Gündəm 

Vətəni sevdirmək üçün əvvəlcə tanıtmaq lazımdır

Peşəkar və məqsədyönlü media fəaliyyəti milli ideyaların yaşadılması və gələcək nəsillərə ötürülməsində mühüm vasitədir

Azərbaycan cəmiyyətində vətənpərvərlik yalnız bir ideya deyil, həm də tarixi təcrübə, milli yaddaş və gələcəyə baxış bucağıdır. Bu dəyərin formalaşmasında, yaşadılmasında və yeni nəsillərə ötürülməsində medianın rolu danılmazdır. Əsrlər boyu xalqımız torpaq, kimlik və müstəqillik uğrunda mübarizələr aparıb. Bu mübarizələrin ən təlatümlü mərhələlərində – istər Birinci Qarabağ müharibəsi, istərsə də 44 günlük Vətən müharibəsi zamanı mətbuat həm ön cəbhədə, həm də arxa cəbhədə yer aldı. Lakin vətənpərvərlik yalnız müharibə dönəmlərində deyil, sülh şəraitində də qorunmalı, möhkəmləndirilməli və inkişaf etdirilməlidir. Məhz bu nöqtədə media öz təsiredici gücü ilə önə çıxır.

Bu gün Azərbaycan mediası milli ruhun daşıyıcısı kimi çıxış etməklə yanaşı, vətəndaşlarda dövlətə, orduya, dəyərlərə bağlılıq hissini gücləndirən əsas platformalardan biridir. Televiziya proqramlarından tutmuş onlayn xəbər portallarına, sosial media layihələrindən sənədli filmlərə qədər geniş bir spektrdə vətənpərvərlik mövzusu gündəmə gətirilir. Bununla belə, bəzən bu yanaşmanın şablon ifadələrlə məhdudlaşması, dərin məzmunlu, tənqidi və təhlilyönümlü materialların azlığı ciddi müzakirə mövzusuna çevrilir.

Hazırkı reallıqda əsas çağırışlardan biri vətənpərvərlik anlayışını yalnız fədakarlıqla deyil, həm də əmək, təhsil, ictimai məsuliyyət prizmasından işıqlandırmaqdır. Media bu anlayışı gündəlik həyatın ayrılmaz parçası kimi təqdim etməlidir. Çünki bu dəyərin daşıyıcıları yalnız cəbhədə döyüşənlər deyil, həm də ölkənin inkişafına səy göstərən, milli maraqları müdafiə edən vətəndaşlardır. Bu kontekstdə medianın üzərinə düşən məsuliyyət sadəcə informasiyanı ötürmək yox, həm də milli kimliyi formalaşdırmaq və möhkəmləndirməkdir.

Qafqazda güclü iqtisadiyyata və modern orduya malik dövlətə çevrilən Azərbaycan üçün hazırda ən aktual olan məsələlərdən biri cəmiyyətdə medianın da köməyi ilə milli mənlik şüurunu, vətənpərvərlik mövzusunu diqqətdə saxlamaqdır. Vətən müharibəsindən öncə Ali Baş Komandanın çıxışını xatırlayaq: “Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki sirr deyil ki, bu gün bəzi hallarda bəzi xarici dairələr gənclərimizin beyinlərini zəhərləmək, onlara xalqımıza yad olan dəyərləri aşılamaq istəyirlər. Buna qətiyyən yol vermək olmaz. Azərbaycan gənci Azərbaycan dəyərləri, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır, Vətənə bağlı olmalıdır, Azərbaycan dəyərlərini hər şeydən üstün tutmalıdır, öz tarixini, ədəbiyyatını, ana dilini mükəmməl bilməlidir, fəxr etməlidir ki, Azərbaycan vətəndaşıdır. Ona görə bu məsələyə çox böyük diqqət verilməlidir. Mən gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə əlaqədar gedən prosesləri müsbət qiymətləndirirəm”.

Beləliklə, Azərbaycan mediası milli-mənəvi dəyərləri yaşatmaqla bərabər, vətənpərvərlik ideyasını cəmiyyətin bütün qatlarına çatdırmaq və onun müxtəlif təzahür formalarını önə çıxarmaq kimi vacib missiyanı daşıyır.

