Gürcüstan Orta Dəhliz üzrə yükdaşımaları 5 dəfə artırmağı planlaşdırır
Gürcüstan hakimiyyəti Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yükdaşımaları əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır. Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu Gürcüstan Dəmir Yolunun baş direktoru Laşa Abaşidze deyib.
Abaşidzenin sözlərinə görə, Gürcüstan keçid qabiliyyətini artırmaq üçün dəmir yolu infrastrukturunu fəal şəkildə genişləndirir.
“Bu il artıq yükdaşımaların həcmi artır və Çin istiqamətindən Orta Dəhlizədək Çin yüklərinin həcmini artırmaq bizim üçün vacibdir. Ona görə də biz bu mövqeyə gəldik ki, yüklər fasiləsiz daşınsın. Biz bu marşrut üzrə yükdaşımaların həcmini ən azı ildə bir dəfə artırmağa çalışırıq”, – Abaşidze bildirib.
Hələlik yük qatarlarının BTQ ilə hərəkəti sınaq rejimindədir. Çindən çıxan və BTQ vasitəsilə Türkiyədən keçərək Avropaya gedən qatar Gürcüstanın Axalkalaki stansiyasına gəlib.
Qeyd olunur ki, Orta Dəhlizin tam işə salınması yük dövriyyəsini ildə 1 milyon tondan 5 milyon tona, gələcəkdə isə 15 milyon tona qədər artıracaq.
BTQ üç ölkənin dəmiryol şəbəkələrini birləşdirən Azərbaycan, Gürcüstan və Türkiyənin birgə layihəsidir. Onun üzərində yük daşımalarının açılışı 2017-ci ilin oktyabrında baş tutub.
Musavat.com