Bakı araşdırma tələb edə bilər
İranın nüvə obyektlərinə endirilən hava zərbələrindən sonra bölgədə təhlükəsizliklə bağlı ciddi narahatlıqlar yaranıb. İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb ki, İslam Respublikasının Atom Enerjisi Təşkilatı ABŞ tərəfindən İsfahan, Natanz və Fordo şəhərlərindəki nüvə obyektlərinə endirilən zərbələrdən dərhal sonra yoxlamalar aparıb və heç bir radioaktiv sızmanın qeydə alınmadığını açıqlayıb. Lakin bu izahatlar beynəlxalq səviyyədə və region ölkələrində şübhə və ehtiyatlılıq hissini tam aradan qaldırmayıb.
Azərbaycan 2001-ci ildən AEBA-nın tamhüquqlu üzvüdür. Bu isə o deməkdir ki, əgər ölkəmizdə radiasiya fonunda dəyişiklik və ya hər hansı şübhəli vəziyyət müşahidə olunarsa, rəsmi Bakı agentliyə müraciət edib obyektlərin monitorinqini və ya araşdırılmasını tələb edə bilər.
AMEA-nın müxbir üzvü, Radiasiya Problemləri İnstitutunun baş direktoru İslam Mustafayev məsələ ilə bağlı Musavat.com-a bildirib ki, hazırkı vəziyyət Azərbaycanın AEBA-ya müraciət etməsini tələb etmir: “Sızıntılar olsa belə, onların təsiri lokal xarakter daşıyır və maksimum orada çalışanlara təsir edə bilər. Çünki həmin obyektlər yerin 80-90 metr dərinliyində yerləşir. Güclü radiasiya sızması baş versəydi belə, bu dərhal monitorinq stansiyalarında öz əksini tapardı”.
O həmçinin qeyd edir ki, sızma baş verən ərazilər Azərbaycanın sərhədlərindən təxminən 1000 kilometr uzaqlıqda yerləşir: “Təsəvvür edin, Çernobıl partlayışı zamanı 135 km məsafədə yerləşən Kiyev şəhərində belə əhali köçürülmədi. İranda isə nüvə reaktoru yox, zənginləşdirilmiş uran saxlanılır və bu, daha az təhlükəlidir”.
İslam Mustafayevin fikrincə, hazırkı mərhələdə Azərbaycana birbaşa təhlükə yoxdur, lakin əgər Buşehr atom elektrik stansiyasının reaktoru zərbə alsaydı, vəziyyət dəyişə bilərdi: “O reaktorun partlaması genişmiqyaslı fəlakətə səbəb olardı. Bu halda artıq AEBA-ya müraciət etməyə tam əsas olardı. Amma hazırkı vəziyyətdə buna ehtiyac görünmür”.
Ekoloq Ənvər Əliyev bildirib ki, hazırda İranda hədəf alınan nüvə obyektlərində aktiv nüvə reaksiyası baş vermir, buna görə də dərhal radiasiya yayılması ehtimalı zəifdir: “Amerikanın hədəf aldığı obyektlərdə hələlik nüvə sintezi tam şəkildə baş vermir. Orada hazırlıq təxminən 70-80 faiz səviyyəsindədir. Nüvə reaksiyası aktiv fazaya keçmədiyi üçün ciddi problem gözlənilmir. Əsas işlər sentrifuqalarda aparılır. Sentrifuqalar çox həssas qurğulardır, əgər sarsıntı olarsa, mərkəzdən yayınar və işləməyə bilər. İran həmin sentrifuqaların çoxunu vaxtında boşaldıb və ərazidən çıxarıb. Bu səbəbdən orada təhlükəli sızma baş verməsi ehtimalı çox aşağıdır”.
Ənvər Əliyev qeyd edib ki, Fordo obyekti dağın altında yerləşir və ərazi kristallik süxurlarla əhatəlidir: “Fordo təxminən 2000 metrlik dağın altında yerləşir. Oranın süxur qatları əsasən qranit və maqmatik süxurlardır. Bu da zərbələrin təsirini minimuma endirir. Hətta ora yüzlərlə bomba atılsa belə, ciddi zərər vurmaq çətindir. Əsas texnoloji qurğular əvvəldən oradan çıxarılıb. Bu, sıradan bir müharibə deyil, burada öncədən planlaşdırılmış texniki və diplomatik razılaşmalar mövcuddur. Azərbaycan ərazisinə bu obyektlərdən radiasiya yayılması ehtimalı sıfıra bərabərdir”.
