Siyasət 

“İlham Əliyevin Nyu-Yorkda keçirdiyi görüşlər bir daha təsdiq etdi ki…”

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-da işgüzar səfərdədir. BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka yollanan Dövlət başçısı Assambleya çərçivəsində və ondan kənar ən müxtəlif görüşlər keçirib və bu görüşlərin də hər biri qarşı tərəflərin müraciəti əsasında baş tutub. Bu da Azərbaycan rəhbərinə və ölkəmizə olan marağın bir daha bariz sübutu kimi dünya tərəfindən izlənilir.

BRUK.jpg (151 KB)

Cənab Prezident ilk görüşləri sırasında dünyanın alternativ investisiyalar sahəsində ən böyük idarəedici şirkətlərindən biri olan “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Brüs Flətt, “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru Corc Volker və “Blackstone” şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qrey ilə görüşüb.

Məlumat üçün bildirək ki, bu 3 şirkət dünyanın ən böyük maliyyə qurumlarındandır.

MİRZEBEY.jpeg (77 KB)

Milli Məclisin deputatı Elçin Mirzəbəyli Musavat.com-a bilidirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı çərçivəsində Nyu-Yorkda keçirdiyi görüşlər bir daha təsdiq etdi ki, ölkəmizin həm regional, həm də qlobal miqyasda artan nüfuzu artıq danılmaz faktdır:

“Qlobal maliyyə və investisiya nəhənglərinin Azərbaycan rəhbəri ilə görüşlərə can atması təkcə diplomatik protokolun göstəricisi deyil, həm də Azərbaycanın beynəlxalq iqtisadi sistemdə mühüm strateji mövqeyə sahib olmasının sübutudur.

Qeyd edək ki, “Brookfield Asset Management”, “Neuberger Berman” və “Blackstone” şirkətləri dünyanın ən iri investisiya oyunçuları hesab olunur və onların idarə etdiyi aktivlərin həcmi yüz milyardlarla, bəzən trilyonlarla dollarlarla ölçülür.

Bəlli olduğu kimi, görüşlər tərəflərin qarşılıqlı təşəbbüsü ilə deyil, məhz həmin şirkətlərin müraciəti əsasında baş tutub. Bu fakt bir daha göstərir ki, Azərbaycan beynəlxalq kapital üçün təkcə enerji resursları ilə deyil, həm də sabit siyasi mühit, strateji coğrafi mövqe və yeni iqtisadi perspektivlərlə cəlbedici tərəfdaşa çevrilib.

“Brookfield Asset Management” daşınmaz əmlak, infrastruktur, enerji və bərpaolunan enerji sahələrində dünyanın ən iri idarəedici şirkətlərindən biri sayılır. Bu ilin may ayına olan göstəricilərə görə şirkətin idarəetməsində olan kapitalın həcmi 549 milyard ABŞ dollarına çatıb. Azərbaycanda, xüsusilə də alternativ enerji zonalarının qurulması və inkişafı baxımından sözügedən şirkətlə əmədaşlıq ölkəmiz üçün əhəmiyyətlidir.

BERMAN.jpg (102 KB)

“Neuberger Berman” kapital bazarları və alternativ investisiyalar üzrə ixtisaslaşmış qlobal şirkətdir. Şirkətin aktivləri bu ilin iyun ayına olan göstəricilərə görə 538 milyard ABŞ dolları təşkil edir. Şirkət Azərbaycanın maliyyə bazarlarının şaxələndirilməsinə ciddi dəstək ola bilər.

“Blackstone” dünyanın alternativ aktivlərin idarəetməsi üzrə ən böyük xüsusi kapital şirkətlərindən biridir. Onların diqqəti əsasən infrastruktur, enerji və texnologiya sektoruna yönəlir. Bu isə Azərbaycanın postmüharibə dövründə azad olunmuş ərazilərin bərpası üçün mühüm investisiya imkanları yarada bilər.

Bu qurumların iştirakı yalnız kapital axını demək deyil. Onlar həm də idarəetmə mədəniyyəti, innovasiya və texnologiya gətirirlər, nəticədə əməkdaşlıq olunan ölkənin iqtisadi sistemində keyfiyyət dəyişikliklərinə səbəb olur”.

Deputatın sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyası çərçivəsində keçirdiyi bu görüşlər Azərbaycanın qlobal iqtisadi sistemin etibarlı tərəfdaşına çevrildiyinin bariz sübutudur:

“Qlobal maliyyə nəhənglərinin Azərbaycana göstərdiyi maraq ölkəmizin yeni inkişaf mərhələsinin başlanğıcından xəbər verir. Bu mərhələdə enerji resursları ilə yanaşı, nəqliyyat, texnologiya, yaşıl enerji və kapital bazarları da Azərbaycanın iqtisadi diplomatiyasının əsas elementlərinə çevrilir”.

Cavanşir ABBASLI
Musavat.com

Daha çox xəbərlər