Uşaqlığımı Geri Qaytaran Şəhər- Xankəndi
İki yaşım vardı… Dünyanı tanımağa, həyatı öyrənməyə başladığım çağda məcburi köçkün adlanan bir taleyin içində tapdım özümü. Xankəndidən uzaq düşdüm. Körpə idim, amma o ayrılığın ağrısını ruhumun dərinliyində daşıdım.
İllər keçdi, mən böyüdüm, ata oldum. Həsrət isə böyümək bilmədi — o, hər yaşımda eyni qaldı.
Bu gün isə başqa bir səhər açıldı. Mən Xankəndiyə qayıtdım. Amma tək yox. Yanımda dörd can parçam var. Onlar indi Nizami Gəncəvi adına 4 nömrəli məktəbdə oxuyurlar. Hər səhər məktəb yolunda onların gülüşü bu şəhərin divarlarında əks-səda verir.
Bir zamanlar qaça bilmədiyim küçələrdə indi onların addımları səslənir. Mənim doyunca görə bilmədiyim yaz çiçəklərini onlar toplayır. Mənim yarımçıq qalan uşaqlığım indi onların gözlərində tamamlanır.
Bu torpaq mənim üçün sadəcə doğma yurd deyil o, mənə ikinci dəfə uşaqlıq bəxş edib. Amma bu dəfə öz uşaqlığımda yox, övladlarımın xoşbəxtliyində.
Və mən bilirəm: bəzi həsrətlər bitmir, amma bəzən illər sonra insan o həsrətin içində yenidən doğulur. Mən bu yenidən doğuluşu Xankəndidə yaşayıram.
Müəllif: Şamxal Adıgözəlov