Cəmiyyət 

“Ailəvi qırğın silahı”na çevrilən bəla

Azərbaycan polisi qətiyyətli mübarizəsini davam etdirir

Son dövlərdə bütün dünyada narkotacirlər dronlardan istifadəyə başlayıblar. Belə görünür ki, dron texnologiyasının inkişafı beynəlxalq narkotik alverçilərinin də işinə yarayıb. Bu yenilik onlara sərhədləri çox asanlıqla aşmaq imkanı verib. Biz bunu qonşu ölkələrdən Azərbaycana dronlarla narkotik keçirmə cəhdlərinin artması fonunda da aydın görürük.

“Uçan” narkotiklər

Sərhədimizdə narkotik “uçurulması” məsələsində adı tez-tez hallanan qonşumuz bu qanunsuz tranziti durdurmağa, yumaşaq desək, hələ ki həvəsli görünməsə də, Azərbaycanla əməkdaşlıq zərurəti hər ötən gün artır. Əlbəttə, bu “narkotik uçurma” üsulu qaçaqmalçıların metodlarından yalnız biridir. Onların ən müxtəlif və ən ağılasığmaz yollarla ölkəmizi də narkotik daşınmasında rahat güzargaha çevirmək cəhdlərinə qarşı hüquq mühafizə, daha dəqiq desək, daxili işlər orqanları prinsipial mübarizəsini davam etdirir. Ayrıca BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi, Mərkəzi Asiya Regional İnformasiya Əlaqələndirmə Mərkəzi, POMPİDOU və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq çərçivəsində informasiya və təcrübə mübadiləsi edilir. Nəticə olaraq deyə bilərik ki, narkotik yüklü dronların əl keçirilməsi kimi faktlar mübarizənin qətiyyətindən xəbər verir.

Narkotiklərlə mübarizədə dərin strategiya

Ölkə daxilindəki mübarizəyə gəlincə, əhalinin genofonduna böyük zərbə kimi qəbul edilən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı dərin bir strategiya işlənib hazırlandığı və icra edildiyi  qeyd edilməlidir. Artıq mübarizə tədbirləri narkotik vasitələrin qanunsuz realizəsində iştirak edənlərin yalnız tutulması kimi klassik mahiyyət daşımır. Daxili İşlər Nazirliyi (DİN) əsas diqqəti ölkədə narkotiklərə olan tələbatı azaltmaq, antinarkotik dünyagörüşünü daha da dərinləşdirmək, cəmiyyətimizdə narkotik vasitələrdən uzaq durma mövqeyini formalaşdırmaq məqsədilə əməliyyat-axtarış fəaliyyətinin profilaktik işlə uzlaşdırılmasına yönəldib.

Bu baxımdan aidiyyəti dövlət orqanları və ictimai təşkilatlarla sıx əlaqəli şəkildə əhali, xüsusən gənclər arasında maarifləndirmə və təbliğat işlərinin aparılmasına böyük önəm verilir. Ərazi polis orqanları təhsil müəssisələrində maarifləndirici görüşlər keçirməklə, narkotik vasitələrin insan orqaniziminə zərərləri barədə ətraflı məlumat verir, yeniyetmələri və gənclərə narkotikdən istifadənin həm sağlamlıq, həm də ağır hüquqi nəticələri barədə xəbərdar edirlər.

Ötən il  respublika üzrə əksəriyyətində rayon  polis rəislərinin də iştirakı ilə min yüzdən artıq belə maarifləndirmə tədbiri təşkil olunaraq keçirilib. Həm Daxili İşlər Nazirliyinin, həm də Baş Narkotiklərlə Mübarizə İdarəsinin sosial şəbəkələrdəki rəsmi səhifələrində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı cəmiyyətlə birgə mübarizənin zəruri olduğunu əks etdirən, narkotiklərin insan sağlamlığına, mənəvi və fiziki inkişafına vurduğu zərərlər, törətdiyi təhlükələr barədə gündəlik məlumatlar payalaşılır. Bütün bunlar hazırda polisin mübarizəsinin “maarifləndirmə cəbhəsini” təşkil edir.

Etiraf edək ki, cəmiyyətdən də buna çox böyük ictimai dəstək var. Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun nazirlikdə keçirilən Kollegiya iclaslarının birində narkotik vasitələrə qarşı vətəndaşları polislə həmrəyliyə səsləməsi geniş ictimai qarşılıq gördü. O vaxtdan media mənsubları, sosail media istifadəçiləri, blogerlər polisin geniş maarifləndirmə hərəkatına qoşulublar. Təbii ki, bu, məqsədə çatana qədər davamlı olmalıdır.

Üç ayda 1 ton yarımdan çox narkotik…

Şübhəsiz ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat-axtarış fəaliyyəti polisin ən kəsərli, ən kəskin tədbiridir. Bu, həm cinayət əməlinə görə  cəzanın labüdlüyü prinsipinin işlək olduğunu göstərir və bununla da qanunların aliliyi qorunur, həm də insanların sağlamlığına zərər vuran külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılır. DİN Baş Narkotiklərlə Mübarizə İdarəsindən aldığımız məlumata görə, ötən il daxili işlər orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 8 min 678 cinayət faktı aşkarlanıb. Qanunsuz dövriyyədən 4 ton 714 kiloqram narkotik vasitə  və 196 kiloqram psixotrop maddə çıxarılıb. Bu ilin ilk üç ayında isə aşkarlanmış 2 min 282 cinayət faktı üzrə 1 ton 662 kiloqram narkotik vasitə və 38 kiloqram psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Baş İdarənin məlumatına görə, ötən il tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının və yabanı halda yayılmasının profilaktikası yönümündə də xüsusi əməliyyat planı üzrə tədbirlər keçirilib. Bunun nəticəsində ümumi çəkisi 2 ton 688 kiloqramdan çox kultivasiya edilmiş çətənə kolları aşkar edilərək götürülüb, 430 tondan artıq bu növ bitkilər müvafiq qaydada məhv edilib.

Hər qramı bir ölüm olan bu qədər külli miqdarda narkotik vasitənin dövriyyədən çıxarılması ilə neçı-neçə vətəndaşımızın həyatının, ailələrin məhv edilməsinin önünə keçildiyini özünüz təsəvvür edin…

Hafiz Təmirov,
polis polkovniki

Daha çox xəbərlər