Qəza edən Bolt sürücüsünü hansı cəza gözləyir? – AÇIQLAMA
Ötən gün Bakıda “BYD” markalı avtomobil Ələsgər Qayıbov küçəsindən sürətlə hərəkət edərək Heydər Əliyev prospektinin kənar yolunu kəsdiyi beton maneəni dağıdaraq prospektin əsas hissəsinə düşüb.
Qəza zamanı avtomobildə olan sərnişin Sevda Həşimova “Günə son” verilişinə açıqlamasında bildirib ki, taksi fəaliyyəti ilə məşğul olan Anar Nəcəfov qeyri-adekvat hərəkətlər edib.
Mövzu ilə bağlı BiG.AZ-a danışan vəkil Turan Abdullazadə bildirib ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinə əsasən, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması onun barəsində intizam tənbeh tədbirləri ilə nəticələnir:
“Yol hərəkəti qaydalarınının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə –
Şəxs üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır:
“Həmin Məcəllənin Maddə 351-1-ci maddəsinə əsasən, Nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salma, yəni dağıtmaq, zədələmək və ya başqa üsulla yolların, nəqliyyat vasitələrinin və ya nəqliyyat avadanlığının yararsız vəziyyətə salınması —
inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir.
Bu maddədə nəzərdə tutulmuş əməl külli məbləğdə (əlli min manatdan artıq) ziyan vurduqda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinə əsasən Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda— iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bundan başqa hüquqa zidd əməli törətmiş şəxs eyni zamanda vurduğu maddi zərər üçün mülki məsuliyyət də daşıyır. Belə ki, icbari sığortanın qarşılamadığı hissədə zərərçəkmiş şəxslər mülki qaydada sürücüyə qarşı iddia qaldıra bilərlər. Eyni zamanda onu da qeyd etməliyəm ki, əgər sürücü hansısa şirkətin (hüquqi şəxsin) işçisidirsə, onun vurduğu zərər üçün işəgötürən şirkət də məsuliyyət daşıyır.
Belə ki, Mülki Məcəllənin 1099-cu maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir”.