Siyasət 

Brüsselə Bakıdan BU MESAJ verildi

Azərbaycan Avropa İttifaqı ilə qarşılıqlı, faydalı və bərabərhüquqlu münasibətlərin qorunub saxlanmasında maraqlıdır

“Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi-ticari, nəqliyyat-kommunikasiya, təhlükəsizlik, xüsusilə də strateji xarakter daşıyan və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayan enerji sahəsində səmərəli tərəfdaşlıq əlaqələri mövcuddur. Əminəm ki, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın qarşılıqlı hörmət və bərabər hüquqlar əsasında hərtərəfli inkişafı istiqamətində bundan sonra birgə səylər göstərəcəyik…”

Bu fikirlər Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenə təbrik məktubunda yer alıb.

Dövlət başçısı Avropa İttifaqı Şurasının Prezidenti kimi fəaliyyətə başlayan Antonio Koştaya da təbrik məktubunda bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələri geniş gündəliyə malikdir və enerji, o cümlədən yaşıl enerji, nəqliyyat, ticarət və digər sahələri əhatə edir. Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın mühüm rolu danılmazdır. “İnanıram ki, Azərbaycanla Avropa İttifaqı arasında siyasi dialoqun, iqtisadi-ticari əməkdaşlığın və mədəni mübadilələrin qarşılıqlı maraqlarımıza uyğun olaraq bundan sonra da inkişaf etməsi, konstruktiv tərəfdaşlığımızın möhkəmlənməsi üçün birgə səylər göstərəcəyik”, – deyə Prezident vurğulayıb.

Dövlət başçısının məktublarından da göründüyü kimi, Azərbaycan Avropa İttifaqına “bərabər tərəflər” kimi əməkdaşlıq prinsipini bir daha təklif edir.

Azərbaycan Aİ ilə bərabər tərəflər kimi əməkdaşlıq prinsiplərini davam etdirmək istəyir. Azərbaycanın burada mövqeyi çox sabitdir, lakin AB bəzən o bərabər tərəf prinsipləri pozur, Azərbaycana siyasi əmr və təzyiq dilində danışmağa cəhd göstərir.

Ekspertlərə görə, Azərbaycanla AB arasındakı dürüst və eyni zamanda səmimi münasibətlər inkişaf etməlidir.

“Azərbaycanın Avropa İttifaqı ilə bərabər tərəfdaşlıq imkanlarını daim təşviq etməsi ölkəmizin Qərb təsisatları ilə münasibətlərdəki obyektivliyini və dürüstlüyünü növbəti dəfə nümayiş etdirir. İndi Avropa İttifaqının da üzərinə düşən əsas məsələ ondan ibarətdir ki, Azərbaycanla münasibətlərdə aydın bir xətt nümayiş etdirsin. Cənab Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti kimi fəaliyyətə başlayan Antonio Koştaya və eyni zamanda həm də Avropa Komissiyasının Prezidenti kimi fəaliyyət göstərən Ursula fon der Lyayenə təbrik məktubları da Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərə önəm verməsinin göstəricisidir”. Bu fikirləri YAP-çı deputat Kamran Bayramov “Yeni Müsavat”a açıqlamasında bildirib.

Azərbaycan beynəlxalq arenada müstəqil siyasət yürüdür - Kamran Bayramov

Kamran Bayramov 

O qeyd edib ki, Azərbaycanın ticarət tərəfdaşları arasında Avropa İttifaqı xüsusi yer tutur və bizim təxminən 53 milyard dollarlıq xarici ticarət dövriyyəmizin yarısına qədəri məhz Avropa İttifaqı ölkələri ilə bağlıdır: “Azərbaycan Avropa İttifaqının 10 dövləti ilə strateji tərəfdaşlıq qurub və bizim enerji sahəsində münasibətlərimizin çox geniş perspektivləri var. Avropa İttifaqı Azərbaycanı etibarlı tərəfdaş kimi tanıyır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Avropa Komissiyasının yenidən sədri seçilməsi münasibətilə Ursula fon der Lyayenə, eyni zamanda Avropa İttifaqı Şurasının Prezidenti seçilməsi ilə əlaqədar Antonio Koştaya ünvanladığı təbrik məktubunda vurğulamışdı ki, Azərbaycan və Avropa İttifaqı arasında həm siyasi dialoq, həm ticarət, iqtisadi, nəqliyyat, kommunikasiya, enerji təhlükəsizliyi, yaşıl enerji, turizm və digər sahələrdə əməkdaşlıq münasibətləri dinamik inkişaf tempinə malikdir və onun çox geniş perspektivləri var. Ən başlıcası, Azərbaycan Avropa İttifaqı ilə qarşılıqlı, faydalı və bərabərhüquqlu münasibətlərin qorunub saxlanması və inkişafında maraqlıdır və bu, hər iki tərəfin maraqlarına xidmət edir. Təbii ki, Azərbaycan analoji yanaşmanı Avropa İttifaqından da gözləyir”.

