Gündəm 

Azərbaycan sülh və quruculuq missiyasını uğurla həyata keçirir

Xocalının Xanyurdu, Ağdərə rayonunun Vəngli kəndlərinə növbəti köç karvanının yola salınması Böyük Qayıdış Proqramının uğurlu icrasının növbəti təqdimatıdır

Böyük Qayıdış Proqramı çərçivəsində görülən işlər davamlılığı ilə diqqət çəkir. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, onun ardınca 2023-cü ilin sentyabrında həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi ilə yeni reallıqlar yaradan Azərbaycan hazırda azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruluculq işləri ilə dünyanın diqqətindədir. Şanlı Qələbəmizdən dərhal sonra başlanan bərpa işlərini öz daxili imkanları hesabına həyata keçirən ölkəmiz quruculuğun müasir təcrübəsini təqdim edir. Azərbaycan hər bir hədəfə doğru inamla addımlayır, qarşıya qoyulan məqsədlərə mərhələ-mərhələ nail olur. 2003-2020-ci illərdə əsas hədəf artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı idi. Ölkəmiz bütün potensial imkanlarını məhz bu hədəfə istiqamətləndirdi. İqtisadi tərəqqi bütün sahələrdə uğurlu addımların atılmasını şərtləndirdi. Xatırlasaq 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi dövrlərdə 30-dan artıq xarici mətbuata müsahibə verən cənab İlham Əliyev onların hər birində müharibədə qələbə qazanacağımıza əminliyini ifadə etməklə yanaşı, gələcəkdə regionu, azad edilmiş ərazilərimizi necə görmək istədiyimizi də açıqladı. Regionda dayanıqlı sülhün, təhlükəsizliyin tam təmin olunmas bütün dövrlərdə ölkəmizin əsas hədəfi olub. Tarixi Zəfərimizdən sonra atılan addımlara diqqət yetirsək görərik ki, dövlət başçısı İlham Əliyev sözügedən müsahibələrində regionu, həmçinin azad edilmiş torpaqlarımızı hansı inkişafda görmək istəyirdisə, onlara nail olmaq üçün bütün zəruri addımları atır. Artıq Vaşinqton razılaşmasından sonra sülh müqaviləsinin yaxın zamanlarda imzalanması qaçılmazdır. Dövlət başçısı İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində qeyd etdiyi kimi, Vaşinqtonda baş verən hadisələr, əslində, qarşıdurmanın və gərginliyin sonu deməkdir. Təqribən beş il bundan əvvəl 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ədaləti, beynəlxalq hüququ və öz ləyaqətini bərpa etdi, torpaqlarını geri qaytardı. Bundan sonra prosesdə müəyyən bir boşluq yarandı, çünki o zaman vasitəçilər artıq hansı addımı atmalı olduqlarını bilmirdilər və məhz Azərbaycan Ermənistanla sülh prosesinə başlamağı təklif etdi. Yenə də məhz biz danışıqlar formatının təşəbbüskarı olduq. Biz sülh sazişinin layihəsini təqdim etdik. Əslində, avqustun 8-də Vaşinqtonda paraflanmış sənəd Ermənistan–Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə Azərbaycanın baxışına əsaslanır. Danışıqlar bir neçə il davam etdi və nəhayət Vaşinqtonda Prezident Trampın və onun komandasının böyük dəstəyi ilə başa çatdı. Bu, münaqişənin, müharibənin sonudur. Formal olaraq sülh sazişinin imzalanmamasının bir xüsusi səbəbi var – Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü hələ də şübhə altına alan müddəa mövcuddur: «Bildiyimiz qədər, onlar həmin müddəaya dəyişiklik edəcəklər. Elə ki, bu dəyişiklik olundu, yəni, Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar onların konstitusiyasından çıxarıldı, formal olaraq sülh sazişi də imzalanacaq. Lakin fakt budur ki, Azərbaycan və Ermənistanın Ağ Evdə Prezident Trampın iştirakı ilə bu sənədi paraflaması müharibənin başa çatdığını göstərir. Bu, mərhələlərlə 30 ildən artıq davam edən müharibənin sonudur və həm Cənubi Qafqaz regionu, həm də daha geniş mənada Mərkəzi Asiya və Yaxın Şərq üçün tamamilə yeni imkanlar açır.»

