Gündəm 

Konstitusiya islahatlarına hazırlıq anonsu – reaksiya

Akif Nağı: “Gələcəkdə həm majoritar, həm də proporsional sistemdən ibarət bir model tətbiq olunmalıdır”

“Əminliklə deyə bilərəm ki, bu gün majoritar seçki sistemi təmsilçilik seçici ilə öz seçdiyi deputat arasında həm əlaqə, həm də məsuliyyət yaradır”.

Bunu aprelin 24-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Ə.Hüseynli bildirib ki, vaxtilə proporsional seçki sistemində vətəndaş və deputat arasında məsuliyyət yox idi: “101-ci maddə ilə bağlı referendum keçirəndə bizi çox tənqid edirdilər. Bizim məntiqimiz və arqumentimiz isə sadə idi. Biz kimsəyə bir neçə dəfə seçilmək üçün imkan tanımırdıq. Biz seçən üçün imkan yaradırdıq, seçilən üçün yox. Biz xalqa seçmək hüququ verirdik. Bu gün Prezident İlham Əliyev ən yüksək reytinqdədir. Nəticə onu göstərir ki, biz düzgün yolda olmuşuq”.

Parlamentin sədr müavini Ziyafət Əsgərov isə bildirib ki, Azərbaycan Konstitusiyası dünyada sayılıb-seçilən normativ-hüquqi aktlardan biridir.

O qeyd edib ki, müstəqilliyin ilk illərində baş verən siyasi proseslər və hakimiyyətdə olan şəxslərin yarıtmazlığına görə Konstitusiya qəbul etmək mümkün olmayıb: “Lakin Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkədə ictimai-siyasi sabitlik bərqərar oldu və 1995-ci ildə biz Konstitusiyamızı qəbul edə bildik. Konstitusiyanın əsas institutlarından biri dövlətin suverenliyi məsələsidir. Suverenlik hər bir dövlətin əsas atributlarındandır”.

Z.Əsgərov Konstitusiyaya dəyişikliklərlə bağlı 2002, 2009 və 2016-cı illərdəki referendumları xatırladıb: “Bu zaman Konstitusiyaya insanların hüquq və azadlıqları ilə bağlı normalar əlavə etdik. Konstitusiya islahatları davam edən prosesdir”.

Deputatların bu açıqlamalarını partiya sədrləri necə qiymətləndirirlər? Bəyanatları Konstitusiya islahatlarının davam edəcəyi anonsu kimi qəbul etmək olarmı? Bəs proporsional seçki sistemi ilə bağlı deyilənlər necə, bu nəticəyə gəlmək olarmı ki, mojaritar sistem saxlanacaq?

Akif Nağı: Əsas meyar din deyil, milliyətçilikdir

Akif Nağı 

Azad Vətən Partiyasının sədri Akif Nağı mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Ən qədim yanaşmalara görə dövlət insanların daha yaxşı həyat şəraitini təmin etmək üçün ortaya qoyduqları birgə yaşayış qaydasıdır. Eyni zamanda insanların özünü idarəetmə formasıdır. Sonradan dövlətə müxtəlif cür təriflər verilib. Amma ən qədim, təxminən 2500 il bundan qabaq  Aristotelin Platonun vaxtında dövlət haqqında təsəvvür o şəkildə formalaşırdı. Bundan sonrakı dövrlərdə Qərbdə də, Şərqdə də dövlətlə bağlı müxtəlif fikirlər ortaya çıxdı. Yəni, bizim Azərbaycanın ideoloji xəttində dövlət haqqında belə bir anlayış da var idi ki, dövlət kamil, seçilmiş insanlar tərəfindən idarə olunmalıdır. Parlament də dövlətin ən vacib tərkib hissələrindən biridir. Parlamentin formalaşması da, dediyimiz  tərifə, anlayışa uyğun olmalıdır ki, formalaşan parlament doğurdan da həmin o yanaşmaların həyata keçirməsinə kömək etsin”.

Partiya sədri əlavə edib ki, majoritar və proporsional seçki sistemlərinin hər birinin özünəməxsus üstünlükləri var: “Majoritar sistemi seçənlərin maraqlarına daha uyğundur. Bu sistemdə seçici konkret olaraq bir namizədə səs verir və həmin şəxsin kim olduğunu yaxşı tanıyır. Namizəd birbaşa seçicilərlə görüşür, onlara vədlər verir, problemləri ilə maraqlanır. Seçki başa çatdıqdan sonra da seçici onu seçdiyinə görə həmin deputatdan hesabat tələb edə bilir, görüş tələb edə bilir, öz tələblərini birbaşa ona çatdıra bilir. Seçicilərin marağı baxımdan yaxşıdır. Proporsional sistemdə isə seçici konkret şəxslərə deyil, siyasi partiyalara səs verir. Bu sistemdə partiyanın təqdim etdiyi siyahı üzrə namizədlər parlamentə düşür. Lakin seçici həmin siyahıdakı şəxsləri yaxından tanımaya bilər. Bu da seçici ilə deputat arasında birbaşa əlaqənin zəifləməsinə səbəb olur.

Seçicilər üçün “bizim deputatımız kimdir?” sualına cavab tapmaq çətinləşir və onlardan cavabdehlik tələb etmək də müəyyən qədər problemə çevrilir. Amma partiyalar və namizədlərin maraqları baxımından proporsional seçki sistemi müəyyən üstünlüklərə malikdir və müsbət dəyərləndirilə bilər. Çünki bu gün ölkələr əsasən partiyalar vasitəsilə idarə olunur. Bu, hər yerdə eyni şəkildə olmasa da, bir çox inkişaf etmiş ölkələrdə – məsələn, ABŞ, bir sıra Avropa ölkələri və son dövrlərdə Türkiyədə artıq bir neçə aparıcı partiyanın liderlik etdiyi siyasi sistemlər formalaşıb.

Azərbaycanda da bu istiqamətdə müəyyən inkişaf var. Sağlam partiyalaşma prosesi davam edir. Hal-hazırda ölkədə 26 siyasi partiya fəaliyyət göstərir. Bu partiyalara imkan verilməlidir ki, rəqabət mühitində özlərini göstərsinlər. Zamanla daha güclü proqramı və ideyaları olan partiyalar önə çıxacaq və vətəndaşların rəğbətini qazanacaqlar. Gələcəkdə Azərbaycanda da təxminən 2-3 güclü partiyadan ibarət sistem formalaşa bilər və bu partiyalar ölkənin taleyində aparıcı rol oynayar.

Bu baxımdan proporsional seçki sistemi partiyaların inkişafı üçün əvəzsiz mexanizmdir. Bununla belə, majoritar sistemin də müəyyən üstünlükləri nəzərə alınmalıdır. Məsələn, seçici ilə birbaşa ünsiyyət və cavabdehlik bu sistemdə daha güclüdür.

Ona görə də mən belə hesab edirəm ki, gələcəkdə Azərbaycanda qarışıq – yəni həm majoritar, həm proporsional sistemdən ibarət bir model tətbiq olunmalıdır. Məsələn, parlamentin 25%-i majoritar qaydada, 75%-i isə proporsional sistemlə – yəni deputatların sayı bu şəkildə bölünməlidir. Bu yanaşma həm dövlətin dayanıqlı idarə olunmasına, həm də vətəndaşların maraqlarının daha dolğun təmsil olunmasına xidmət edər”.

Daha çox xəbərlər