Siyasət 

İlham Əliyevin Xankəndidən verdiyi tarixi mesajlar: Separatçılığın tabutu dəmir-betonla qapadılacaq!

Xankəndidə ötən gün keçirilən “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu həm məkanı, həm də məzmunu ilə beynəlxalq ictimaiyyətin diqqətini çəkdi. Forumda Prezident İlham Əliyevin çıxışı və jurnalistlərin suallarına verdiyi açıq cavablar həm regionda baş verənlərə, həm də medianın gələcəyinə dair əhəmiyyətli mesajlar verdi.

Prezidentin çıxışında diqqət çəkən mövzulardan biri Azərbaycan-Rusiya münasibətlərində gərginlik yaradan AZAL təyyarəsinin vurulması məsələsi idi. İlham Əliyev sərt və prinsipial mövqe nümayiş etdirərək Moskvanın məsuliyyəti üzərinə götürməməsini tənqid etdi: “Biz artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik. Biz müəyyən bir qovluq hazırlayırıq. Bilirik ki, buna vaxt lazımdır. On il lazım oldu ki, Malayziya Hava Yollarına məxsus “Boeing”lə bağlı təhqiqat başa çatsın. Ancaq biz bu ədalətə nail olacağıq. Biz bunu əldə edəcəyik”.

17529403393436549619_1200x630.jpg (696 KB)

Bu bəyanat bir daha göstərdi ki, Azərbaycan yalnız sözlə deyil, hüquqi müstəvidə də mübarizəyə hazırdır və məsələni beynəlxalq ədalət məcrasında həll etmək niyyətindədir. Prezidentin bu çıxışı həm Azərbaycan cəmiyyətində, həm də beynəlxalq mediada geniş əks-səda doğurdu.

Forumda jurnalistlərin suallarına cavab verərkən dövlət başçısı Ermənistanla sülh müqaviləsi mövzusunda da əhəmiyyətli açıqlamalar verdi: “Bəli, mətn paraflana bilər və Azərbaycan tərəfi artıq Əbu-Dabidə bu təkliflə çıxış edib. Lakin bildiyiniz kimi, paraflanma heç də imzalanma demək deyil. Yəni biri var ki, tərəflər arasında şifahi razılıq əldə olunur, biri də var ki, tərəflər sənədin hər səhifəsinin sonunda öz imzalarını qoyaraq onu paraflayır. Məncə, biz sülh müqaviləsinin imzalanmasına çox yaxınıq”.

Prezident etimad məsələsinə də toxundu: “Əbu-Dabidə müzakirə etdiyimiz mövzulardan biri tərəflər arasında etimadın aşağı səviyyədə olması idi ki, bu da tamamilə anlaşılandır. Bizə gəldikdə, mövqeyimiz heç vaxt dəyişməyib. 2003-cü ildə “Qarabağ bizim torpağımızdır!” dediyim kimi, bu 22 il ərzində də bunu demişəm və deyirəm. Amma ermənilərin mövqeyi dəyişib. Onun yenidən dəyişməyəcəyi ilə bağlı təminat varmı? Belə bir qarantiya varmı? Mənim belə bir təminatım yoxdur”.

O, həmçinin qeyd edib ki, münaqişəni həqiqətən arxada qoymaq üçün Ermənistan öz konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddialarını çıxarmalı, ATƏT-in Minsk qrupu isə ləğv edilməlidir: “Məntiq sadədir. Əgər erməni tərəfi Qarabağ münaqişəsinin bitdiyini hesab edirsə, – Minsk qrupu isə Qarabağ münaqişəsi üçün yaradılmışdı, – demək, onu ləğv etmək lazımdır”.

17529403394156931350_1200x630.jpg (560 KB)

Prezidentin ən təsirli ifadələrindən biri isə bölgədə yaranmaqda olan reallıqları çox dəqiq təsvir edən bu sözlər oldu: “Beynəlxalq hüququn normaları və Əbu-Dabidə dediyim kimi, separatçılığın tabutunun üzərini dəmir-betonla qapadacaq sənədlər zəmanət olmalıdır. Prinsipcə, dediyim kimi, biz tabutun üzərini dəmir-betonla qapatmaq və bundan sonra normal yaşamaqdan uzaqda deyilik. Mən bunu əvvəlki görüşlərdə də demişəm: siz öz həyatınızı yaşayın, biz də öz həyatımızı yaşayaq. Ancaq belə olan təqdirdə Cənubi Qafqazda az-çox məqbul situasiya tədricən yarana bilər ki, nəhayət üç ölkə heç olmasa hər hansı əməkdaşlıq imkanlarını müzakirə etməyə başlaya bilsin”.

Forumun mövzusu və keçirildiyi məkan da özlüyündə mühüm bir mesaj idi. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində belə mötəbər bir tədbirin keçirilməsi, beynəlxalq media və fikir liderlərinin Xankəndiyə toplaşması regionun tam nəzarət altına alındığını və burada sabitliyin bərqərar olduğunu bütün dünyaya nümayiş etdirdi.

Eyni zamanda forumda süni intellekt dövründə medianın yeni çağırışları, informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə və etik prinsiplər geniş müzakirə olundu. Prezident medianın üzərinə düşən məsuliyyəti belə ifadə etdi: rəqəmsal transformasiya medianın imkanlarını genişləndirməklə yanaşı, saxta xəbərlərin və manipulyasiyaların yayılmasını da asanlaşdırır. Buna görə də, media etik prinsiplərə sadiq qalmalı, informasiya təhlükəsizliyi üçün beynəlxalq əməkdaşlıq dərinləşdirilməlidir.

III Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq informasiya məkanında təşəbbüskar mövqeyini daha da gücləndirdi. Prezident İlham Əliyevin çıxışı isə göstərdi ki, Azərbaycan həm regional sabitlik, həm də medianın qlobal problemlərinin həlli üçün konstruktiv və prinsipial mövqe tutur. Şuşadan səslənən bu mesajlar həm Cənubi Qafqazın gələcəyinə, həm də medianın məsuliyyətinə dair mühüm bələdçi oldu.

Şahanə Rəhimli
Musavat.com

Daha çox xəbərlər