Ekoloq qeyd edib ki, hava axınları da radiasiya buludlarının Azərbaycan istiqamətinə gəlməsini mümkünsüz edir: “Əgər hipotetik olaraq belə bir sızma olsa belə, küləklərin istiqaməti və atmosfer axınları onu bizdən uzaq aparar. Yalnız çox isti və bürkülü hava şəraitində əgər hava axınları dəyişərsə, müəyyən zəif təsir ehtimalı var. Amma indiki şəraitdə bu, mümkün deyil. Üstəlik, bütün avadanlıqlar nəzarətdədir, çoxu ərazidən çıxarılıb. Gələcəkdə yeni cihazların gətirilməsi ilə bağlı bəzi ölkələr düşünür, lakin hazırda real təhlükə yoxdur”.
Ənvər Əliyev onu da əlavə edib ki, İranın bu sahədə kifayət qədər hazırlıqlı mütəxəssisləri var: “Rusiya, Pakistan və İranın özündə bu sahədə çalışan peşəkar mütəxəssislər mövcuddur. Həmin ərazilərdə dərin və dayanıqlı bunkerlər inşa olunub. Hazırda hadisələrin Azərbaycana birbaşa təsir edəcək təhlükəli nəticələr doğurması ehtimalı çox aşağıdır”.
Radioloq Aydın Əliyev isə daha ehtiyatlı yanaşma təklif edir. Onun fikrincə, çirklənmənin olub-olmadığını müəyyənləşdirmək üçün Azərbaycanın İranla sərhəd bölgələrində radiasiya ölçmələri aparılmalıdır: “Əgər radiasiya göstəricilərində artım qeydə alınarsa, o zaman AEBA-ya müraciət tam əsaslı olar. Amma ilk olaraq daxili imkanlarla araşdırmalar aparılmalıdır. Texniki vasitələrimiz və mütəxəssislərimiz bu işi həyata keçirməyə qadirdir”.
Azərbaycan bu cür hallarda AEBA-ya müraciət etmək hüququna malikdir. Təşkilatın monitorinq proseduru isə bir neçə mərhələdən ibarətdir. İlk olaraq üzv dövlət hər hansı nüvə və ya radiasiya təhlükəsi ilə bağlı şübhəsini rəsmi şəkildə AEBA-ya çatdırır. Bu müraciət əsasında agentlik ilkin qiymətləndirmə aparır və əgər təhlükənin təsdiqlənmə ehtimalı varsa, texniki missiya göndərilir. Missiya çərçivəsində hadisə yerində nümunələr götürülür, cihazlarla radiasiya səviyyəsi ölçülür və nəticələr laborator müayinəyə göndərilir. Yekun hesabat hazırlanaraq həm agentliyin rəhbərliyinə, həm də müraciət edən dövlətə təqdim olunur. Bu prosedur şəffaf və beynəlxalq hüquqa uyğun şəkildə həyata keçirilir. Hazırkı vəziyyətdə həm beynəlxalq, həm də yerli mütəxəssislər Azərbaycanın birbaşa təhlükə ilə üz-üzə qaldığını düşünmür. Lakin regionda baş verən hadisələrə diqqət artırılmalı, monitorinq və informasiya mübadiləsi davam etdirilməlidir. Rəsmi qurumlar ictimaiyyəti daim məlumatlandırmalı, lazım gəldikdə isə beynəlxalq platformalarda məsələ qaldırılmalıdır. İndiki mərhələdə “ikinci Çernobıl” ssenarisi reallıqdan uzaq görünür, lakin texnoloji obyektlərə qarşı hərbi əməliyyatların davam etməsi bu ehtimalı gələcəkdə gündəmə gətirə bilər”.
Şahanə Rəhimli
Musavat.com