Siyasət 

Azərbaycanın dostu ilə qardaşı arasında “S-400” gərginliyi

Türkiyə ilə İsrail Suriyada birbaşa toqquşa bilərmi? – iki paytaxtda hava əndişəsi…

Türkiyənin Rusiyadan aldığı “S-400” raket sistemlərini Suriyada yerləşdirəcəyi ilə bağlı yayılan məlumat İsrail və ABŞ-da narahatlıq yaradıb. Bu barədə “Türkiyə” qəzeti bildirib (Teleqraf.az). Nəşr yazır ki, amerikalı senatorlar Qus Bilirakis və Bred Şneyder ABŞ Dövlət Departamentini Türkiyənin “S-400”-ləri Suriyaya göndərməsinə mane olmağa çağırıb.

Senatorların məktublarında belə bir transferin regionun hava hücumundan müdafiə sistemini kökündən dəyişdirəcəyi vurğulanır. ABŞ qanunvericiləri iddia edirlər ki, sistemlər Suriyanın qərbində yerləşdirilsə, bu, İsrailin əməliyyatlarını ciddi şəkildə məhdudlaşdıra, əməliyyat çevikliyini zəiflədə və Amerikanın uzun müddətdir bölgədə saxlamağa çalışdığı hərbi üstünlüyünü sarsıda bilər.

Suriyanın yeni hökuməti ilə müdafiə müqaviləsi imzalayan Türkiyə Müdafiə Nazirliyi hələlik məsələ ilə bağlı açıqlama verməyib. Bununla belə, Türkiyənin Suriyadakı hərbi varlığını artırmağa çalışdığı bildirilir. Türkiyə Müdafiə Nazirliyindən nəşrə xatırladılıb ki, ötən günlərdə Türkiyə ilə İsrail arasında münaqişənin qarşısının alınması üçün Azərbaycanda görüş keçirilib.

“Bu, normallaşma prosesi deyil, Suriyada təhlükəsiz və nəzarət edilən hərbi fəaliyyətləri təmin etmək üçün kommunikasiya və koordinasiya mexanizmidir. Yerdəki əməliyyatlarla bağlı qarşılıqlı brifinqlər vasitəsilə gərginliyin azaldılması, anlaşılmazlıqların qarşısının alınması, regionda sabitliyin qorunması və münaqişə riskinin aradan qaldırılması üçün səylər göstərilir”.

Arxa planı şərh edən ABŞ Dövlət Departamentinin rəsmisi “Türkiye Today”ə deyib: “Bu mövzuda Türkiyə ilə apardığımız danışıqların təfərrüatlarını şərh etməyəcəyik. Konqres yazışmalarını da şərh etmirik. Türkiyə mühüm müttəfiqdir və müxtəlif sektorlar üzrə əlaqələrimizi gücləndirmək üçün potensial imkanlar üzərində işləməyə davam edirik”.

Xatırladaq ki, Bakıda Türkiyə və İsrailin yüksək səviyyəli rəsmiləri arasında görüş aprelin 10-da keçirilmişdi.

Məqalədə deyilənlər nə dərəcədə reallaşa biləndir? “S-400”lər həqiqətənmi Suriyada İsrail və ABŞ üçün problem yarada bilər? Bəs Rusiya Türkiyəyə satdığı “S-400”lərin Suriyada yerləşdirilməsinə razı olarmı? Müqavilədə belə bir şey nəzərdə tutulurmu?

Tanınmış jurnalist Səxavət Məmməd həbs edildi – FOTO – Yeni Çağ Media

 Səxavət Məmməd 

Hərbi ekspert Səxavət Məmməd hesab edir ki, Suriyada İsrailin apardığı siyasət Türkiyəni ciddi şəkildə narahat edi: “İsrail ələ keçirdiyi ərazilərdən çıxmayacağını bəyan edir. Bundan əlavə, İsrailin Suriyada hərbi əməliyyatlar keçirəcəyi yönündə addımlar atdığının da şahidi oluruq. Türkiyə İsraildən fərqli olaraq, Suriyanın vahid qalmasının tərəfdarıdır. Türkiyənin bunun üçün səbəbləri var. Ən əsas səbəb isə Suriya parçalanarsa, orada yarana biləcək kürd dövlətinin Türkiyəyə torpaq iddiası baş qaldıracaq və bu nümunəyə çevrilə bilər”.

