Separatçıların son “patronu” – buna da getsələr…
Qarabağdan qaçan tör-töküntü ünsürlərin “artsax” oyunu daha nə qədər sürəcək? – iki rəy
Separatçıların “artsax” xülyası gözlərində qalsa da, axmaq arzulardan hələ də qurtula bilməyiblər. Mifik qurumu vaxtaşırı gündəmə gətirmək yönündə uğursuz cəhdlər bunun bariz sübutudur. Məsələn, revanşist – separatçı qalıqları İrəvanda özlərinə yeni lider – qondarma prezident “seçə” bilmirlər. Səbəblər müxtəlifdir.
“Artsax parlamenti” hələ də “prezident postuna” (dırnaqlar bizimdir – red.) namizəd irəli sürməyib və seçkilər keçirməyib. Həm də Ermənistan hakimiyyətinin DQR-lə bağlı mövqeyinə görə”. Bu barədə “Armenia Today” yazıb.
Qeyd olunur ki, “seçkilər”in təxirə salınmasının səbəbləri sırasında Paşinyan hökumətinin “Qarabağ məsələsinə neqativ münasibəti” və “artsaxın dövlət institutlarının fəaliyyəti, eləcə də Ermənistanın daxili siyasi vəziyyəti ilə bağlı” amillər də daxildir.
Bundan əlavə, bildirilir ki, separatçılar regionda təhlükəsizliklə bağlı mövcud vəziyyəti və ondan irəli gələn təhdidləri də nəzərə almaq zorunda qalıblar. Yəni “dəmir yumruq” xofu.
Xatırladaq ki, mayın 21-də sonuncu mifik prezident Samvel Şahramanyanın səlahiyyət müddəti bitib.
Separatçı ünsürlərin “artsax” oyunu daha nə qədər sürəcək? Az qala hər addımda Azərbaycan və Türkiyə ilə barışığın zəruriliyindən danışan Paşinyan onların İrəvandakı yeganə ofisini niyə bağlamır? Rusiya təzədən bu məsələni Azərbaycana qarşı körükləyə bilərmi?
Günay Ağamalı
Deputat Günay Ağamalı “Yeni Müsavat”a açıqlamasında bu cür davranışların heç bir hüquqi və siyasi əsasının olmadığını qeyd etdi: “Separatçılıq meylləri və “artsax” adlı qondarma rejimin yenidən gündəmə gətirilməsi cəhdləri tarixin zibilliyinə atılmış xülyaların canlandırılması cəhdlərindən başqa bir şey deyil. Bu kimi davranışlar heç bir hüquqi və siyasi əsas daşımır. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində ikinci bir “idarəetmə qurumu” anlayışı mövcud deyil və heç vaxt da olmayacaq. Azərbaycan Ordusunun 2020-ci ildən bəri nümayiş etdirdiyi qətiyyət, dövlətimizin suverenlik və ərazi bütövlüyü uğrunda apardığı prinsipial siyasət separatçılara verilmiş açıq mesajdır. Mayın 21-də Samvel Şahramanyanın səlahiyyətlərinin başa çatması əslində “artsax” deyilən saxta qurumun tarixi fiaskosunun hüquqi göstəricisidir. Azərbaycan sülh gündəliyini təşviq edir və regionda davamlı əməkdaşlıq mühiti formalaşdırmaq üçün konstruktiv addımlar atır. Ermənistanın bu çağırışlara qoşulması vacibdir”.
G.Ağamalı vurğuladı ki, İrəvanda qalan separatçı elementlərin fəaliyyəti, onların ofislərinin hələ də bağlanmaması, Paşinyan hakimiyyətinin bəzi məqamlarda verdiyi ziddiyyətli siqnallar cəmiyyətlərarası etimadın formalaşmasına əngəl yaradır: “Eyni zamanda bəzi xarici güclərin – xüsusilə Rusiya daxilindəki müəyyən dairələrin bu qondarma strukturun adından danışmağa çalışması qəbuledilməzdir. Aydındır, rəsmi Moskva yenidən regionda 2020-ci ilə qədər olan mövqelərini bərpa etməyə çalışır. Ancaq bölgənin siyasi konfiqurasiyası köhnə metodların interaktivliyini minimallaşdırır. Eyni zamanda Azərbaycan heç vaxt köhnə narrativlərin qaytarılmasına imkan verməyəcək və beynəlxalq hüquqa əsaslanan mövqeyindən bir addım da geri çəkilməyəcək.