Deputat diqqətə çatdırıb ki, Azərbaycan Avropanın enerji təminatında inkarolunmaz mövqeyə malikdir. Məhz bu amil münasibətlərin strateji xarakter daşımasına töhfə verir. Azərbaycan hər mənada etibarlı, sözü ilə əməli bir olan tərəfdaşdır. Qarşılıqlı maraq doğuran məsələlərə, iqtisadi və ticarət də daxil olmaqla daha geniş müsbət gündəmə fokuslanmaq lazımdır. Dövlət başçımızın da haqlı olaraq vurğuladığı kimi, axı, bunun üçün yaxşı tarixçəmiz və nailiyyətlərimiz də mövcuddur. Bəzi məsələlərdə fundamental fikir ayrılıqlarına baxmayaraq münasibətlərdə qarşıdurma ruhunu aşmaq və həqiqi əməkdaşlıq,  həmrəylik mühiti yaratmağa çalışmaq vacibdir. Bakıdan Brüsselə göndərilən mesajda da “bərabər tərəflər” təklifi olundu. Yəni məhz, bu prinsip əsasında Azərbaycan bir daha dost kimi əl uzatdı. Qeyd olunan amil isə birtərəfli qaydada deyil, birgə səylərin məhsulu olmalıdır. Dövlət başçımızın məktublarından da göründüyü kimi Azərbaycan Avropa Birliyinə “bərabər tərəflər” kimi əməkdaşlıq prinsipini bir daha təklif edir”.

K.Bayramov əlavə edib ki,  Azərbaycan Avropa İttifaqına, ona üzvlüyə can atmır: “Dövlət başçımız çıxışlarının da birində vurğulamışdı ki, biz heç kimin qapısının ağzında gözləməyəcəyik. “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində, hansı ki sözügedən Proqram Aİ-yə üzvlük anlamına gəlmir, ölkələr könüllülük və istək çərçivəsində Aİ ilə əlaqələri daha sıx qura bilər ki, proqram da baza qismində götürülə bilər. Bizim istəyimiz yalnız bərabər tərəflər kimi əməkdaşlıq prinsiplərini davam etdirməkdir. Çünki sözügedən siyasi təsisatın bərabərlik prinsipini dəfələrlə, açıqca və ədalətsiz şəkildə pozduğunun şahidi olmuşuq, bunun mövcud və potensial mənfi nəticələri ilə üz-üzə qoyulmuşuq. Münasibətlər, qeyd etdiyimiz kimi, formalaşarsa və qarşı tərəf bunu dərk edərsə, o zaman daha səmimi olar və bu da dayanıqlılığa, stabilliyə yol açar”.

gunay agamali.jpeg (96 KB)

Günay Ağamalı 

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”a bildirdi ki, ölkəmizin xarici siyasət strategiyasının mühüm istiqamətlərindən birini Avroatlantik məkana inteqrasiya təşkil edir: “Rəsmi Bakı Avropa İttifaqı ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında hər zaman maraqlıdır. Azərbaycan 2009-cu ildən “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində ittifaqla ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edir. Cənab Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenə və Avropa İttifaqı Şurasının yeni seçilmiş Prezidenti Antonio Koştaya təbrik məktubu ünvanlaması ölkəmizin düzgün mövqeyinin təzahürüdür. Siyasi əlaqələrdə rəsmi Bakı və Brüssel arasında müəyyən gərginliklər müşahidə olunsa da, iqtisadi münasibətlərdə tərəflər arasında soyuqluq hiss olunmur. Əksinə, Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət və ixrac tərəfdaşı kimi öz rolunu daha da artırır. Ölkəmizin enerji resursları, xüsusilə neft və qaz hasilatı Aİ üçün strateji əhəmiyyət kəsb edir. Cənub Qaz Dəhlizi layihəsi məhz Azərbaycan qazının Avropaya çatdırılmasını nəzərdə tutur. Bu layihə TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) və TAP (Trans-Adriatik Qaz Boru Kəməri) kimi komponentlərdən ibarətdir.

Azərbaycan Rusiya-Ukrayna müharibəsinin Avropanın enerji təhlükəsizliyinə ciddi təhdid yaratdığı bir dövrdə etibarlı tərəfdaş olduğunu hər kəsə sübut etdi. Bunun nəticəsidir ki, bizimlə enerji sahəsində əməkdaşlıq etmək istəyən dövlətlərin sayı hər gün artmaqdadır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Daha çox xəbərlər