Ekspertin fikrincə, Türkiyə ilə İsrail Suriyada birbaşa toqquşa bilməz: “Bu həm NATO-nun sonunu gətirər, həm müharibə kontroldan çıxa bilər, həm də buna dövlətlərin iqtisadiyyatları tab gətirə bilməz. Türkiyənin Suriya türkmənlərinə həm siyasi, həm hərbi, həm də maliyyə dəstəyi var. Türkiyə türkmənlərin hüquqlarını qorumaqla həm də Suriyada öz maraqlarını təmin etmiş olur. Faktiki olaraq türkmənlər həm kürd qruplaşmalarına qarşı, həm də druzilərə qarşı döyüşür. Əslində, İsrailin Suriyada istəyi həm içməli su qaynaqlarına, həm də təbii sərvətlərə çıxmaqdır. Etiraf etmək lazımdır ki, İsrail qismən də olsa bunu bacarır”.

Hərbi ekspertin sözlərinə görə, Türkiyə İsrailin qarşısını almaq üçün müxtəlif addımlar atır: “Onlardan biri Suriya ərazisində hərbi bazalar qurmaqdır. Digəri isə hava hücumundan müdafiə sistemləri qurmaqdır. Türkiyənin əlində olan ən güclü hava hücumundan müdafiə sistemi isə Rusiyadan alınmış “S-400”lərdir. İddialar var ki, Türkiyə “S-400”ləri Suriyanın qərbinə yerləşdirmək istəyir. Bu ehtimalın ortaya çıxmasının çox sadə səbəbi var. İsrail ordusu bilir ki, qarşı tərəfdə hava hücumundan müdafiə sistemləri yoxdur. Ona görə də, hava zərbələri endirir. Ehtimal olunan təhlükələr havadan endirilən zərbələrlə sıfırlanır, daha sonra piyadalar əraziyə daxil olur. Bu həm də ona görə lazımdır ki, canlı qüvvə itirmirlər. “S-400”lər əgər ehtimal edildiyi kimi Suriyanın qərbinə yerləşdirilərsə, İsrail arzuolunmaz bir problemlə qarşılaşacaq. Bu o deməkdir ki, İsrail çox bahalı və çoxlu sayda təyyarə itirmək təhlükəsi ilə üz-üzə qalacaq. Nəzərə almaq lazımdır ki, İsrail ordusunun əsas gücü onun hərbi hava qüvvələridir”.

S.Məmmədovun bildirdiyinə görə, Suriyada Rusiya hərbi bazalarının qalacağını nəzərə alsaq, Türkiyə Rusiya anlaşaraq öz maraqlarını təmin edə bilər: “Əgər İsraildə və ABŞ-da belə bir ehtimal yaranıbsa, Türkiyə bunu hansısa formada onlara çatdırıb. Qalır, bunun real olub-olmaması məsələsi.

Bəzən deyirlər ki, Türkiyə “S-400”ləri başqa bir ölkəyə satmaq istəyir, alıcı tapmır. Yunanıstan Ermənistana “S-300”lərini satmaq niyyətində olduğunu dilə gətirəndə, ilk reaksiya Rusiyadan gəldi və ruslar sərt dildə bildirdilər ki, onların icazəsi olmadan sata bilməzlər. Bu o deməkdir ki, satmaq məsələsi qeyri-ciddidir. Ancaq hansısa bir əraziyə yerləşdirmək məsələsi isə Rusiya ilə razılaşdırılaraq həyata keçirilə bilər. Bunun olma ehtimalı çox aşağıdır. Əgər ora hava hücumundan müdafiə sistemləri yerləşdiriləcəksə, hesab edirəm ki, bunu Rusiya həyata keçirəcək. Türkiyə İsraillə münasibətləri düzəltmək üçün Bakıda görüş keçirdi. Azərbaycan prezidenti də bu münasibətlərin normallaşması üçün vasitəçilik edir. Eyni zamanda Türkiyə ilə Rusiya arasında da diplomtaik hərəkətlilik olacağı gözləniləndir. Ancaq “S-400”lərin Suriyada yerləşmə ehtimalı indiki məqamda az görsənir”.

Daha çox xəbərlər