Cəmiyyət 

İmtahan yoxsa psixoloji sınaq? – Abituriyentlərin gərginliyi və valideynlərin rolu

Blok imtahanları dövrü abituriyentlərin həyatında yalnız akademik yoxlama mərhələsi deyil, həm də psixoloji baxımdan ən həssas və yüklü dövrdür. Bu mərhələdə zəif nəticə göstərən şagirdlər təkcə qiymətə görə deyil, ailə, qohum, müəllim və sosial çevrənin təzyiqlərinə görə də ciddi emosional sarsıntı keçirirlər. Təəssüf ki, bu gərginlik bəzən özünəgüvənsizlik, aqressiya, depressiya, sosial təcrid və hətta intihara meyillə nəticələnə bilir.

Belə vəziyyətdə valideynlərin mövqeyi həlledici rol oynayır. Onların yanaşması uşağın gələcək şəxsiyyətinin formalaşmasında mühüm iz buraxır – ya müsbət, ya da mənfi.

Uşağın dəyəri imtahan nəticəsi ilə ölçülməməlidir
İlk növbədə valideynlər anlamalıdır ki, bir imtahan nəticəsi övladlarının insani dəyərini müəyyən etmir. “Səndən bir şey olmaz”, “filankəsin oğlu kimi ola bilmədin” kimi ifadələr şagirdin özünə olan inamını zəiflədir və ailədən uzaqlaşdırır. Unutmayaq ki, imtahan yalnız müəyyən bir vaxtda verilən akademik biliklərin göstəricisidir, lakin şəxsiyyətin bütövlüyü, insani keyfiyyətlər və həyat bacarıqları bundan qat-qat önəmlidir.

Motivasiya nəticədən yox, prosesdən doğmalıdır
Valideynlər motivasiyanı yalnız nəticəyə bağlamamalıdırlar. Əksinə, prosesi dəyərləndirməklə övladlarını ruhlandıra bilərlər. “Əsas odur ki, əlinə gələnin hamısını etdin”, “Bu dəfə alınmadısa, başqa yollar var” kimi ifadələr uşağa həm dəstək, həm də məsuliyyət hissini aşılayır. Belə yanaşma uşağın sabit psixoloji durumuna töhfə verir və gələcək uğurlarının bünövrəsini qoyur.
İmtahan yoxsa psixoloji sınaq? – Abituriyentlərin gərginliyi və valideynlərin roluTənqid yox, anlayış və dialoq
Gündəlik “neçə bal yığdın?”, “nə qədər hazırlaşdın?” tipli sorğular uşağı stressə salmaqdan başqa bir nəticə vermir. Əvəzində “nə hiss edirsən?”, “sənin üçün nə edə bilərəm?” kimi suallar həm psixoloji dayaq yaradır, həm də ailənin nəzarətçi deyil, dəstəkçi rolunda olduğunu göstərir.

Ekspert rəyi: “Valideyn maarifləndirilməlidir”
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycanda təhsil sistemi nəticəyönümlü olduğu üçün valideynlər də övladlarına balla yanaşmağa vərdiş ediblər. Halbuki bu yanaşma dəyişməlidir:

“Finlandiyada valideynlər uşağın neçə bal topladığını deyil, nəyə marağı olduğunu və nəyi daha yaxşı anladığını önə çəkirlər. Cənubi Koreya və Yaponiyada rəqabət çox yüksək olsa da, ailə psixologiyasına dövlət dəstəyi güclənir, valideyn maarifləndirilməsi genişlənir. Azərbaycanda isə bu sahədə hələ də ciddi boşluqlar var. Valideynlər çox vaxt cəmiyyətin təzyiqini övladlarının üzərinə yönəldirlər”.

Ekspertin sözlərinə görə, valideyn davranışı uşağın yalnız cari nəticəsinə deyil, gələcək peşəsinə, özünüqiymətləndirməsinə və ailə münasibətlərinə də təsir edir:

“Əgər valideyn anlayış, mərhəmət və inam göstərsə, uşaq uduzduğu imtahanı belə uğura çevirə bilər. Lakin təhqir, müqayisə və laqeydlik onu dərin psixoloji uçuruma sürükləyə bilər. Hər bir uşaq qazanmaq istəyir. Ona arxa olan bir valideyn varsa, o, yalnız imtahanı deyil, həyatın özünü də uğurla keçəcək”.

Daha çox xəbərlər