Region Xəbərləri 

Türkiyə – Azərbaycan qardaşlığının növbəti təzahürü – “Şuşa bəyannaməsi”

Ön Asiyanın ən qədim sakinləri olan türk xalqına məxsus, bir millətin iki dövləti olan Türkiyə-Azərbaycan birliyi, qardaşlığı da çox zəngin tarixi köklərə malikdir. Xüsusilə XX və XXI əsr tarixlərində bu qardaşlığın təzahürləri ən müxtəlif qlobal siyasi proseslərin gedişində dəfələrlə müşahidə edilmişdir. Həm Osmanlı-AXC, həm də Türkiyə-ADR münasibətlərində milli, dini və regional təəssübkeşlik nümayiş etdirən bu iki dövlət daima birlik nümayiş etdirmişdir. AXC qurularkən özünün çətin vəziyyətinə baxmayaraq 1918-ci il iyun ayının 4-də Batumda Azərbaycan höküməti ilə müqavilə bağlayan Osmanlı yeni yaranan Azərbaycan dövlətini tanıyan ilk dövlət oldu. Bu müqavilə ilə Osmanlı AXC- yə həm hərbi yardım və əməkdaşlıq, həm də mədəni iqtisadi əməkdaşlıq vəd etməklə bizə ilk dəstəyini nümayiş etdirdi. Nəticə olaraq Qafqaz İslam ordusu Azərbaycana daxil olaraq ərazi bütövlüyümüzün təminatında mühüm rol oynadı.
Osmanlının süqutundan sonra Azərbaycanın Türkiyəyə iqtisadi dəstəyi iki qardaş xalqın birliyinin növbəti göstəricisi oldu. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa edəndə də Azərbaycan Demokratik Respublikasını tanıyan ilk dövlət də Türkiyə oldu. Məlumdur ki, müstəqilliyimizin ilk illəri xalqımız üçün çətin, keşməkeşli bir dövr kimi yadda qaldı. Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonun təxminən 30 il işğal altında qalması dövlətimiz və millətimiz üçün ağır olsa da, Türkiyə-Azərbaycan birliyi üçün zəmin oldu. Müstəqilliyimizdən bu günə Türkiyə hər addımda yanımızda oldu. Həm birbaşa ölkəmizlə qurduğu təmaslar, həm də dolayısıyla dünyanın supergüclərinə təsir, beynəlxalq siyasi arenalarda Azərbaycan həqiqətlərinin diqqətə çatdırılmasında, dünyanın Azərbaycana qarşı daha ədalətli mövqe tutması tələblərini irəli sürməklə misilsiz qardaşlıq nümayiş etdirdi. Nəhəng iqtisadi layihələrin həyata keçirilməsində israrlı mövqe nümayiş etdirən Türkiyə Azərbaycanın öz maraqlarına addım-addım yaxınlaşmasında böyük xidmətlər göstərmiş oldu.
Nəhayət, 2020-ci il Vətən müharibəsi ərəfəsində və müharibə müddətində diplomatiya cəbhəsində Türkiyə Cümhuriyyəti bizimlə birlikdə addımladı. 44 gündə müzəffər ali baş komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz vətən torpağında, uğurlu diplomatiyamız beynəlxalq siyasi arenada zəfər qazandı. Hamımızın xatirindədir ki, bütün siyasi təzyiqlərə baxmayaraq Türkiyə əlimizi buraxmadı. Azərbaycan-Türkiyə qardaşlığını birmənalı şəkildə hamının diqqətinə çatdırdı. Bu qardaşlığın təntənəsi isə 2021-ci il 15 iyun tarixində qələbəmizin simvolu olan Şuşa şəhərində iki böyük lider-İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında imzalanan bəyannamə oldu. “Şuşa bəyannaməsi” kimi tarixə yazılan bu misilsiz tarixi sənəd türk-müsəlman düşmənlərinin sinəsinə dağ basdı. Bu bəyannamə iki dövlət arasında hərbi-siyasi, iqtisadi-mədəni əlaqələrin daha da gücləndirilməsini özündə əks etdirməklə şanlı türk birliyinin qurulması haqqında müjdə, düşmənlərimiz üçün isə təhdid mesajı oldu.
“Şuşa bəyannaməsi” ilə Azərbaycanın ərazi bütövlüyü Türkiyə tərəfindən bir daha təsdiqlənərək tanınır, Azərbaycan hər hansı hərbi təhdid və təcavüzə məruz qalarsa qardaş dövlət tərəfindən hərbi yardım göstəriləcəyi açıqca bəyan edilir. Bu bəyannamənin hərbi-siyasi əhəmiyyəti ilə yanaşı, həm də iqtisadi-mədəni əhəmiyyəti də çox böyükdür. Belə ki, Azərbaycanın region üçün çox vacib strateji və iqtisadi əhəmiyyəti vurğulanır, düşmən dövlət olan Ermənistan və onun havadarlarının Azərbaycanla iqtisadi əlaqələr qurmağının vacibliyi nəzərə çatdırılır. “Şuşa bəyannaməsi” Zəngəzur dəhlizi vasitəsilə region ölkələrinin iqtisadi əlaqələrinin genişləndirilməsi, beynəlxalq kommunikasiyaların açılmasının həm Azərbaycan, həm də region ölkələri üçün böyük töhfələr verəcəyi bildirilir.
Beləliklə, “Şuşa bəyannaməsi” Türkiyə və Azərbaycan arasında iqtisadi-siyasi əlaqələri gücləndirməklə yanaşı Azərbaycana qarşı düşmən mövqedə olan dövlətlərin Azərbaycan reallıqlarını qəbul etməyə, istəməsələr belə Azərbaycanın diqtə etdiyi şərtləri qəbul etməyə səbəb oldu. “Şuşa bəyannaməsi” türk birliyinin simvolu, qardaşlığın təntənəsinə çevrildi.
Həsrət Hümbətov – D. Əliyev adına Şahvəlilər kənd tam orta məktəbin direktoru

Daha çox xəbərlər