Bu ilin əvvəlində 2025-ci il üçün hədəfləri açıqlayarkən  «Qarabağın və Şərqi Zəngəzurun bərpası bizim üçün hərbi məsələlərlə bərabər ən vacib prioritetlərdən biridir. Bu il ən azı 4 milyard manat ayrılacaq. Amma mən hesab edirəm ki, biz daha çox vəsaiti səfərbər edə bilərik. Biz üç il ərzində 10 yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytara bilmişik və artıq mətbuatda da bu gedib. On mindən çox köçkün artıq evlərlə təmin edilib və orada yaşayır. Bütövlükdə 30 minə yaxın insan orada yaşayır, müxtəlif vəzifələrdə çalışırlar, inşaatda, dövlət işlərində və digər sahələrdə» söyləyən dövlət başçısı İlham Əliyev artıq həmin vaxtdan keçən dövr ərzində hədəflərə nail olduğumuzu xüsusi qeyd edir. Belə ki, artıq bu gün Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 50 mindən çox insan yaşayır. Müqayisəli təhlil aparsaq ilin əvvəli üçün bu rəqəm 30 minə yaxın idi. Bərpa olunaraq soydaşlarını qarşılayan ünvanların da sayı xeyli artıb. Onu da qeyd edək ki, dövlət başçısı İlham Əliyevin azad Qarabağa səfəri çərçivəsində hər hansı bir kəndin sakinlərinə qovuşduğunun, onlarla görüşlərin keçirildiyinin şahidi oluruq. Azad edilmiş şəhərlərimizlə yanaşı, kəndlərimiz də sürətlə bərpa olunur.

30 il xalqımız bu günləri böyük səbirsizliklə gözlədi. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası doğma torpaqlarımıza qayıdışımıza inamı artırdı və artıq bu reallıqların şahidiyik. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi görülən işlərin təqdimatında əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyevin Qarabağa və Şərqi Zəngəzura mütəmadi səfərləri bərpa-quruculuq işləri ilə tanışlıqla bərabər, yeni sosial obyektlərin açılışı və təmləqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır.

Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında bildirir ki, Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq. Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə gözəl bir şəhər yaradılır ki, hər birimiz, hər bir azərbaycanlı bununla fəxr edəcək.

Hazırda işğaldan azad edilmiş ərazilərdə şəhərlərin və kəndlərin bərpası sürətlə davam etdirilir. Bütün işləri öz daxili imkanları hesabına həyata keçirən Azərbaycanın əsas hədəfi Böyük Qayıdış Proqramının icrasının birinci mərhələsi başa çatanadək 140 min keçmiş məcburi köçkünün qayıdışına nail olmaqdır. Bu fakt ölkəmizin ildən-ilə artan iqtisadi gücünün daha bir göstəricisidir.

