Siyasət 

Paşinyanın müxalifəti küçə aksiyalarına hazırlaşır

Ermənistanda siyasi hərarət yüksəlib; Kremlə bağlı çevrələr hərəkətə keçib

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca siyasi hərarət də yüksəlir. Xüsusilə də Ermənistanın baş naziri Nikol Paşinyanın 8 avqustda, ABŞ paytaxtında prezident Donald Trampın şahidliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə sülh anlaşması əldə etməsi onun əleyhdarlarını, radikal qüvvələri qəzəbləndirib. Heç şübhəsiz ki, bu qüvvələrin arxasında dayananlar bu proseslərdə qızışdırıcı rol oynayırlar.

Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın son günlər “xortlaması”, Paşinyanı kilsə siyasətinə görə tənqid etməsi, Qarabağdan könüllü getmiş erməniləri ayağa qalxmağa çağırması və bir sıra digər  sərsəm yanaşmalar radikalların hərəkətlənməsində müəyyən rol oynayıb. Üstəlik, Kremlin xüsusən də Vaşinqton razılaşmasına qıcıqlı reaksiyaları, Ermənistandakı “5-ci kolon”u hərəkətə gətirmək istiqamətində məkrli siyasəti, Qarabağ ermənilərinə yardım kampaniyasını davam etdirməsi sülhə qarşı dayanan çevrələrdə hərəkətlənməyə səbəb olub.

Antisülh qüvvələr anlayırlar ki, Paşinyanın Azərbaycanla anlaşması gələcəkdə Ermənistana təsir imkanlarının əldən çıxmasına, ümumilikdə Qafqazın itirilməsinə gətirib çıxara bilər.

Nikol Paşinyanın xalqa müraciətində Qarabağ ermənilərinin geri qayıdışının gələcəkdə sülhə zərbə olacağını deməsi və bunun mümkünsüzüyünü bəyanlaması da separatçıların əlinə “kozır” verib. Lakin ermənilərin Qarabağdan könüllü köç etmələrində Azərbaycanın zərrə qədər günahının olmadığını Paşinyan da bilir, Tramp da, digərləri də. Odur ki, erməni baş nazir yenidən bu mövzuya qayıdışın Vaşinqton anlaşmalarının pozulması istiqamətində təxribata bərabər olduğunu yaxşı bilir. Bakı məhkəmələrində ədalət qarşısında cavab verən separatçı ermənilərlə bağlı da N.Paşinyanın ehtiyatlı mövqe tutması təqdir olunmalıdır. Amma bütün bunların fonunda erməni müxalifəti davamlı şəkildə etirazların anonsunu verir və Paşinyanı devirməklə bağlı çağırışlar da eşidilir.

Müxalifət küçə aksiyalarından siyasi dəyişikliklərin aləti olmasını istisna etmir. Bunu “Ermənistan” blokundan olan deputat Levon Köçəryan “Müqəddəs mübarizə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın işi üzrə məhkəmənin keçirildiyi məhkəmə binası qarşısında jurnalistlərlə söhbətində deyib. Eks-prezident Robert Köçəryanın oğlunun sözlərinə görə, “Ermənistan” bloku mümkün seçkilərdən danışsa da, heç vaxt küçə aksiyaları üçün qapını bağlamayıb. O, cəmiyyətdəki əhval-ruhiyyəni şərh edərkən qeyd edib ki, hakimiyyətin etirazları yatırtmaq cəhdlərinə baxmayaraq, narazılıq qalmaqdadır. “Qorxu və repressiya çoxlarını küçə etirazlarından çəkindirir. Bu, təkcə müxalifətə aid deyil. Sadəcə olaraq, səsini ucaldanların çoxu həbslərə və həbslərə məruz qalır”, – deputat bildirib.

Köçəryan müxalifət düşərgəsində birlik məsələsinə də toxunub. “Ümid edirəm ki, real müxalifət qanadı, o cümlədən iş adamı Samvel Karapetyan bir-birinə mane  olmayacaq. Anlaşmazlıqlar normaldır, amma əsas məqsəd satqın hakimiyyətdən qurtulmaqdır”, – o vurğulayıb. Deputat “Ermənistan” blokunun bəzi deputatları ilə Karapetyanın komandası arasında danışıqların aparılması barədə iddiaları təkzib edib. 

Ermənistanda müxalifət qüvvələri ölkənin təhlükəsizlik təminatları məsələsini real siyasi gündəm kimi formalaşdıra bilmir. Bu isə baş nazir Nikol Paşinyana özünü “sülh gündəminin simvolu” kimi təqdim etmək imkanı verir.

