Gündəm 

Hökumət parlamentə hesabata gəlir

Baş nazir bu ilin planlarını da açıqlamalı olacaq

Hökumətin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı gələn həftə parlamentə təqdim ediləcək. Hesabatın Milli Məclisin martın 14-də keçirilməsi planlaşdırılan plenar iclasında müzakirəyə çıxarılması nəzərdə tutulub.

Sənədi baş nazir Əli Əsədov təqdim edəcək. İclasda Nazirlər Kabinetinin üzvləri də iştirak edəcək.  Qeyd edək ki, hesabatda hökumətin ötən il gördüyü işlər, Nazirlər Kabinetinin fəaliyyəti yer alacaq. Xatırladaq ki, hökumət hər il parlamentdə hesabat verir. 

İndiyədək əsas istiqamətlər üzrə 2024-cü ildə əldə olunan nəticələr ayrı-ayrı qurumlar tərəfindən açıqlanıb. Belə ki, Maliyyə Nazirliyinin məlumatına görə, 2024-cü ildə dövlət büdcəsinin gəlirləri 36 milyard 388,0 milyon manat proqnoza qarşı 37 milyard 164,2 milyon manat təşkil edib. Bu, proqnozla müqayisədə 776,2 milyon manat və ya 2,1 faiz, 2023-cü illə müqayisədə isə 5,5 faiz və ya 1 milyard 927,8 milyon manat çoxdur. Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri proqnoza nisbətən 3,3 faiz çox icra edilməklə 24 milyard 383,2 milyon manat təşkil edib. 2024-cü ilin dövlət büdcəsinin gəlirlərinin 15milyard 808,0 milyon manatı və ya 42,5 faizi vergi və rüsumlar üzrə daxilolmaların, 12 milyard 781,0 milyon manatı və ya 34,4 faizi Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 6 milyard 648,7 milyon manatı və ya 17,9 faizi gömrük rüsumları və idxala görə vergi daxilolmalarının, 547,9 milyon manatı və ya 1,5 faizi büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların, 250,0 milyon manatı və ya 0,7 faizi Mərkəzi Bankın reallaşdırılmış mənfəətinin sərbəst qalığından daxilolmaların, 37,6 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 1 milyard 21,1 milyon manatı və ya 2,7 faizi sair daxilolmaların, 69,9 milyon manatı və ya 0,2 faizi məqsədli büdcə fondları (Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan məqsədli büdcə fondları və Nəqliyyat vasitələrinin utilizasiya fondu) üzrə daxilolmaların payına düşüb.

Məlumata əsasən 2024-cü ildə dövlət büdcəsinin gəlirləri üzrə təsdiq edilmiş proqnozdan vergi və rüsumlar üzrə daxilolmalar 538,0 milyon manat və ya 3,5 faiz, gömrük rüsumları və idxala görə vergi daxilolmaları 213,7 milyon manat və ya 3,3 faiz, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar 9,6 milyon manat və ya 34,3 faiz, məqsədli büdcə fondları (Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan məqsədli büdcə fondları və Nəqliyyat vasitələrinin utilizasiya fondu) üzrə daxilolmalar 33,6 milyon manat və ya 1,9 dəfə, sair gəlirlər üzrə daxilolmalar isə 264,4 milyon manat və ya 34,9 faiz çox, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 283,1 milyon manat və ya 34,1 faiz az təmin edilib.

Ötən il dövlət büdcəsinin xərcləri 37 milyard 719,7 milyon manat və ya təsdiq olunmuş proqnoza qarşı 2 milyard 22,6 milyon manat (5,1 faiz) az icra edilib. Hesabat ilində icrası təmin edilmiş xərclər 2024-cü ilin dövlət büdcəsi xərclərinin 94,9 faizini təşkil edib. Yəni büdcədə nəzərdə tutulan vəsaitlərin 5,4 faizi xərclənməyib.

Ötən il neft hasilatının azalması, qaz qiymətlərinin düşməsi neft-qaz sektorundan büdcəyə daxil olan gəlirlərin azalmasına səbəb olub. Belə ki, 2024-cü ildə Azərbaycan dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 17 milyard 969,6 milyon manat təşkil edib. Bu daxilolmaların 26,6 faizi və ya 4 milyard 780,5 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 2,3 faizi və ya 408,0 milyon manatı sair daxilolmalar, 71,1 faizi və ya 12 milyard 781,0 milyon manatını Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert təşkil edir. Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə mədaxil olunmuş neft-qaz gəlirlərinin 49,0 faizi və 2 milyard 341,0 milyon manatını “Şahdəniz” yatağı üzrə mənfəət vergisi, 37,1 faizi və ya 1 milyard 774,5 milyon manatını Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin(SOCAR) ödədiyi müvafiq vergilər, 13,9 faizi və ya 665,0 milyon manatını “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə mənfəət vergisi təşkil edir.

Beləliklə, aydın olur ki, ötən il dövlət büdcəsinə neft-qaz sektorundan vergi daxilolmalarında illik ifadədə 1 milyard 638,3 milyon manat və ya 25,5 faiz azalma qeydə alınıb. Xatırladaq ki, 2023-cü ildə neft-qaz sektorundan daxil olan vergi gəlirlərinin həcmi 6 milyard 418,8 milyon manat təşkil etmişdi. Bunun 1 milyard 837,8 milyon manatını SOCAR təmin edib, 3 milyard 850,3 milyon manatı “Şahdəniz”, 730,7 milyon manatı isə “Azəri-Çıraq-Günəşli” yatağında çalışan xarici şirkətlər tərəfindən ödənilmişdi.

