“Gallup”un Zəngəzur əleyhinə təbliğatı – arxasında kimlər var…
ABŞ-də ən etibarlı məlumat mənbələrindən olan təşkilatın keçirdiyi sorğuya görə, ermənilərin əksəriyyəti Vaşinqton razılaşmalarının əleyhinədir, bu nəticələr niyə geniş şəkildə tirajlanır?
Ermənistan vətəndaşlarının əksəriyyəti avqustun 8-də Vaşinqtonda imzalanmış üçtərəfli bəyannaməyə mənfi münasibət bəsləyir. Erməni mediası “Gallup İnternational”ın sorğusunun nəticələrini geniş şəkildə tirajlayır. “Yeni Müsavat” qeyd edir ki, sorğunun nəticələrini isə təşkilatının Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan mətbuat konfransında açıqlayıb.
Sorğunun nəticələrinə görə, respondentlərin 22,8%-i bəyannaməni “tamamilə müsbət”, 19,3%-i isə “kifayət qədər müsbət” qiymətləndirib. Eyni zamanda 13,6%-in rəyi “kifayət qədər mənfi”, 34%-ki isə “tamamilə mənfi” olub. Daha 7%-i cavab verməkdə çətinlik çəkib, 3%-dən çoxu isə sənəddən xəbəri olmadığını etiraf edib. “Sorğuda iştirak edənlərin demək olar ki, yarısı – təxminən 47%-i bəyannamənin imzalanmasına mənfi rəy verib, lakin respondentlərin demək olar ki, 40%-i bunu kifayət qədər müsbət qiymətləndirib”, – Navasardyan qeyd edib.
Sorğuya həmçinin Sünik (Zəngəzur – E.S.) rayonundan Azərbaycana yolun mümkün təminatı ilə bağlı sual da daxil edilib. Respondentlərin 17,4%-i bu ideyanı tamamilə müsbət, digər 18,1%-i isə “kifayət qədər müsbət” kimi qiymətləndirib. Eyni zamanda 11,3% “kifayət qədər mənfi”, 47,6% isə “tamamilə mənfi” deyib. “Beləliklə, respondentlərin təxminən 60%-i bu təşəbbüsə mənfi münasibət bəsləyir”, – Navasardyan qeyd edib.
İştirakçılara həmçinin Vaşinqton razılaşması nəticəsində regionda uzunmüddətli sülhün bərqərar olmasının perspektivləri barədə də sual verilib. Demək olar ki, 39% dinc ssenariyə ümid etdiyini bildirib (15,8% – “mütləq bəli”, 22,8% – “daha çox bəli”). Lakin əksəriyyət – təxminən 55% – bu nikbinliyi bölüşmür (13,5% – “daha doğrusu yox”, 41,6% – “qətiyyən yox”).
Məlumat üçün deyək ki, “Gallup International Association” adı ilə dünya brendinə çevrilmiş təşkilat 1935-ci ildə yaradılıb. 1947-ci ildə İsveçrənin Sürix şəhərində qeydiyyatdan keçib. “Gallup”ın məqsədi daxili və xarici siyasət məsələləri ilə bağlı müntəzəm ictimai sorğular keçirməkdir. Təşkilat ABŞ-də ictimai rəyin vəziyyəti haqqında ən etibarlı məlumat mənbələrindən biridir. Çox güman, onun beynəlxalq nüfuzunu şərtləndirən də elə məhz budur. 1984-cü ildə Corc Gallupun ölümündən sonra qurum 1969-cu ildə Donald Klifton tərəfindən qurulan psixoloji tədqiqat şirkəti olan Seleksiya Araşdırmaları Birliyi tərəfindən satın alınıb. Bundan sonra müxtəlif ölkələrdə “Gallup” brendinin mülkiyyəti ilə bağlı dartışmalar davam edir.
Yeri gəlmişkən, Rusiya mediasında da Zəngəzur dəhlizinin əleyhinə olanlara tribuna verilir. Belə ki, “Alpha News”un baş redaktoru Tiqran Köçəryanın Pravda.ru-nun xüsusi müxbiri Dərya Aslamovaya müsahibəsi bunu təsdiq edir. Erməni politoloq deyib ki, faktiki Rusiya bölgədə mövqelərini sürətlə itirib. “Ankara ilə diplomatik əlaqələr qurulan kimi isə Gümrüdəki Rusiya bazası, Türkiyə ilə sərhəddəki rus sərhədçilərinin taleyi də sual altında qalacaq. Rusiya Ermənistanın cənub hissəsindən çıxarıldı, indi də ölkənin cənubunda Rusiya konsulluğunun açılmasına icazə vermirlər”.