Son illərdə informasiya müharibəsinin artması və qlobal media təsirlərinin güclənməsi fonunda yerli medianın rolu daha da aktuallaşıb. Xüsusilə sosial şəbəkələr vasitəsilə yayılan manipulyativ, yanlış və ya qeyri-obyektiv məlumatlar fonunda, peşəkar və prinsipial media orqanlarının milli dəyərləri qoruyan, reallıqları düzgün əks etdirən və maarifləndirici rol oynaması zərurətə çevrilib. Media mühitində vətənpərvərliyi təşviq edən rubrikaların, müsabiqələrin, ictimai təşəbbüslərin və tematik verilişlərin təşkili həm də gənclər arasında milli şüurun möhkəmləndirilməsi üçün mühüm alətlərdir. Bu baxımdan, dövlət qurumları ilə media subyektləri arasında əməkdaşlıq daha da genişləndirilməli, bu istiqamətdə vahid strateji yanaşma formalaşdırılmalıdır. Vətənpərvərlik ideyasının dolğun və davamlı təbliği üçün medianın imkanları çox genişdir. Əsas məsələ bu imkanlardan düşünülmüş, peşəkar və məsuliyyətli şəkildə istifadə etməkdir.

Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir” | Modern.az

Akif Nağı

Azad Azərbaycan Partiyasının sədri Akif Nağı hesab edir ki, müxtəlif növ media resurslarında – TV, saytlarda və s. vətənpərvərlik mövzusu diqqətdən kənarda qalıb. “Yeni Müsavat”a şərhində A.Nağı bildirdi ki, vətənpərvərlik mövzusuna həsr olunmuş yazılar yazılsa da, tədbirlər keçirilsə də, bu istiqamətdə görülən işlər yetərli deyil: “Milli mənlik şüurunun aşılanması son dərəcə önəmli məsələdir. Sosial mediada vətənpərvərliklə bağlı müzakirə aparılır, lakin çox zaman bu müzakirələr səviyyəsiz olur. Sanki bu işlə hansısa mərkəzlər məşğuldur. Buna görə də hesab edirəm ki, Azərbaycanda vətənpərvərlik işinin aparılması, ən vacibi isə milli mənlik şüurunun aşılanması istiqamətlərində mediada məqsədyönlü iş aparılmalıdır. Əks halda, bir müddətdən sonra vəziyyət ürəkaçan olmayacaq. Fikrimcə, iki istiqaməti xüsusi vurğulamaq lazımdır. Milli özünüdərk prosesi, əcdadlarımız kimlərdir kimi məsələlər tarixi kontekstdə ciddi şəkildə tədqiq olunmalıdır. Milli mənlik şüuru tarix vasitəsilə inkişaf etdirilməlidir. Tariximizə də o qədər hücumlar olub ki?! Son 100-200 il ərzində Çar imperiyası, daha sonra da SSRİ dövründə Azərbaycan tarixinin üzərindən sanki xətt çəkilib. Vətənimiz Azərbaycanı tanıtmalıyıq. Böyük ziyalımız Xudu Məmmədov deyirdi ki, gənclərə “Vətəni sevin!” demək lazım deyil, gənclərə Vətəni tanıtmaq lazımdır, tanıyandan sonra özləri sevəcəklər. Mətbuat bu istiqamətdə müvafiq dəstəyi verməlidir. Müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda canını fəda etmiş qəhrəmanları tanıtmaq lazımdır. Azərbaycan, ərazisində yaşayan hər kəsin – türklərin, talışların, ləzgilərin, tatların və başqa onlarla azsaylı xalqın Vətənidir. Bu ideya təbliğ olunmalıdır. Bu məsələdə xarici mərkəzlərin daha güclü rol oynadığı qənaətindəyəm. Cənubdan, o cümlədən şimaldan da bu istiqamətdə müəyyən təsirlər var. Bu kimi problemlərin aradan qaldırılması çox vacibdir”.

A.Nağının fikrincə, dövlətin inkişaf edə bilməsi üçün vətənpərvərlik hisslərinin təbliği çox önəmlidir: “Bəzən milli mənlik şüurunun təbliği, yaxud tariximizlə bağlı fikir səsləndirəndə insanların bunu anlamadığını sezirəm. Sanki müəyyən sifarişlər yerinə yetirirlər… Elə hücumlar olur ki, elə bəsit fikirlər səsləndirirlər ki?! Düşmənin dediyinə daha çox inanırlar, saxtalaşdırılmış tariximizi daha çox qəbul edirlər, nəinki Azərbaycanın real tarixini. Hazırda belə bir problemimiz var. Bu problemin aradan qaldırılması üçün medianın dəstəyindən istifadə olunmalıdır. Müəyyən uğurlar, nəticələr var, işlər görülür, amma nəticə ürəkaçan deyil. Metodlar, konsepsiya işlənib hazırlanmalıdır, sistemli fəaliyyət qurulmalıdır”.

Hazırladı: Nigar Həsənli

Daha çox xəbərlər