Yeni MSK-nın formalaşdırılmasının yubanmasının səbəbi aydın oldu
1 sentyabrda keçirilən parlament seçkilərindən sonra Mərkəzi Seçki Komissiyasının, Dairə və Məntəqə Seçki Komissiyalarının yenidən formalaşdırılmasının yubanması COP29 tədbiri və bələdiyyə seçkilərinə az müddətin qalması ilə əlaqədardır.
Bu barədə Musavat.com-un əldə etdiyi məlumatda deyilir ki, xüsusilə Dairə Seçki Komissiyaları və Məntəqə Seçki Komissiyalarının yenidən formalaşdırılması müəyyən vaxt tələb etdiyindən qanunun bu tələbinin yerinə yetirilməsinin bələdiyyə seçkilərindən sonraya saxlanması məqsəduyğun hesab edilib. Beləliklə, 29 yanvara təyin olunan bələdiyyə seçkilərini köhnə seçki komissiyaları keçirəcək. Bu, onların keçirdiyi sonuncu seçki olacaq.
Qeyd edək ki, 2024-cü il sentyabrın 1-də seçilmiş Milli Məclisdə 11 partiya təmsil olunur. Yeni Azərbaycan Partiyasının 68, Vətəndaş Həmrəyliyi Partiyasının 3, Ədalət, Hüquq, Demokratiya Partiyasının 2, Böyük Azərbaycan Partiyası, Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Ana Vətən Partiyası, Milli Cəbhə Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyasının 1 mandatı var. Partiyasız şəxslər 44 mandata sahibdir. Qanun parlamentin yenilənməsi halında Mərkəzi Seçki Komissiyasının (MSK) və aşağı seçki komissiyalarının yenidən formalaşdırılmasını tələb edir. Prezident, parlament, bələdiyyə seçkilərinin, həmçinin referendumların hazırlanmasına və keçirilməsinə məsul MSK-da 6 yeri parlamentdəki çoxluq partiyasının, 6 yeri azlıq partiyaların, 6 yeri partiyasız deputatların təqdim etdiyi nümayəndələr tutur. Üzvləri Milli Məclis seçir.
Hazırda MSK-da Yeni Azərbaycan Partiyasının nümayəndələri Məzahir Pənahov (sədr), Rövzət Qasımov (sədr müavini), Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova və Hüseyn Paşayev, azlıq partiyalarının nümayəndələri Mikayıl Rəhimov (katib), Bəxşeyiş Əsgərov, Tofiq Həsənov, Almas Qəhrəmanlı, Etibar Quliyev və İlkin Şahbazov, partiyasız deputatların nümayəndələri Arifə Muxtarova (katib), Fuad Cavadov, İlham Məmmədov, Nizami Nadirxanlı, Qabil Orucov və Nailə Əsgərovadır. Məzahir Pənahov MSK-ya 2000-ci ildən sədrlik edir.
Musavat.com-un xəbərinə görə, MSK-nın üzvlərinin bələdiyyə seçkilərindən sonra yenidən formalaşdırılacaq MSK-nın tərkibində bəzi dəyişikliklərin olacağı gözlənilir. Hazırkı üzvlərin bəziləri bu dəfə MSK üzvlüyünə təqdim edilməyəcək. Parlamentdə yeni təmsilçilik qazanan partiyalardan birinin yeni formalaşdırılacaq MSK-da təmsil olunacağı istisna deyil.