Gündəm 

Çində o tarixi görüş baş tutsa…

Siyasətdə daimi dostlar yox, daimi maraqlar olur. Hərçənd bu da faktdır ki, liderlər arasında şəxsi münasibətlər ölkələr və xalqların əlaqələrinə, ovqatına heç də az sirayət eləmir. Özəlliklə qarşılıqlı etimad mühitinə birbaşa təsir göstərir. Hazırda Çində səfərdə olan Azərbaycan və Rusiya prezidentləri – İlham Əliyev və Vladimir Putinin mümkün görüşünə böyük maraq ən əvvəl bu amillərdən qaynaqlanır.

Sirr deyil ki, iki ölkənin korlanan münasibətləri postsovet dönəmində bəlkə də ən çətin, ən riskli dövrünü yaşayır. Səbəblər və baiskar məlum: açıq-aşkar günahkar ola-ola, Rusiya tərəfinin hələ də özünü Azərbaycan qarşısında yekəxana, təkəbbürlü aparması. Putinin imzası duran Moskva Bəyannaməsinə tüpürməsi. Sanki Kreml rəhbəri nə edirsə, düz edir və hamı onun hərəkətlərini “böyük qardaş” kimi gözüyumulu təqdir eləməlidir…

Bu, əlbəttə, velikorus düşüncəsindən doğan yanaşma, xəstə məfkurənin təzahürüdür. Halbuki bir ölkənin ərazisinin böyüklüyü, yaxud nüvə başlıqlarına malik olması ona qonşulara münasibətdə hansısa üstünlük, diktə haqqı vermir. “Güclüyəmsə haqlıyam” arxaik məntiqi çoxdan tarixdə qalıb.

Odur ki, rəsmi Moskva nə qədər gec deyil, zəhmət çəkib özünü yığışdırmalı, postsovet ölkələrinə yuxarıdan-aşağı baxmağa, özünün “zəncirli köpəkləri” vasitəsi ilə onları hədələməyə son qoymalıdır. Bayırda XXI əsrdir, konkret olaraq Azərbaycanda müstəqilliyin ilk ilində doğulan uşaqlar artıq 34 yaşın içindədir. Onlar SSRİ-zad görməyib. Qısası, qatar gedib. “SSRİ-2” xülyası ilə yaşamaq yetər…

Yeri gəlmişkən, Putinin sözüdür, deyib ki, “SSRİ-nin süqutuna sevinənlərin ürəyi, onu bərpa etmək istəyənlərin isə ağlı yoxdur”. Hərgah bu fikirdən də imperialist məfkurənin “qoxusu” gəlir. Niyə?

Əvvəla, əzəli torpağımız Qərbi Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana birləşdirən və Naxçıvanı anklav duruma salan “qırmızı imperiya”nın dağılmasına biz azərbaycanlılar niyə sevinməməliyik ki? Nədən məmnun olmayaq, əgər Sovet İttifaqının gorbagor olması ilə müstəqilliyimizi bərpa eləmişiksə? İndi belə çıxır, bizim ürəyimiz yoxdur?

Bəs SSRİ-ni bərpa etmək istəyənləri ağılsız adlandıran şəxsin – Putinin özünün imperiya sevdasına düşməsinin adı nədir? Niyə keçmiş sovet respublikaları bir yana, Şərqi Avropa ölkələri də (Polşa və s.) Rusiyadan uzaq durmağa, qaçmağa başlayıb?..

Qayıdaq Çinə.

Yenə məhz şovinist düşüncənin bariz əlamətidir ki, İlham Əliyevlə Aleksandr Lukaşenkonun Çində mehribancasına söhbəti Kremlə sadiq medianı əməllicə qıcıqlandırıb. Guya Belarus Rusiyanın ən yaxın müttəfiqidirsə, bu ölkənin lideri Moskvanın gərgin münasibətlərdə olduğu Azərbaycan lideri ilə görüşməməlidir.

Amma soruşan yoxdur ki, Rusiyanın özündən savayı gerçək müttəfiqi, dostu-qardaşı varmı, olubmu? Məgər Putin deyildimi söyləyən ki, “Rusiyanın ən etibarlı müttəfiqi onun ordusudur”? Yəni yenə eyni imperialist yanaşma, eyni siyasi təkəbbür…

İndi gəl, bütün bunların üstündən Ermənistan baş naziri Nikol Paşinyanın Putinlə görüşdə Rusiyanı və Ermənistanı “qardaş ölkələr” adlandırmasına istehza eləmə. Sözsüz ki, qərbçi Paşinyan gözünün içinə kimi yalan deyir, səmimi deyil. Nikol qorxusundan blef edir. Çünki Rusiyanın “Ermənistan” adında qardaşı yox, vassalı, forpostu ola bilər.

Belə bir difirambanı vaxtilə Putinə heç Moskvanın sadiq tulaları – Xocalı hərbi caniləri Robert Köçəryan və Serj Sərkisyan da etməyib. Amma gör Azərbaycan Prezidenti Putinə nə deyəcək. Təbi ki, bir araya gəlsələr. O halda bu, onların 2025-də ilk canlı təması olacaq.

Bu təmas indi Bakıdan çox faktiki dünyada tək-tənha, dostsuz qalmış (bəlli oldu ki, heç Belarus da dost-qardaş sayılmaz) Moskvaya lazımdır. Ocağı qalayan, ona vaxtaşırı “benzin” tökən də odur, onun zəhərli mediası, solovyov, zatulin çaplı şarlatanlardır. Deməli, özləri də söndürməli olacaqlar. Əks halda, Azərbaycan və onun xalqından xoş münasibəti unutsunlar. Həmişəlik…

Daha çox xəbərlər