Ermənistanın “Alternativ layihələr” qrupunun üzvü, revanşist görüşləri ilə tanınan ekspert Vahe Ovanisyan sosial şəbəkədəki açıqlamasında bir daha müxalifət qüvvələrini Paşinyanı devirməyə çağırıb. Belə görünür ki, müxalifət seçkiyədək qüvvələrini birləşdirib Paşinyana qarşı məhz küçə aksiyaları ilə qalib gəlməyi düşünür. Amma bunu bacaracaqmı?

Sahib Məmmədov: "Azərbaycan polisi əsl fədakarlıq göstərdi"

 Sahib Məmmədov

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, siyasi ekspert Sahib Məmmədov “Yeni Müsavat”a açıqlamasında mövzu ilə bağlı diqqətçəkən və maraqlı fikirlər söylədi: “Vaşinqtonda imzalanan sənəd Ermənistanın və onu dəstəkləyənlərin ”Ermənistan sülh istəyir, sülhün əleyhinə olan Azərbaycandır” təbliğatını alt-üst edib. Bu artıq bizim qələbəmizdir. Amma yaxşı olardı ki, paraflanmış sənəd imzalansın və ratifikasiya olunsun, əlbəttə, Azərbaycan tərəfinin haqlı tələblərinə əməl edilmək şərti ilə. Prosesi izləyən hər kəs bilirdi və bilir ki, Ermənistanın indiki hakimiyyətinə sülh prosesini başa çatdırmaq çətin olacaq, çünki Ermənistan hakimiyyətinə daxili  – əslində xarici qüvvələrdən asılı olan daxili – və xarici qüvvələr tərəfindən təzyiqlərin artacağı gözlənilən idi. Konstitusiya islahatı və seçkilər ərəfəsində bu təzyiq dəfələrlə artacaq və sülhün əleyhinə olan revanşist və xarici güclərdən asılı qüvvələr kütləvi aksiyalara başlayıb, sonradan onu kütləvi itaətsizlik və üsyan fazasına çatdırmaq və Paşinyan hakimiyyətini devirməyə cəhd edəcəklər”. Buna nail ola biləcəklərmi? S.Məmmədov: “Bugünkü vəziyyətə baxanda demək olar ki, yox. Çünki bu qüvvələrin arxasında geniş əhali kütləsi dayanmır. Təşkilatlanmış əks qüvvələr olsa da, kritik kütlə yoxdur. Amma konstitusiya islahatı və seçkilər ərəfəsində qüvvələr nisbəti dəyişə bilər. Vaşinqton prosesinin həyata keçməsində maraqlı olmayan dövlətlər və güclər bunun üçün əlavə resurslar səfərbər edə bilər”.

Bu arada, Rusiya baş nazirlərinin müavini Aleksey Overçukun İrəvana səfər etməsi və erməni həmkarı Mqer Qriqoryanla regional kommunikasiyaların açılması məsələlərini müzakirə etməsi də diqqət çəkir. Məlumata görə, Ermənistan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri olan baş nazir müavinləri həmçinin geniş tərkibdə danışıqlar aparıblar. Danışıqlar zamanı regional kommunikasiyaların açılmasının ərazi bütövlüyü, suverenlik, ölkələrin yurisdiksiyası və qarşılıqlılıq prinsiplərinə tam əməl olunmaqla həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Rusiyanın adamının belə bir kritik dövrdə Ermənistana qəfil gəlişi təsadüfi deyil. Xüsusilə də Kremlin Zəngəzur dəhlizi (Tramp marşrutu) ilə bağlı həyəcanı fonunda bu müzakirələr Rusiyanın İrəvana təsir və təzyiqlərinin elementi kimi düşünülməlidir. Xatırladaq ki, bundan əvvəl Rusiya rəsmisi İran-Ermənistan sərhədini Rusiya sərhədçilərinin qoruduğu barədə xatırlatma etmişdi. Paşinyanın israrla dəhlizə nəzarəti erməni tərəfin öz üzərinə götürməyə hazır olduğunu bildirməsi Rusiyanı narahat etməyə bilməz. Üstəlik, dəhlizin 99 illik ABŞ şirkətinə icarəyə verilməsi faktı. Moskva heç şübhəsiz ki, bütün bunlara görə Ermənistana xəbərdarlıqlar edib.

S.Məmmədovun fikrincə, Rusiya Ermənistanın indiki rəhbərliyini “yola gətirmək” istəyir: “Alınmasa, sürprizlər ola bilər, amma Paşınyan 2020-ci ildən sonra xeyli sürprizləri dəf edə bilib”.

Hər halda, qarşıdakı aylarda balansın kimin xeyrinə dəyişdiyini görəcəyik. N.Paşinyanın hakimiyyətdə qalması həm sülhün tezliklə əldə olunması, həm dəhlizin reallaşması, həm də Ermənistanın təhlükəsiz mövcudluğu deməkdir. Erməni radikallar bunu anlaya bilsələr…

E.PAŞASOY,
“Yeni Müsavat”

Daha çox xəbərlər