Yay tətili: Azərbaycan uşaqları üçün boşluq yox, inkişaf dövrü olmalıdır
Yay tətili təkcə dərsdən azad vaxt deyil, uşaqların sosial, psixoloji və yaradıcı inkişafı üçün strateji əhəmiyyət daşıyan dövrdür. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda təhsilə diqqət artıb, məktəbəqədər və ibtidai səviyyədə yeni məktəblər, müəllim hazırlığı və sosial dəstək paketləri təqdim olunub. Lakin yay tətilinin özü hələ də sistemli şəkildə təşkil olunmayıb.
Təhsil eksperti Kamran Əsədov BiG.AZ-a açıqlamasında bildirir ki, valideynlər bəzən yay tətilini “bilik itkisinin qarşısını almaq” adı ilə məcburi dərs təkrarına çevirir. 2021-ci ildə ABŞ-ın NWEA araşdırmasına görə, yay tətilində şagirdlər riyaziyyat və oxu üzrə müəyyən bilik itkisinə məruz qalırlar. Lakin bu, maraq əsaslı təhsil fəaliyyətləri, mütaliə, oyun və sosial bacarıq inkişafı ilə əvəz oluna bilər. Məcburi dərs təkrarı isə uşaqlarda öyrənməyə qarşı mənfi münasibət yaradır:
“Dünya təcrübəsində yay tətilləri məktəbdənkənar bacarıqların inkişafı üçün istifadə olunur. Finlandiyada şagirdlər təbiət, bədən tərbiyəsi və ailə ilə zaman keçirməyə üstünlük verirlər. Estoniyada isə yay düşərgələri tənqidi düşüncə, ünsiyyət və əmək bacarıqlarını formalaşdırır.
Uşaqların inkişafını təmin edən yay proqramları: kitabxana oxu proqramları, muzeylərlə atelyelər, idman sessiyaları, STEAM və texnologiya düşərgələri, ekoloji təhsil layihələridir. Lakin Azərbaycanda Elm və Təhsil Nazirliyi bu sahədə hələ strateji proqram açıqlamayıb”.
Ekspertin sözlərinə görə, dövlət səviyyəsində planlı yanaşma uşaqların həm öyrənməsinə, həm də istirahətinə şərait yaradacaq, sosial bacarıqlarını inkişaf etdirəcək və onları real həyatda məqsədli fərdlərə çevrilməyə hazırlayacaq. Mövcud yanaşma isə yalnız stress yaradır. Dövlət başçısının təhsilə diqqəti yay tətillərində də hiss olunmalıdır.