Bağçalarda vermişel əvəzinə balıq – yeni tələb
Tibb və təhsil müəssisələri, sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normalarının yenilənməsinin hüquqi əsası yaradılacaq və yeni qida normaları müəyyən ediləcək. Bu məsələ Milli Məclisin mayın 21-də keçirilən iclasında müzakirə olunan “Yaşayış minimumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normaları müəyyən ediləcək.
”Şherq.az” mövzu ilə bağlı yazır ki, məhz üzərindən 11 illik müddət keçməsi nəzərə alınaraq minimum istehlak səbətinin və buna müvafiq olaraq da qida ilə bağlı yeni normaların müəyyənləşməsinə ehtiyac var. Normalar necə müəyyənləşəcək, gündəlik tələbatı ödəyəcək səviyyədəmi olacaq, yenilənmiş qaydalar açıqlanan zaman bilinəcək. Məsələ tibb və təhsil müəssisələrini, sosial sahəyə aid müəssisələri əhatə etdiyindən xüsusilə vacib görünür. Məsələn, xəstəxanalarda xəstələrin gündəlik yemək rasionu necə dəyişəcək, yaxud uşaq bağçaları, orta məktəb bufetlərində, həmçinin uşaq evləri, internat məktəbləri, sosial sığınacaqlarda gündəlik yemək norması necə müəyyənləşəcək? Ekspert sayta deyib ki, məsələn, 0-15 yaş arası uşaqlar üçün ət və ət məhsullarının illik norması 29.6 kiloqramdır. Bu, ay ərzində 2 kiloqram ət deməkdir. 365 günün hər birinə təxminən cəmi 12 qram ət düşür. 2 kiloqram ət 30 gün ərzində yeyilməlidir. Bu, nə deməkdir, yəni bir uşaq ayda cəmi 2 kiloqram ət yeyəcək. Düzdür, bu, minimum göstəricidir. Amma maksimumun nə qədər olduğunu necə bilək? Uşaq bağçaları aylıq nə qədər ərzaq alır və bu ərzağın içində ətin ümumi çəkisi nə qədərdir? Məsələn, meyvənin illik miqdarı 76 kiloqram göstərilib, əvvəlki istehlak səbətində. Bununla hər uşağa gündə 5-6 qram meyvə düşür. Bu meyvənin hansı meyvələrdən nədən ibarət olduğu bilinmir. Hər uşaq hər gün azı 1 alma, 1 kök, müxtəlif tərəvəzlər yeməlidir. Sağlam olmaq üçün. Verilirmi bu uşaqlara? Balıq məhsullarının çəkisi lap azdır. Halbuki məhz balıq məhsulları orqanizmin zəruri ehtiyacı olan D vitamininin daşıyıcılarıdır.
Xatırladaq ki, hazırda dövlət uşaq bağçaları (məktəbəqədər təhsil müəssisələri) Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyindədir. Bu, 2022-ci ildən etibarən qüvvəyə minən yeni inzibati dəyişikliklər əsasında həyata keçirilib. Məqsəd məktəbəqədər təhsildə idarəetməni mərkəzləşdirmək, tədris və qidalanma standartlarını vahid sistemlə tənzimləməkdir.
Ərzaq dövlət bağçalarına necə alınır və necə verilməsinə gəldikdə, Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət satınalmaları qaydasına uyğun tender prosedurları keçirilir. Qalib gələn şirkətlər ərzaq məhsullarını bağçalara birbaşa çatdırırlar. Bağçalarda verilən yeməklər müəyyən edilmiş gündəlik rasionlar əsasında hazırlanır. Bu rasionlar “minimum istehlak səbəti” göstəricilərinə əsaslanır (hazırda bu normaların yenilənməsi prosesi gedir). Qida keyfiyyətinə və sanitar qaydalara bağça rəhbərliyi, yerli təhsil idarələri, bəzən Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət edir.
Bəs hazırda uşaq evlərində və internat məktəblərində təklif edilən yemək rasionları hansı real göstəricilərlə ölçülür və nə qədər effektivdir?
Dövlət bağçalarına aylıq hansı növ ərzaqlar verilir və bu ərzaqların çəkisi uşaqların yaş və inkişaf ehtiyaclarına uyğundurmu?
Mövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov Musavat.com-a danışıb: “Məlum olduğu kimi, 2011–2021-ci illərdə məktəbəqədər təhsil müəssisələri yerli icra hakimiyyəti orqanlarının tabeliyində olub. Məhz bu 10 il ərzində məktəbəqədər təhsil müəssisələrinin infrastrukturunun qurulmasında çox ciddi problemlər yaşanıb. O cümlədən, qida təminatı məsələsində də kifayət qədər neqativ hallara yol verilib.
2022-ci il yanvarın 1-dən ölkə Prezidentinin sərəncamı ilə məktəbəqədər təhsil müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə verildikdən sonra bu sahədə bir çox istiqamətlərdə ciddi və müsbət dəyişikliklər baş verib. O cümlədən, məktəbəqədər təhsil müəssisələrində təhsil alanların qida təminatı məsələsində də dönüş yaranıb. Hazırda biz ölkə üzrə bütün məktəbəqədər təhsil müəssisələrində bu istiqamətdəki dəyişikliklərin əyani şahidiyik.
Lakin çox təəssüf ki, bəzi məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri hələ də 5–10 il öncənin baxışları və fikirləri ilə yaşayır, uşaqlara ayrılan qidanı mənimsəməklə məşğul olurlar. Təhsil idarəetmə orqanları bu məsələ ilə bağlı nə qədər mübarizə aparsalar da, hələ ki, sistemli iş qura bilməyiblər.
Bununla yanaşı, işini düzgün və şəffaf quran məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri də az deyil. Valideynlər övladlarını həmin müəssisələrə göndərərkən qida təminatının normalara uyğun təşkil olunduğunun şahidi olurlar.
Xüsusilə də regionlarda qida təminatı ilə bağlı bəzi məktəbəqədər təhsil müəssisələrinin rəhbər və işçilərinin cinayət xarakterli əməllərinə, ərzaqların başqa istiqamətlərə yönəldilməsinə dair faktlara da rast gəlirik.
Ümumilikdə isə etiraf etmək lazımdır ki, xüsusilə 2022-ci ildən sonra məktəbəqədər təhsil müəssisələrində qida təminatı baxımından vəziyyət müsbətə doğru dəyişib. Arzu edirik ki, nəzarət sistemi də düzgün qurulsun və uşaqların qida təminatı üçün ayrılmış normativlər olduğu kimi tətbiq edilsin”.
Xalidə Gəray
Musavat.com