Artıq beş ildir Böyük Qayıdışdan qürurla bəhs edirik. Hədəfə doğru atılan addımların uğurlu nəticəsi göz önündədir. Bu ərazilərin bərpası, yenidən qurulması müasir tələblər səviyyəsində həyata keçirilir, soydaşlarımızın gələcəkdə burada yüksək rifah şəraitində yaşayışı üçün bütün zəruri addımlar atılır. Dövlət başçısı İlham Əliyev hər zaman hədəflərdən bəhs edərkən bildirir ki, bu ərazilərdə yüksək yaşayışın təmin edilməsi üçün bütün zəruri addımlar atılacaq. Cənab İlham Əliyevin çıxışlarında da qeyd olunduğu kimi, bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər, Böyük Qayıdış proqramının icrasını səbirsizliklə gözləyirlər. Əslində, bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış uğurla davam edir. Sentyabrın 8-də Xocalının Xanyurdu, Ağdərə rayonunun Vəngli kəndlərinə növbəti köç karvanının yol salınması bunun bariz nümunəsidir. Azad edilmiş ərazilərimizə qayıdışın miqyası genişləndikcə bu torpaqların malik olduğu iqtisadi imkanlardan səmərəli istifadənin prioritetliyi məsələsi daha da aktuallaşır. Sakinlərin məşğulluq problemlərinin həlli əsas hədəflər sırasındadır. Nəzərə alaq ki, tarixi Zəfərimizdən sonra ilk olaraq sakinlərinə qovuşan «ağıllı kənd» layihəsinin ilk iştirakçısı Ağalı kəndi oldu. Bu günədək 10-dan artıq kənd sakinlərinə qovuşub. Hər bir bölgənin, kəndin özünəməxsus iqtisadi imkanları mövcuddur. Buna uyğun olaraq sakinlərin məşğulluq problemləri həll edilir. Bu torpaqlarda gələcəkdə kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, yerli iqtisadiyyatın canlandırılması əsas hədəflər sırasındadır. Əkinçilik fəaliyyəti torpaqların daha məhsuldar istifadəsini təmin etməklə, əkin sahələrinin genişlənməsinə və məhsul istehsalının artırılmasına səbəb olur. Əkin məqsədli torpaqların istifadəyə verilməsi qida təhlükəsizliyini təmin etmək baxımından əhəmiyyətlidir. Yaxşı idarə olunan kənd təsərrüfatı fəaliyyətləri yerli qida istehsalını artırır və xaricdən asılılığı azaldır. Sakinlərinə qovuşan kəndlərimizdə əkinçilik fəaliyyətinin artırılması torpaq ehtiyatlarının daha səmərəli istifadə olunmasına imkan yaradır. Torpaqların düzgün və müasir aqrotexniki üsullarla işlənməsi, ətraf mühitin qorunmasına kömək edir. Əkin sahələrində tətbiq edilən müasir suvarma sistemləri torpaq eroziyasının qarşısını alır və torpaqların uzunmüddətli istifadəsini təmin edəcək. Əkin məqsədli torpaqların istifadəyə verilməsi, müasir kənd təsərrüfatı texnologiyalarının tətbiqinə şərait yaradır. Bu, daha yüksək məhsuldarlıq və məhsul keyfiyyəti deməkdir. Yenilikçi texnologiyalar, o cümlədən avtomatlaşdırılmış suvarma sistemləri, gübrələmə üsulları və məhsulun emalı, torpaqların istifadəsini daha səmərəli edir və kənd təsərrüfatı fəaliyyətini iqtisadi baxımdan daha sərfəli edir. Torpaqların əkin məqsədli istifadəyə verilməsi yerli əhalinin sosial rifahını yaxşılaşdırmağa da kömək edir. Kənd təsərrüfatı fəaliyyətlərinin inkişafı kəndlərdə yeni iş yerlərinin açılmasına, gənclərin kənd təsərrüfatı sahəsində ixtisaslaşmasına və bununla da əhalinin yaşayış şəraitinin yaxşılaşmasına gətirib çıxaracaq.

Tarixi Zəfərimizdən dərhal sonra iqtisadi rayonların bölgüsünün yenidən aparılması ilə bağlı Fərman imzalanmasında, «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»in təsdiqlənməsi və sair kimi biri-birindən mühüm addımların atılmasında da məqsəd bu bölgənin imkanlarından səmərəli istifadə etməkdir. Artıq neçə illərdir dövlət başçısı İlham Əliyev ənənəvi kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsini qarşıya prioritet məsələ kimi qoyub. Bununla bağlı rayonlara görə ixtisaslaşma həyata keçirilib. Azad edilmiş ərazilərimizi də bu ixtisaslaşmış ərazilərimiz sırasında qeyd edə bilərik.

