Region Xəbərləri 

Azərbaycan yeni dünya nizamına doğru: Duruş və İnteqrasiya

Dünya sürətlə dəyişir və bu dəyişikliklərə uyğun düzgün siyasət aparmaq hər bir dövlət üçün çox vacibdir. Azərbaycan coğrafi mövqeyi, enerji ehtiyatları, diplomatik balansı və regionda sabitlik yaradan təşəbbüsləri ilə yeni dünya nizamının formalaşmasında mühim rol oynayır. 9 aprel 2025-ci ildə ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forum keçirilib. Bu tədbirdə dünyanın 44 ölkəsindən 80-dən çox beynəlxalq ekspert və analitik iştirak edib ki, onların da 50%-dən çoxu ilk dəfə olaraq bu foruma qatılıb. ADA Universitetinin rektoru Hafiz Paşayev forumun açılışında qeyd edib ki, bu foruma ev sahibliyi etməkdən qürur duyurlar və bununla, artıq 7-ci dəfədir ki, belə beynəlxalq siyasət müzakirələri keçirilir. O, qeyd edib ki, dünya tektonik dəyişikliklərə şahidlik edir – regional və qlobal münaqişələr, siyasi radikallaşma, millətçiliyin yüksəlişi, beynəlxalq hüququn zəifləməsi və gücün dominantlığı bugünkü dünyanın xüsusiyyətləridir. Prezident İlham Əliyev bəyan etdi ki, hazırda dünya beynəlxalq hüququn zəiflədiyi, güc siyasətinin ön plana keçdiyi bir mərhələdən keçir. Bu kontekstdə Azərbaycan balanslı siyasəti, praqmatik yanaşması və regional sabitliyə töhfəsi ilə ön plana çıxır. Prezident vurğuladı ki, Azərbaycan öz suverenliyini tam bərpa etmiş bir dövlət olaraq, indi sülh quruculuğu və regional əməkdaşlıq istiqamətində təşəbbüskar rol oynayır.
Azərbaycan öz coğrafi mövqeyinə əsaslanaraq Avropa, Mərkəzi Asiya və Yaxın Şərq arasında körpü rolunu oynayır. O, xüsusi vurğulayıb ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələri və “Orta Dəhliz” layihəsindəki rolu Avropa ilə əlaqələri də gücləndirir. Azərbaycan artıq Mərkəzi Asiya ölkələri və Körfəz Əməkdaşlıq Şurası ölkələri ilə birgə investisiya fondları yaratmışdır .
Beynəlxalq ekspertlərin azad edilmiş ərazilərə, o cümlədən Xankəndiyə etdiyi səfərlər Azərbaycanın tarixi və müasir reallıqlarını daha yaxşı anlamağa kömək edir.
Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetindəki çıxışında qeyd etdiyi kimi, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması regionda sabitliyin bərpası və uzunmüddətli sülhün qurulması baxımından tarixi addım olacaq. Biz ədalətli sülh istəyirik. Ermənistan əgər Azərbaycanın suverenliyini tam tanıyıb, regional əməkdaşlığa hazırdırsa, sülh müqaviləsi tezliklə imzalana bilər.
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması nəinki 30 illik münaqişəyə son qoyacaq, həm də Cənubi Qafqazı iqtisadi və siyasi sabitliyə aparan yeni dövrü başladacaq. Azərbaycan bu prosesdə konstruktiv və sülhyönlü siyasəti ilə regionun gələcəyinə töhfə verir.
Forumda müzakirə olunan əsas mövzulardan biri də yeni dünya nizamının formalaşmasında Azərbaycanın rolu olub. Prezident qeyd edib ki, dünya sürətlə dəyişir və bu dəyişikliklərə uyğun siyasət aparmaq vacibdir. Xüsusilə enerji təhlükəsizliyi, yaşıl enerji və nəqliyyat dəhlizləri sahəsində Azərbaycanın əhəmiyyəti artır. Prezidentin çıxışında və digər çıxışlarında vurğuladığı kimi, Azərbaycanın iqtisadi göstəriciləri müsbətdir. 2024-cü ildə ÜDM 4%-dən çox, qeyri-neft sektoru isə 6%-dən çox artıb. Valyuta ehtiyatları 72 milyard dollara çatıb ki, bu da əhalinin sayına görə dünyada aparıcı göstəricidir. Forumda iştirakçıların suallarına cavab verən Prezident İlham Əliyev qeyd edib ki, belə müzakirələr dünyanın sürətlə dəyişən reallıqlarına birgə yanaşmaların işlənib hazırlanmasına kömək edir. ADA Universitetinin təşkil etdiyi bu kimi forumlar Azərbaycanın beynəlxalq arenada mövqeyinin gücləndirilməsinə və ölkənin inkişafının təqdim olunmasına xidmət edir. Bu forum xüsusilə dünyanın dəyişən siyasi-iqtisadi landşaftında Azərbaycanın strateji mövqeyini və regionda sülhün qurulmasına verdiyi töhfələri nümayiş etdirmək baxımından əhəmiyyətli idi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra indi regionda və dünyada daha fəal rol oynayır. Azərbaycan bu gün regionda “yaşıl” enerji lideri kimi, bir sıra dövlətlərlə sıx əməkdaşlıq edir. Onlardan biri də Çindir. Prezident İlham Əliyevin forumda respublikamızın bu ölkə şirkətləri ilə sözügedən istiqamətdə fəal əməkdaşlıq qurması barədə fikirləri də diqqət çəkir: “Biz hazırda Çin şirkətləri ilə fəal işləyirik və onları müxtəlif sahələrdə, xüsusilə “yaşıl” enerji sahəsində bizimlə strateji tərəfdaş olmağa dəvət edirik. Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də 5-ci prioritet “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” kimi müəyyənləşdirilib. Bununla yanaşı, dövlətimizin başçısının tapşırığına əsasən, işğaldan azad olunan ərazilərdə “Yaşıl enerji zonası”nın yaradılması nəzərdə tutulub. Bu baxımdan alternativ və bərpaolunan enerji sahəsində 2 ölkə arasında böyük əməkdaşlıq potensialı mövcuddur və Azərbaycan bu sahəyə də çinli investorları dəvət edib. “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forum Azərbaycanın beynəlxalq siyasətdəki fəallığının və qlobal dialoqa verdiyi töhfənin parlaq nümunəsinə çevrildi. Prezident İlham Əliyevin forumdakı çıxışı isə Azərbaycanın gələcəyə baxışını və dünya düzəninin formalaşmasında oynadığı mühüm rolu bir daha təsdiqlədi. Prezidentin çağırışları dünyaya bir mesaj idi: yeni dünya düzəni artıq formalaşır və Azərbaycan bu düzənin fəal iştirakçısıdır. Geosiyasi yerləşməsi, iqtisadi sabitliyi, diplomatik balansı və strateji düşüncə ilə idarə olunan siyasi liderliyi sayəsində Azərbaycan gələcəkdə də regionun və dünyanın diqqət mərkəzində olacaq. Prezident Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın nəzərə alınmaması artıq mümkün deyil – çünki bu ölkə təkcə coğrafi deyil, siyasi və iqtisadi baxımdan da xəritənin mərkəzində dayanır.
Türkan Şadlinskaya – Bərdə rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi

Daha çox xəbərlər