“ABŞ Ukraynanı Rusiya ilə danışıqlar masasına əyləşdirmək istəyir” – Deputat
“ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi təyin etdiyi istefada olan general-leytenant Kit Kellog, Ukrayna münaqişəsinin həlli üçün açıqladığı təkliflərdən anlaşılır ki, Tramp Amerikası Rusiya ilə münasibətlər qurmağı planlaşdırır və Ukraynanı yarı yolda buraxacaqlar. Eyni zamanda bu təkliflərdən birində prezident Zelenskinin irəli sürdüyü Kiyevin nəzarətində olan ərazilərin NATO çətiri altına alınması təklifinin Trampın xüsusi nümayəndəsi tərəfindən bəribaşdan istisna edildiyi görünür”.
Bu barədə Musavat.com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.
Onun sözlərinə görə, Trampın xüsusi nümayəndəsinin təkliflərində torpaqlarını qaytarmadan faktiki olaraq Kiyevi Rusiya ilə danışıqlar masasına əyləşdirmək istəyi açıq ifadə olunur.
Bəllidir ki, belə vəziyyətdə Rusiya danışıqlar masasına qalib vəziyyətdə, əli güclü olaraq əyləşmiş olacaq. Həmin masadan Ukraynanın istədikləri qərarın çıxması mümkün olmayacaq: “Bir daha bütün dünyaya bəlli olur ki, Qərbə bel bağlamaq özünü aldatmaq və ölkəni faciələrlə üz-üzə qoymaqla nəticələnir. ABŞ başda olmaqla Qərb ölkələri ilk dəfə deyil ki, qızışdırıb Rusiya kimi böyük dövlətlə qarşı-qarşıya qoyduğu dövləti yarı yolda qoyur. Qərb öz maraqlarını həyata keçirmək üçün Ukrayna dövlətini qonşuluğunda olan, kökləri eyni olan Rusiya kimi nəhəng dövlətlə düşmən vəziyyətə gətirdilər. Nəticə göz önündədir. Gözlənildiyi kimi kollektiv Qərb Ukraynanı yolun və savaşın ortasında buraxmağa, Rusiya ilə münasibətləri normallaşdırmağa hazırlaşır”.
Qeyd edək ki, Trampın xüsusi nümayəndəsinin elan etdiyi tıkliflərdə bilidilir:
-NATO üzvlüyünün təxirə salınması: Ukraynanın NATO-ya üzvlüyü qeyri-müəyyən müddətə təxirə salınacaq. Bu, geniş sülh sazişi və təhlükəsizlik zəmanətləri müqabilində həyata keçiriləcək.
-Ərazi məsələlərinin diplomatik həlli: Ukrayna işğal olunmuş əraziləri geri qaytarmaq hüququndan imtina etməyəcək, lakin bunu yalnız diplomatik yollarla həyata keçirməyi qəbul etməlidir.
-Sanksiyaların mərhələli ləğvi: Rusiya danışıqlara razılaşarsa, ona tətbiq olunan bəzi sanksiyalar qismən yumşaldılacaq və sülh sazişi imzalandıqdan sonra tamamilə ləğv ediləcək.
-Ukraynanın bərpası üçün maliyyə mənbəyi: Ukraynanın bərpası, Rusiyanın enerji resurslarının ixracına tətbiq ediləcək vergilər hesabına maliyyələşdiriləcək.