Ölkə başçımız, Müzəffər Ali Baş Komandan, Cənab İlham Əliyevin iradəsi və xalqımızın sarsılmaz birliyi separatizmin qarşısında ən güclü sipərdir. Regionda sabitliyin və inkişafın yeganə yolu sülh və beynəlxalq hüquqa hörmətdən keçir. Separatçılığa veriləcək ən qətiyyətli cavab suverenliyimizə sarsılmaz bağlılığımızdır. Azərbaycan heç bir təxribata imkan verməyəcək və öz ərazi bütövlüyünü daim qoruyacaq”.
Züriyə Qarayeva
Politoloq Züriyə Qarayevanın sözlərinə görə, Qarabağda separatçı “artsax” xülyası artıq tarixin tozlu arxivlərinə gömülsə də, bəzi revanşist dairələr bu reallığı qəbul etməkdə hələ də çətinlik çəkir: “İkinci Qarabağ müharibəsi və 2023-cü ilin antiterror tədbirlərindən sonra Azərbaycan öz suverenliyini tam şəkildə bərpa etsə də, separatçıların xaricdəki “dəstəkçiləri” vasitəsilə həyata keçirdiyi simvolik cəhdlər hələ də davam edir. Bu cəhdlər əslində nə siyasi, nə hüquqi, nə də real ictimai dəstəyə malikdir – sadəcə, daxili auditoriyanı aldatmaq üçün qurulmuş illüziyalardır. Məsələn, son günlərdə İrəvanda separatçıların özlərinə yeni “lider” seçmək cəhdinin alınmaması, erməni mətbuatının da qeyd etdiyi kimi, həm Ermənistan hökumətinin bu məsələyə olan soyuq münasibəti, həm də daxili siyasi xaosla bağlıdır. Qondarma “artsax parlamenti” hələ də yeni “prezident” irəli sürməyib və görünən odur ki, seçkilərin keçirilməsi qeyri-mümkünləşib. Separatçıların öz aralarında da birlik və aydın siyasi xətt yoxdur. Bu isə bir daha göstərir ki, mifik “artsax dövləti” artıq siyasi fiasko mərhələsindədir. Bu vəziyyət həm də Paşinyan hakimiyyətinin rəsmi Bakı ilə münasibətlərdə yeni səhifə açmaq istəyinin bir göstəricisidir”.
Ekspert hesab edir ki, Ermənistan tərəfi artıq “Qarabağ Ermənistandır” şüarının siyasi nəticələrinin nə qədər ağır olduğunu anlayıb və bundan geri çəkilmək niyyətindədir: “Lakin Paşinyanın “barışıq ritorikası” ilə real addımlar arasında ciddi uyğunsuzluq qalmaqdadır. İrəvanda separatçıların ofisinin hələ də fəaliyyət göstərməsi, Ermənistanda onlara tanınan siyasi və texniki imkanlar bu ziddiyyətin davam etdiyini sübut edir. Bu kontekstdə diqqətçəkən məsələ isə Rusiyanın mövqeyidir. Moskvanın regiondakı təsir imkanları azalsa da, müxtəlif kanallarla separatçılıq alovunu yenidən qızışdırmaq potensialını tam itirmədiyi də məlumdur. Ermənistan-Azərbaycan münasibətlərində balansı dəyişmək və təsir imkanlarını qorumaq üçün Rusiya yenidən separatçı məsələsini gündəmə gətirə bilər. Bu isə həm sülh prosesinə, həm də regional sabitliyə ciddi təhlükə yarada bilər”.
Z.Qarayevanın fikrincə, Azərbaycanın “Dəmir yumruq” amili bu kimi cəhdlərə qarşı ən ciddi cavabdır: “2020-ci ildən sonra formalaşan reallıq göstərdi ki, Bakı heç bir separatçılıq niyyətinə, silahlı qrup fəaliyyətinə və ya “qondarma institut” oyunlarına güzəştə getmək niyyətində deyil. Və bu iradə təkcə hərbi güclə deyil, həm də beynəlxalq hüquq və diplomatik mövqeyin güclənməsi ilə təmin edilir. Sonda bir sual aktual qalır: “Separatçılar hələ nə qədər bu köhnəlmiş mifin arxasında gizlənməyə çalışacaqlar?” Görünən budur ki, bu oyun artıq dünya üçün də, erməni cəmiyyəti üçün də tükənmiş bir səhifədir. Yeni reallıq isə bölgədə sülh, əməkdaşlıq və sabitlik üzərində qurulmalıdır. Ermənistanın da bu reallığı qəbul etməsi gecikdikcə, daxili siyasi böhranlar və regional təcrid prosesi dərinləşəcək”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”