Gündəm 

Nə Nikolay, nə Stalin, nə Brejnev bacarmamışdı… – BACARAN BACARDI!

Murov dağının sinəsi yarıldı, aralıqdan işıq boylandı. Bu, bir mühəndislik layihəsinin tamamlanması ilə birgə, Azərbaycan yolaçma tarixində yeni səhifədir. Qafqazın sərt qayaları, yüzillərin müxtəlif maneələri bu günlərdə Azərbaycanın iradəsi qarşısında əriyib getdi.

Yüzillərlə bu dağ keçilməz sayıldı. Çarın da, Sovetin də qüdrəti çatmadı. Xalq Cümhuriyyətimizin ömrü, imkanı macal vermədi. Amma nəhayət, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılıq etdiyi Qalib Azərbaycan bacardı! Bacardı – çünki iradəsi vardı, gücü vardı, ulusun inamı vardı.

Budur, Prezident ekskavatoru idarə edərək tunelə işıq saldı – yeni yolu aydınlığa qovuşdurdu. O an həm texniki, həm də simvolik baxımdan tarixi idi. “Tunelin sonunda işıq var” ifadəsi artıq ədəbiyyatın, şairlərin təsəllisi yox, el-obanın, ulusun yaşam gerçəkliyi oldu. Qaranlıqdan işığa çıxmaq – azərbaycanlıların həm müharibəsonrası taleyində, həm də gündəlik yaşamında öz təsdiqini tapdı.

Murov keçidi uzun illər həm insanın, həm dövlətin qarşısını kəsən bir maneə idi. İndi isə dövlət iradəsi və ağlı bu maneəni aşdı. Sovet dönəmi Zülfüqarlı yönündə balaca bir tuneli olan Kəlbəcərin bu tuneli bir tuneldən daha artıqdır – Qarabağın, Zəngəzurun, Gündoğarın, Günbatarın, Güneyin, Quzeyin birləşdiyi yol dəyərindədir. – Başqa sözlə, Türk dünyasını, Qafqazı, Avropanı birləşdirəcək damarların önəmli halqalarından biridir.

Toğanalı–Kəlbəcər avtomobil yolu üzərində yerləşən avtomobil tuneli Kəlbəcər ərazisində, Murovdağ silsiləsinin işərisindən keçir. Strateji önəm daşıyan Murovdağ tunelinin uzunluğu 11,6 kilometrdır.

Bir ölkə içindəki ən uzun avtomobil tunelləri siyahısında dünya üzrə ön sıralarda olan Murovdağ tunelinin təməli 4 il öncə qoyulmuşdu.

Görün, necə bir təsadüf:

bir vaxtlar düşmənin tankları, topları bu dağların qoynundan Azərbaycanı ayırırdı, indi isə ulusun iradəsi, Müzəffər əli, mühəndis zəkası dağları dağlara qovuşdurdu. Bir vaxt dağların sinəsində, torpağın üstündə ellər ayrı, obalar pərən-pərən düşmüşdü… Bax, bu uğurlar, yeni bir siyasətin, yeni bir tarix mərhələsinin başlanğıcıdır.

Bəli, tunelin sonunda işıq var! O işıq ulusumuzun yoluna düşüb. İndi bu yol Qarabağa aparır, Zəngəzura aparır, daha geniş anlamda – müstəqil Azərbaycanın gələcək zirvələrinə aparır.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI

Daha çox xəbərlər