Hadisə 

İranda müharibə gedir, Bakıda iranlı narkobaronların narkotik satışı dayanmır…

İranda müharibə gedir. Generallar qətlə yetirilir, alimlər öldürülür, paytaxt Tehran da daxil olmaqla İranın əksər şəhərlərində raketlər partlayır. Bakının küçələrində isə İrana bağlı başqa bir “müharibə” dayandırmaq mümkün olmur. İllərdir davam edən bu görünməz davanın Azərbaycan cəmiyyətinə vurduğu zərbə real döyüş silahlarının vurduğu zərbədən geri qalmır. İrandan daşınan narkotik gənc nəsli ən son silahlardan betər “vurur”, məhv edir. Səbaildə polisin keçirdiyi son əməliyyat 2 narkokuryer saxlanılıb, onlarda 12 kiloqram narkotik vasitə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə Səbail Rayon Polis İdarəsi 41-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı 32 yaşlı Ülvi Rüstəmli narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərindən 4 kiloqram marixuana, heroin, tiryək və 100 ədəd güclü təsiredici xassəyə malik tramadol həbi aşkarlanıb. İdarənin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən digər əməliyyatla 29 yaşlı Təbriz Ağayev də saxlanılıb. Ondan 8 kiloqram marixuana aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Saxlanılan hər 2 şəxs ifadəsində narkotikləri sosial şəbəkədə tanış olduqları şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşlarından aldıqlarını və maddi qazanc müqabilində əvvəlcədən təyin olunmuş yerlərdən götürüb ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər. Faktlarla bağlı araşdırma aparılır.

Hər dozası bir insan həyatına hesablanmış bu “mal” Bakının hansı küçələrinə, hansı ünvanlarına, hansı talelərə yönələcəkdi, hələlik bu məlum deyil.
Məsələnin maraqlı tərəfi budur ki, iranlı narkotacirlər çox nadir hallarda ələ keçirlər. Necə olur ki, bu qədər yük sərhəddən keçir, bu qədər “mal” Bakıya çatır, amma həmişə kuryerlər ələ düşür? “Mal”sahibləri is qeybə çəkilir? İranlı narkotacirlərin izi niyə itir? Onlar doğrudanmı belə “peşəkar” narkotacirdirlər, yoxsa başqa səbəb var?

Ekspertlər bildirir ki, iranlı narkotacirlərin üçüncü ölkələrdə əməliyyatçılar şəbəkəsi var. Bu şəbəkə “Telegram” və “WhatsApp” vasitəsilə kuryerlərlə əlaqəyə girir, onlara təlimat verir, “yükü” hansı bağçanın küncünə, hansı binanın zirzəmisinə qoyacağını deyirlər. Saxlanılan kuryerlər onlara sifariş verən iranlıları tanımırlar. Nə adlarını bilirlər, nə üzlərini görüblər. Onlar sadəcə narkoticarətdə bir piyadadırlar. İran narkoşəbəkələri çox yaxşı təşkilatlanıb və “əlaqəsiz halqalar” prinsipinə əsaslanır. Azərbaycanda saxlanılan kuryerlər, adətən, şəbəkənin ən aşağı pilləsində dayanan şəxslərdir. Onlar sifarişi kimdən aldıqlarını tam bilmir, yalnız virtual tapşırıqları icra edirlər. Əsas təşkilatçılarla birbaşa təmasları olmur. Bu, izləri itirmək üçün istifadə edilən klassik üsuldur. Digər tərəfdən İran-Azərbaycan sərhədinin uzun və dağlıq sahələri mövcudluğu da narkoticarətlə məşğul olan şəbəkələrin işinə yarayır. Narkotik maddələr əsasən bu çətin keçilən ərazilərdən daşınır.

Son dövrlər narkotik sərhəddin o üzndən bu yana dronlarla daşınır. İran tərəfində olan əsas şəxslərin müəyyənləşdirilməsi çətinləşir. İran tərəfdə əsl sifarişçilərin nəzarəti altında olan sərhəd zolaqları mövcudluğu barədə də xəbərlər var. Azərbaycan gömrükçüsü, sərhədçisi bir neçə kiloqramı tuta bilir, bəs yüzlərlə kiloqram necə keçir? Bu sual açıq qalır. Bir şey isə aydındır ki, İran tərəfi bu qaçaqmalçılığın qarşısını almaqda maraqlı deyil. Bu gün İranın özündə hər gün generallar öldürülür, hərbi bazalar partladılır, ölkə daxilində daxili çaxnaşmalar dərinləşir. Amma cənub qonşumuzun Azərbaycandakı gizli “cəbhəsi” susmur. Və bu biznesin əsas dayağı müharibə şəraitidir. Müharibələr həmişə qaçaqmalçılıq üçün ideal zəmin yaradır. Narkotik, silah, insan alveri müharibələr zamanı əl-qol açır.

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

Daha çox xəbərlər