Cəbhədən Xəbər 

Oktyabrın 18-də Xudafərin körpüsü 27 illik həsrətdən sonra düşmən tapdağından təmizlənib

Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanılan 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu, işğalçılar torpaqlarımızdan qovuldu. Erməni tapdağından xilas edilən bütün şəhər, rayon, kənd, qəsəbə və yüksəkliklərin öz strateji əhəmiyyəti var. 2020-ci il oktyabrın 18-də isə Cəbrayıl rayonunun tarixi Xudafərin körpüsü 27 illik həsrətdən sonra düşmən tapdağından təmizləndi.

Tarixi, nadir memarlıq abidəsi olan Xudafərin körpüsü 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdi. Bu körpü qədim və orta əsrlərdə kommunikasiya vasitəsi kimi böyük rol oynayıb, mənəvi cəhətdən dövlətimiz, xalqımız, həmçinin mədəniyyətimiz üçün də önəmli abidə sayılır. Xudafərin körpüsü 27 il ərzində işğal altında qalsa da, xalqımız onun gec-tez işğaldan azad olunacağına inanırdı.

ARANTV.AZ  azərtac-a istinadən xəbər verir ki, 2020-ci il oktyabrın 4-də Cəbrayıl rayonunda, oktyabrın 18-də isə Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı ucaldılıb. Qarabağda parlaq qələbələr qazanan rəşadətli ordumuz bu dəyərli abidəni əsl sahibinə qaytarıb. Bununla bağlı Prezident İlham Əliyev tviter hesabında paylaşımında bu sözləri yazmışdı: “Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan Bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!”.

Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin işğaldan azad edilməsi respublikamızın dövlət sərhədlərinin tam bərpası üçün son dərəcə önəmli hadisədir.

İşğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonları ərazisindəki “Soltanlı”, “Xələfli”, “Xudafərin” və “Qumlaq” sərhəd zastavaları üzərində 2020-ci il oktyabrın 30-da Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılıb və bu sərhəd zastavaları xidməti-döyüş fəaliyyətinə başlayıblar.

Azərbaycan-İran dövlət sərhədinin Azərbaycan sərhədçiləri tərəfindən tam nəzarətə götürülməsinin böyük hərbi-siyasi və iqtisadi əhəmiyyət daşıması, İran İslam Respublikasının sərhəd mühafizə orqanları ilə faydalı əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişafı, hər iki ölkənin sərhədçilərinin dövlət sərhədində qarşılıqlı əlaqələri və birgə fəaliyyəti sərhəd təhlükəsizliyinin təminatı üçün mühüm əhəmiyyət kəsb edib.

İkinci Qarabağ müharibəsindən əvvəl Cəbrayıl rayonunun Kavdar və Mirək kəndləri istiqamətində düşmənin üçüncü səddi yerləşirdi. Bu sədd Araz boyunda – Cəbrayıl rayonunun Əmirvarlı kəndi istiqamətindən başlayaraq rayonun yuxarı hissəsindəki adsız yüksəkliklərə doğru davam edirdi. Həmin sədd düşmənin arxada qalan digər ehtiyat hərbi hissələrinin, silah-sursatlarının, texnikalarının daha çox cəmləşdiyi eşelon idi. Burada erməni əsgərləri daha gücləndirilmiş formada xidmət aparırdı. Üçüncü sədd irəliləyən Azərbaycan bölmələrinin qarşısının alınması üçün yaradılmışdı. Müharibənin ilk günlərində düşmənin birinci və ikinci sədləri yarılmışdı. Amma üçüncü səddə düşmən daha çox müqavimət göstərdi. Buna baxmayaraq, Ordumuzun döyüş qabiliyyəti, hazırlığı, torpaqlarımızın azadlığı uğrunda əzmi və fədakarlığı sayəsində düşmənin üçüncü səddi də keçildi. Kiçik qruplarımız düşmənin üçüncü səddindəki əsgərləri elə səngərdə məhv etdilər.

Xudafərin körpüsünə doğru irəlilədikcə, həmçinin müəyyən strateji nöqtələr də düşməndən azad olundu. Aparılan sızma əməliyyatı zamanı strateji yüksəkliklərdə düşmənlə toqquşmalar yaşandı. Lakin düşmən hərbçiləri qruplarımız tərəfindən məhv edildi. Sonra bölmələrimiz Xudafərin körpüsünə doğru irəlilədi və müəyyən istiqamətlərdə mövqeləndi. Ərazidə tam müşahidə apardıqdan və təhlükəsizliyi təmin etdikdən sonra qruplarımız daha dərinə sızmağa başladılar. Düzgün taktika nəticəsində əməliyyat uğurla yekunlaşdı. 27 ildir işğal altında qalan Xudafərin körpüsü bir gün ərzində azad edildi.

Xudafərin körpüsü ölkəmiz üçün əsrlər boyu böyük mənəvi əhəmiyyətə malik tarixi abidə olub. Bu körpü Arazın hər iki sahilində yaşayan azərbaycanlıların bir-biri ilə əlaqəsini təmin edən möhtəşəm sənət əsəridir. Həmin tarixi abidəmizin düşmənin işğalı altında qalması xalqımız üçün qəbuledilməz idi. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın da Vətən müharibəsi başa çatandan cəmi altı gün sonra məhz Cəbrayıl rayonuna səfər etməsi, Xudafərin körpüsündə Azərbaycan Bayrağının qaldırılması da bu ərazilərin ölkəmiz üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini göstərir.

Xudafərinin azad olunması Azərbaycan Ordusunu gücləndirdi, onun mənəvi-psixoloji ruh yüksəkliyini daha da artırdı. Bu ərazilər azadlığa qovuşduqdan sonra həm DSX-nin, həm də Silahlı Qüvvələrimizin digər qoşun növlərinin savaşdakı hücum templəri kifayət qədər artdı.

Döyüşlərdən sonra Prezident İlham Əliyev tərəfindən Xudafərin körpüsünün azadlığında iştirak etmiş bir sıra hərbi qulluqçumuz “Bayraq” ordeni, eləcə də “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə mükafatlandırılıb.

Daha çox xəbərlər