Rəsmi gömrük statistikasından aydın olur ki, 2024-cü il ərzində Azərbaycan xarici bazarlara 14 milyard 437 milyon 355.99 min dollar dəyərində 23 milyon 596 min 132.23 ton neft ixrac edib. Bu, 2023-cü ildəkindən dəyər baxımından 1 milyard 803 milyon 473.64 min dollar və ya 11 faiz, miqdar baxımından isə 2 milyon 451 min 157.28 ton və ya 9,4 faiz azalma deməkdir.

Hesablama Palatası hesabat hazırladı | No Comment

Neft ixracının azalması ilə yanaşı, ölkənin qaz ixracından gəlirləri də kəskin azalıb. Belə ki, ötən il Azərbaycanın qaz ixracı 25 milyard 772 milyon 217.76 min kubmetrə bərabər olub ki, bundan ölkəyə 8 milyard 406 milyon 728.72 min dollar gəlir əldə edilib. Qaz ixracı miqdar baxımından əvvəlki illə müqayisədə 851 milyon 255.76 min kubmetr, dəyər baxımından isə 5 milyard 271 milyon 615.42 min dollar azalıb.

Qaz ixracından gəlirlərin azalmasının əsas səbəbi Azərbaycan qazının əsas satış bazarı olan Avropadakı qiymət enişidir. Belə ki, 2022-ci ildə Azərbaycan qazının əsas ixrac bazarı olan Avropada qazın orta qiyməti 1260,8 dollar, 2023-cü ildə 464 dollar, 2024-cü ildə isə 387 dollara bərabər olub.

2024-cü il Azərbaycanın daxili dövlət borcunun ciddi artımı ilə yekunlaşıb. Belə ki, 2025-ci il 1 yanvar tarixinə Azərbaycanın dövlət borcu (daxili və xarici dövlət borcu) 27 milyard 380,2 milyon manat olub. Maliyyə Nazirliyinin açıqladığı məlumata görə, bu, 2024-cü il üzrə 126 milyard 337,0 milyon manat məbləğində olan Ümumi Daxili Məhsulun (ÜDM) 21,7 faizi deməkdir. Ümumi dövlət borcunun 8 milyard 720,5 milyon manatı (5 milyard 129,7 milyon ABŞ dolları) və ya 31,8 faizi xarici dövlət borcunun, 18 milyard 659,7 milyon manatı və ya 68,2 faizi daxili dövlət borcunun payına düşür. Nazirliyin məlumatına əsasən, ilin sonunda daxili dövlət borcu 2024-cü ilin əvvəli ilə müqayisədə 2 milyard 793,3 milyon manat artıb.

Milli Məclisdə hökumət ötənilki fəaliyyətinin yekunlarını açıqlamaqla yanaşı, builki planlarını da açıqlamaları istəniləcək. Çünki ABŞ Prezidenti Donald Trampın başlatdığı rüsum müharibəsi dünya xammal bazarlarında çox ciddi problemlərə səbəb olur. Artıq Azərbaycanın əsas ixrac məhsulu olan neftin dünya bazar qiyməti 70 dollara qədər ucvuzlaşıb. İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, neft qiymətlərinin düşməsi Azərbaycan üçün ciddi çətinliklər yaradacaq: “İki borudan asılı olan Azərbaycan iqtisadiyyatı üçün gələcəkdə problemlər yaranacağı açıq görünür – doğrudur, neftin qiymətinə günlük yox, ortalama baxmaq lazımdır. Hələlik 2025-ci ilin ilk 2 ayında orta qiymət 80 dollara yaxındır, amma martda bu rəqəm 72-73 dollara, apreldə isə 70 dollardan aşağı düşə bilər. Bu isə o deməkdir ki, 2025-ci ilin ilk yarısını büdcədə nəzərdə tutulan neftin ortalama 70 dollar səviyyəsinə yaxın tamamlasaq da, 2025-ci ilin ikinci yarısında qiymətlər 70 dollardan aşağı düşə, ilin sonuna orta qiymət 60-65 dollar koridorunda sabitləşə bilər ki, bu da ölkəmiz üçün heç də yaxşı deyil”.

Ekspert bildirir ki, neftin qiymətinin hər 1 dollar düşməsi, günlük olaraq Azərbaycanın valyuta gəlirlərinin 500 min dollar azalması deməkdir: “Yəni ilin sonuna illik ortalama qiymət 65 dollar olsa, bu gündə 2,5 milyon, ayda 75 milyon, ilə isə 900 milyon dollar daha az valyuta daxil olması deməkdir. Amma  bu da son deyil, neft şirkətlərinin qiymətin enməsinə görə qazancları, gəlirləri, mənfəəti azalacaq ki, bu da onların vergi şəklində büdcəyə ödədiyi vəsaitin düşməsinə səbəb olacaq”.

Onu da qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 6 milyard 737,5 milyon manat, xərcləri isə 5 milyard 365,9 milyon manat təşkil edib. Bunlar 2024-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,78 faiz və 2,1 faiz çoxdur. Son nəticədə 2 ayda büdcədə 1 milyard 371,6 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 5,3 faiz çoxdur.

Daha çox xəbərlər