ABŞ-ın yeni viza məhdudiyyətləri: İran-İsrail qarşıdurması son fazada?
ABŞ prezidenti Donald Trampın imzaladığı yeni və 9 iyun 2025-ci ildə elan olunan Bəyannamə xarici terrorçulara, milli təhlükəsizliyə və ictimai təhlükəyə çevrilmiş şəxslərə qarşı qabaqlayıcı tədbirləri nəzərdə tutur.
Rəsmi siyahıda Azərbaycan yer almasa da, Bakıdakı ABŞ Səfirliyi vasitəsilə viza almağa çalışan Azərbaycan vətəndaşları faktiki olaraq problem yaşamağa başlayıblar. Bu ziddiyyətli vəziyyət regionda, xüsusilə İran-İsrail gərginliyinin artdığı bir vaxtda müşahidə edilir.
Bu təsadüfdürmü, yoxsa geosiyasi ehtiyat tədbiridir?
AĞ Partiya sədrinin müavini Kamran Məmmədli Musavat.com-a deyib ki, rəsmi Vaşinqtonun viza siyasətində “yumşaq blokada” Azərbaycana qarşı birbaşa sanksiya kimi görünmür:
“İstisna deyil ki, bu addımlar regionda baş verən İran-İsrail qarşıdurmasının nəticəsi ola bilər. İranın Cənubi Qafqazda, o cümlədən Azərbaycanda müxtəlif təsir rıçaqlarına malik olduğu kimsəyə sirr deyil. ABŞ-ın sanksiya siyasətinə əsas baxış budur ki, İranla iqtisadi, siyasi, logistik və dini münasibətləri olan ölkələrdə kəşfiyyat və təhlükəsizlik riski artır. ABŞ səfirlikləri isə buna uyğun öz konsulluq fəaliyyətini səssiz şəkildə tənzimləyirlər.
Azərbaycan bu baxımdan ən həssas nöqtədə dayanıb. Bir tərəfdə strateji müttəfiqi olan İsrail, digər tərəfdə İranla uzun sərhədimiz, Şimal-Cənub dəhlizi layihələri, İranda yaşayan 30 milyondan artıq həmyerlimiz var”.
Partiya sədrinin müavini bildirib ki, İranın Azərbaycandakı təsir rıçaqları ABŞ tərəfindən ciddi siqnal kimi qəbul olunur:
“Vaşinqton ehtimal edir ki, regionda İran xüsusi xidmət orqanlarının mümkün fəaliyyəti fonunda ABŞ səfirliklərinə qarşı risklər artır. Bu risklərin qarşısını almaq üçün isə viza proseslərində əlavə yoxlama, sənəd dövriyyəsinin yavaşıdılması, hətta müvəqqəti dayandırılması mümkündür.
Bakıdakı “Aramex” şirkətinin ABŞ viza sənədlərini qəbul etməyi dayandırması bu ehtimalı gücləndirir”.
Kamran Məmmədli xatırladıb ki, 2024-cü ilin aprelində İsrailin İranın İsfahan şəhərindəki obyektlərinə aviazərbələr endirməsi, Tehranın isə cavab addımlarını nəzərdən keçirməsi Cənubi Qafqazı da bu gərginliyin periferiyasına sürüklədi:
“O zaman İsrailin Azərbaycanın müdafiə sənayesi ilə sıx əməkdaşlığı, PUA texnologiyaları, raket sistemləri, hərbi modernləşmə sahəsində işbirliyi Tehranı ciddi narahat edib. İranda yayılan bəyanatlarda Azərbaycan adı birbaşa çəkilməsə də, İsrailin “Şimal Cəbhəsi” kimi təqdim edilirdi. Məhz bu səbəbdən ABŞ-ın Azərbaycan vətəndaşlarının səfərinə faktiki maneə yaratması ehtimal olunur. Vaşinqton istəmir ki, İranın potensial “proksi” elementləri ABŞ ərazisinə müxtəlif kanallarla sızsın. Hətta İranın öz adından deyil, qonşu və əlaqəli ölkələrin vətəndaşları vasitəsilə kəşfiyyat əməliyyatları aparmaq təcrübəsi Vaşinqton üçün real təhlükə sayılır.
Azərbaycan bu şəraitdə ikili balans diplomatiyasını davam etdirməyə çalışır. Bir tərəfdən ABŞ və İsraillə təhlükəsizlik və enerji sahəsində əməkdaşlıq, digər tərəfdən İranla sərhəd sabitliyi və ticarət əlaqələrimiz var. Bu balans siyasətinin nə qədər davam edə biləcəyi aydın deyil. Regionda real toqquşma riski artarsa, Azərbaycan seçim qarşısında qala bilər. Ya İranla riskli yaxınlıq, ya da Qərbin gözündə yeni “qapalı zona” statusunda qalmaq zərurəti doğacaq.
Hazırda Azərbaycanın adının ABŞ prezidentinin Bəyannaməsində yer almaması ölkə üçün rəsmi üstünlükdür. Lakin konsulluq işlərində yaranan qeyri-rəsmi blokadalar xəbər verir ki, Azərbaycan bu siyahıya daxil edilmədən də faktiki olaraq qeyri-şəffaf sanksiya təzyiqinə məruz qalır”.
Partiya sədrinin müavini hadisələrin inkişaf ssenarilərinə də toxunub. Deyib ki, İran-İsrail müharibəsi başlasa, Azərbaycan ərazisi və hava məkanı potensial təhlükə zonasına çevrilə bilər:
“ABŞ öz vətəndaşlarını ölkədən çıxarmaq və təhlükəsizlik tədbirləri üçün səfirlik funksiyalarını məhdudlaşdıracaq. İran Azərbaycana qarşı informasiya və kəşfiyyat savaşını gücləndirsə, ABŞ bu risklər fonunda Azərbaycan vətəndaşlarına səfər qadağasını daha da sərtləşdirəcək. Yəqin ki, humanitar və tələbə vizaları da verilməyəcək.
Azərbaycan regionda neytrallığını sübut etsə və İranla münasibətləri balanslaşdıra bilsə, ABŞ bu məhdudiyyətləri rəsmi olaraq yumşalda bilər.
Bu gün ABŞ-ın yeni viza məhdudiyyətləri siyasi siqnaldır. Vaşinqton regionda, xüsusən Cənubi Qafqazda İran faktorunu önə çıxarır və ehtiyat tədbirləri görür. Azərbaycan rəsmi olaraq hədəf deyil, amma İsrail ilə sıx əməkdaşlığı, İranla coğrafi və dini yaxınlığı səbəbindən “riskli zona” kateqoriyasına düşə bilər. Bu gedişat Bakı üçün yeni diplomatik dilemmanın, balans siyasətinin nə qədər davam edəcəyinin göstəricisi olacaq”.
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com