

Prezident İlham Əliyev tərəfindən 2020-ci ildə imzalanan Fərmana əsasən, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” 189-VIQ saylı Qanun qüvvəyə minib. Bu Qanunun müvafiq müddəalarında meyit donordan orqan götürülməsi təsbit edilib. Bundan əlavə, 2018-ci ildə Səhiyyə Nazirliyinin Kollegiyası tərəfindən beyin ölümü bioloji ölüm kimi təsdiqlənib.

Bunu AZƏRTAC-a müsahibəsində Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova bildirib.

Y. Abbasova qeyd edib ki, beyin ölümü təsdiq edilən xəstə süni tənəffüs aparatına qoşulur:

“Ürəyin beyindən asılı olmayan öz avtonom sinir sistemi var. Ona görə də ürək beyindən siqnal gəlmədən üç gün işləyə bilir. Süni tənəffüs aparatının ağciyərlərə vurduğu oksigen qaz mübadiləsi vasitəsilə qana keçir və ürək daxil olmaqla bütün orqanlar qanla təchiz edilir. İki, maksimum üç sutka orqanlar yararlı vəziyyətdə olur, onları ehtiyacı olan xəstələrə köçürmək mümkün olur. Reanimatoloq beyin ölümü gördükdə neyrocərrahı və nevropatoloqu reanimasiya otağına çağırır, qısamüddətli test aparılır, daha sonra iki həkim nəticəyə imza atır. Təsdiqdən sonra xəstənin yaxınlarına məlumat verilir. Bundan əlavə, reanimatoloqlar hər gün xəstənin yaxınlarına vəziyyət barədə məlumat verməlidirlər və xəstələrini göstərməlidirlər. Xəstəyə hansı müalicələrin tətbiq edildiyi bildirilməlidir. Biz mütəmadi olaraq reanimatoloqlarla söhbətlər aparırıq və bildiririk ki, onlar xəstəyə beyin ölümünün gerçəkləşməsi diaqnozunu vaxtında qoysunlar. Bütün xəstəxanalara ağır xəstə gələndə Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə xəbər verilməlidir ki, biz bu işi qura bilək. Çox yaxşı haldır ki, vətəndaşlarımızın intellektual səviyyəsi yüksəkdir. Biz humanizmin, insanlara kömək etmənin nə demək olduğunu bilirik. Hər bir insan istəyir ki, savab qazansın və həyatında kiməsə onun xəbəri olmadan kömək etsin. Əgər vəfat edən insanın böyrəkləri yararlıdırsa, o, iki insanın həyatını xilas etmiş olacaq. Əgər insan sağlığında orqan donoru olmaq istəyibsə və bununla bağlı müvafiq formanı doldurubsa, adı reyestrə düşübsə, orqan götürülməsi ilə bağlı həmin adamın qohumlarından icazə alınmır”, – deyə nazirlik rəsmisi vurğulayıb.

Müsahibənin geniş variantı ilə bu linkdə tanış ola bilərsiniz.

Daha çox xəbərlər