Göründüyü kimi, dövlətimizin həyata keçirdiyi iqtisadi siyasətin əsasında azad edilmiş ərazilərimizin bərpası, soydaşlarımızın bu torpaqlara qayıdışı və yeni həyatın başlanması dayanır. Suverenliyimizin bərpasından sonra Xocalı şəhərinin və kəndlərinin, o cümlədən Ağdərənin kəndlərinin mərhələl-mərhələ sakinlərinə qovuşması üçün addımların atılması, yaxın zamanlarda bü ünvanlar sırasında Xankəndi şəhərinin də yer alacağının bildirilməsi dövlətimizin qətiyyətinin bariz nümunəsidir. Qısa müddətdə bu torpaqlara qayıdışı reallaşdırmaq böyük iqtisadi gücün, xalqımızın yenilməzliyinin təqdimatıdır. Dövlət başçısı İlham Əliyev yeni dövrə qədəm qoyan Azərbaycanın reallıqlarından bəhs edərkən bildirir ki, əminəm bundan daha böyük sayda insanlar məskunlaşacaq, çünki birincisi, bizim buna gücümüz çatır, iradəmiz var, Böyük Qayıdış Proqramı qəbul olunub, uğurla icra edilir, artıqlaması ilə icra edilir və əsas amil odur ki, bizim keçmiş köçkünlər səbirsizliklə o günləri gözləyirlər.

Qeyd edək ki, Böyük Qayıdış Proqramında birinci mərhələ üzrə hər bir bölgəyə qayıdacaq soydaşlarımızın statistikası əksini tapıb. Bu torpaqlara mütəmadi reallaşan qayıdış hədəfə zamanında və yüksək səviyyədə nail olacağımıza stimul verir.

Prezident İlham Əliyevin «Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında Sərəncamı da özündə bütün hədəfləri ehtiva edir. Sözügedən Strategiya sosial-iqtisadi inkişaf üzrə müəyyən edilmiş beş Milli Prioritet əsasında həyata keçirilir. Həmin Strategiyanın ardıcıl və sistemli icrası sayəsində iqtisadiyyatın xarici təsirlərə qarşı dayanıqlığı daha da möhkəmlənmiş, şaxələnməsi dərinləşmiş, iqtisadi artım davamlı və inklüziv xarakter almış, əhalinin rifah səviyyəsi yüksəlmiş və gələcək nəsillər üçün irihəcmli maliyyə ehtiyatları formalaşmışdır. Qeyd olunan nəticələrin əldə edilməsində özəl təşəbbüslərin və investisiyaların cəlbinin təşviqi, biznes mühitinin əlverişliliyinin dəstəklənməsi, qlobal bazarlara çıxış imkanlarının genişləndirilməsi, eləcə də rəqəmsallaşma və insan kapitalının inkişafı mühüm rol oynamışdır. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərin bərpası və iqtisadi fəaliyyətə reinteqrasiyası, əhalinin öz yurdlarına təhlükəsiz şəkildə qayıtması, habelə Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın və məşğulluğun təmin olunması istiqamətində görülən işlər Böyük Qayıdış prosesini ölkənin sosial-iqtisadi inkişafında qazanılan nailiyyətlərin ayrılmaz tərkib hissəsinə çevirmişdir. Sərəncamda bu məqam da xüsusi qeyd edilir ki, Azərbaycan qarşıdakı illərdə daha mürəkkəb çağırışların və zəngin imkanların mövcudluğu ilə seçilən yeni mərhələyə daxil olur. Bu mərhələ qlobal iqtisadi qütbləşmənin dərinləşməsi, texnoloji tərəqqinin sürətlənməsi, eləcə də süni intellekt əsaslı texnologiyaların geniş tətbiqi ilə səciyyələnir. Ölkəmizin ötən illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlərin davamlı şəkildə artırılması, bunun üçün özəl, o cümlədən birbaşa xarici investisiyaların cəlbinin genişləndirilməsi, biznes mühitinin əlverişliliyinin yüksəldilməsi, iqtisadiyyatın bilik və texnologiya tutumunun gücləndirilməsi, həmçinin işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın davamlılığının təmin edilməsi əsas prioritetlərdir.

Qeyd etdiyimiz mənzərə sübut edir ki, Azərbaycan xalqı həm müharibədə qalib gəlib, həm də sülh və quruculuq missiyasını şərəflə həyata keçirir. 30 illik işğal dövrünün dağıntılarının yerində yeni həyat, inkişaf və parlaq gələcək qurulur.

Yeganə Əliyeva, «İki sahil»

Daha çox xəbərlər