Köçəryan İranın Zəngəzurla bağlı mövqeyi haqda da danışıb: “İran çox zəifləyib. Livanda, Suriyada təsirini itirib. Hizbullah və HƏMAS-ın ”başı kəsilib”, SEPAH komandirləri bir-birinin ardınca öldürülür. İranın özündə də Tehranın bu regionda müstəqil oyunçu olmasını istəməyən müəyyən hakimiyyət qolu var. Ermənistanda çoxlarının sualı var: İran belə asanlıqla, gözünü qırpmadan Hizbullahı təslim edib Suriyanı, HƏMAS-ı təslim edibsə, Zəngəzur dəhlizi uğrunda Türkiyə və Azərbaycanla döyüşəcək, ya yox? Mənim cavabım “yox”dur”.
Yada salaq ki, ABŞ nümayəndə heyəti Zəngəzur dəhlizi və ya “Tramp yolu”nun açılması ilə bağlı konkret addımları müzakirə etmək üçün bu həftə Ermənistana səfər edəcək.
Belə bir vaxtda “Gallup”un Zəngəzur əleyhinə sorğusunun arxasında kimlər var? Maraqlıdır, ermənilər bunu niyə geniş şəkildə tirajlayır?
Oqtay Qasımov
Siyasi ekspert Oqtay Qasımov Zəngəzur dəhlizi ilə bağlı rəy sorğusunda nəticələri kifayət qədər yüksək sayır. Onun qənaətinə görə, illərlə beyni zəhərlənmiş, faşist zehniyyətli bir cəmiyyət üçün bu göstəricilər hələ pozitiv haldır: “Hesab edirəm ki, prosesin gedişində rəqəmlər dəyişəcək. Digər tərəfdən, sualın qoyuluşu da düzgün deyildi. Əgər sual daha doğru qoyulsaydı, fərqli nəticələr ola bilərdi. Bunun da səbəbi var – “Dəmir yumruq”. O.Qasımovun sözlərinə görə, hətta revanşist qüvvələr hakimiyyətə gəlsə belə, əldə olunan nəticələri poza bilməzlər. Onun fikrincə, ermənilərin yeni müharibəyə başlamaq potensialı da yoxdur, eyni zamanda Trampın imzası olan sənədə arxa çevirə bilməyəcəklər. Ekspert üçtərəfli 10 noyabr bəyannaməsinin faktiki qüvvədən düşdüyünü fikirlərinə əlavə edib.
Ehtiram Mehdiyev
Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev sorğunun nəticələrində əleyhdarların 50 faizə çatmadığını bildirib. Onun proqnozuna görə, erməni ictimai rəyi mərhələli şəkildə yeni dövrə hazırlanır: “Paşinyan Çində olarkən Zəngəzur dəhlizi ifadəsinə etirazını bildirmişdi. Bu da məhz revanşist gücləri sakitləşdirməyə hesablanmışdı. Həmçinin daxili auditoriyaya xitab etmişdi. Bu sorğunun nəticələri isə göstərir ki, Zəngəzur koridorunun açılmasına əhalinin heç tam yarısı etiraz atmır. Əslində cəmiyyətin şüurunda dəyişiklik zamanla olacaq. Ermənilər uzun illər bizə nifrət ruhunda yaşayıblar. İkinci Qarabağ müharibəsində ağıllarına gətirmədikləri məğlubiyyətlə üzləşiblər. Onların indi belə düşünməsi çox normaldır”.
E.Mehdiyev sorğunun nəticələrinin geniş piar olunmasında müxalifətin rolunu görür: “Onlar təbliğatı gücləndirir ki, ən populyar sorğu mərkəzi görün hansı nəticəni ortaya çıxarıb. Yəni xalq razılaşmaları qəbul etmir. Amma 8 avqust anlaşmasından sonra İrəvanın mərkəzi meydanına heç 5 min adam toplaşıb etiraz etmədi, yaxud müxalifətin razılaşmaların əleyhinə mitinq çağırışı olmadı. Bir sorğudan daha üstün praktiki reallıqlardır. Erməni cəmiyyəti susqun və passiv mövqeyi ilə nəticələrlə razılaşıb. Sadəcə, radikal mövqe sərgiləyənlər barışmaq istəmirlər. Lakin nəqliyyat kommunikasiyalarının blokadadan çıxması erməni xalqının sosial rifahına müsbət təsir edəcək”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”