Sosial medianın “BƏZƏYİ”: Azərbaycanın da üzləşdiyi QLOBAL PROBLEM – MÜSAHİBƏ + FOTO
Dekabrın 16-dan etibarən Azərbaycanda “Media Savadlılığı” Həftəsinə start verilib. Medianın İnkişafı Agentliyinin təşkilatçılığı, aidiyyəti dövlət və özəl qurumların, akademik müəssisələrin, media və vətəndaş cəmiyyəti institutlarının tərəfdaşlığı ilə bu həftə ərzində çoxsaylı maarifləndirmə tədbirləri həyata keçirilib.
Buna misal olaraq, ənənəvi “Media Savadlılığı” Konfransının təşkil olunmasını, həmçinin mediada və sosial şəbəkələrdə media kampaniyalarının icrasını, podkastların yayımını, Bakı və regionlarda fərqli hədəf qruplarına yönələn təlimlərin, vebinar və mediaturların təşkilini göstərmək olar.
Ümumi işə töhfə vermək üçün Medianews.az saytı da Media savadlılığı mövzusunda müxtəlif yazılar hazırlayıb. İndi isə telejurnalist, “Visiontv.az” saytının baş redaktoru Şöhrət Eldənizlə müsahibəni təqdim edirik.
– Media savadlılığı deyəndə nə başa düşülməlidir?
– Qlobal informasiya dövriyyəsində feyk xəbərlər (saxta məlumat), dezinformasiyalar təəssüf ki, legitim xarakter almağa başlayıb. Yəni, konkret mərkəzlər, xüsusi xidmət orqanları tərəfindən hazırlanan informasiyalar ciddi transmilli media qurumları tərəfindən tirajlanır. Bu məlumatlar isə ölkəmizdə çox vaxt tək sosial medianın yox, peşəkar medianın da diqqətini çəkir və tirajlanır. O cümlədən sosial media vasitəsilə gün ərzində bəlkə də milyonlarla feyk məlumatlar yayılır ki, bu da təbii olaraq təsirsiz ötüşmür. Yəni, bu problem qlobal xarakter alıb. Təbii ki, Azərbaycan da bu problemdən əziyyət çəkən ölkələrdən biridir. Bu baxımdan Medianın İnkişafı Agentliyi, o cümlədən Mətbuat Şurası Media savadlılığı deyilən bir trendə start verib.
– Media savadlılığının əsas məqsədi və hədəfi nədir?
– Məqsəd vətəndaşları saxta xəbəri, doğru xəbərdən ayırmaq üçün təklif etdikləri mexanizmlərlə tanış etmək, maarifləndirmə işini aparmaqdır. Bunun üçün çoxsaylı konfranslar, treninqlər təşkil edilir, Media savadlılığı həftələri keçirilir, peşəkar və sosial mediada təbliğatlar aparılır. Konkret desəm, Media savadlılığı formatında vətəndaşa izah edirlər ki, saxta xəbəri doğru xəbərdən ayırmaq üçün oxuduğunuz informasiyanı fərqli mənbələrdən araşdırın, dəqiqliyinə əmin olun və sair. Yəni, hədəf vətəndaş, məqsəd saxta xəbərlərə inamın azaldılmasıdır. Vətəndaşda feyk informasiyaya qarşı immunitet yaratmaq, məsuliyyət hissini artırmaqdır. Bu qlobal müstəvidə çox çətin bir işdir. Amma cəhd göstərirlər ki, bu problemi qismən də olsa həll etsinlər. O cümlədən Azərbaycanda da bu yöndə aktiv addımlar atılır.
– Görülən işin effektivliyini necə dəyərləndirirsiniz?
– Mənim fikrimcə, bu üsul tam effekt verməyəcək. Çünki sıravi vətəndaşda araşdrımaq, dəqiqləşdirmək kimi bir vərdiş yoxdur. Vətəndaş ona çatan ilk informasiyanı oxuyur, ya inanır, ya da iqnor edir. Bu qədər sadədir məsələ.
– Hazırda cəmiyyətimizdə Media savadlılığı sahəsində əsas problemləri sadalaya bilərsinizmi?
– Təbii ki, problemlər var və bəzən bu ciddi xarakter alır. Yalan, böhtan, şantaj, təhqir xarakterli informasiyalar sosial medianın “bəzəyinə” çevrilib. Bəzən bu cür informasiyalar dövlətin təhlükəsizliyinə belə təhdid yaradır. Ona görə də bu istiqamətdə daha effektiv addımlar atmaq lazımdır. Məsələn, mən fikirləşirəm ki, bu cür dezinformasiya ilə mübarizə aparmaq üçün dövlət qurumlarının media mərkəzləri ilə peşəkar media arasında operativ fəaliyyət mexanizmi olmalıdır. Təəssüf ki, bu operativlik yoxdur. Hər hansı bir nazirliyə aid baş verən hadisə sosial mediada çirkli və yalan formatda yayılıb aləmə səs salandan, hadisə maraqlı qüvvələr tərəfindən öz istədikləri formada təqdim olunandan sonra həmin qurum tərəfindən gecikmiş qısa cümlələrlə fikir bildirilir. Və bu məlumat artıq sıravi vətəndaşın diqqətini cəlb etmir. Amma hadisə baş verəndən dərhal sonra dolğun məlumat peşəkar və sosial mediada yayılarsa, feyk xəbərin təsiri minimuma enər. Təəssüf ki, bu məsələdə dövlət qurumları və peşəkar media həmişə uduzur.
– Media savadlılığının dərinləşməsi, məsuliyyət hissinin artırılması üçün daha hansı addımlar atılmalıdır?
– Media savadlılığının artırılması istiqamətində konkret, tutalım tək MEDİA Agentliyi, Mətbuat Şurası yox, bayaq dediyim kimi, dövlət qurumlarının mətbuat xidmətləri, peşəkar media ciddi iş aparmalıdır. Peşəkar media sosial media üzərində öz hegemonluğunu bərpa etməlidir. Vətəndaşlar üçün nəzərdə tutulan media savadlılığı ilə paralel, dövlət qurumlarının mətbuat xidmətləri, peşəkar jurnalistika ilə məşğul olanlar üçün informasiya savadlılığı proqramlarını da artırmaq, genişləndirmək lazımdır. Problemin kökündə tək vətəndaş dayanmır, bayaq dediyim kimi, dövlət qurumlarının mətbuat xidmətləri və peşəkar media da bu məsələdə məsuliyyət daşıyır. Mən deyərdim daha çox məsuliyyət daşıyan da məhz ikincilərdir.