Gündəm 

Bazarda qiymətlər bahalaşdı: Əhali narazıdır, satıcılar isə mövsümü əsas gətirir REPORTAJ – FOTOLAR

Əhalinin gündəlik qida rasionunda mühüm yer tutan ətin qiyməti artmaqda davam edir. Bu yalnız mal və qoyun ətinə deyil, toyuq ətinə də aiddir. Son vaxtlar toyuq ətinin bahalaşması ilə bağlı sosial şikayətlər çoxalıb. Elə Musavat.com olaraq biz də bir müddət öncə mağazalardan hazırladığımız reportajda bu artımı müşahidə etmişdik. Son illərin inflyasiyası fonunda ərzaq məhsullarının qiymətlərində artım müşahidə olunur. İndi isə narazılıq dalğası meyvə-tərəvəz bazarına da keçib. Vətəndaşlar son günlərdə bu məhsulların qiymətindən şikayət edir, bahalaşmanın sürətlə artdığını bildirirlər. Bəs qiymətlər ötən illə müqayisədə həqiqətən bu qədər fərqlənirmi? Bahalaşma yalnız mövsümləmi bağlıdır?

Bu suallara cavab tapmaq üçün Musavat.com əməkdaşı “Qara Qarayev” metrostansiyası yaxınlığında yerləşən bazara baş çəkib və oradakı vəziyyətlə maraqlanıb.
Səhər saatları olmasına baxmayaraq bazarda bolluq müşahidə olunurdu. Mövsümi məhsullarla yanaşı, bəzi qeyri-mövsümi meyvələr də satılırdı. Məsələn, Bakı ənciri 3 manat, qara əncir isə 5 manata təklif olunurdu. Moruğun qiyməti artaraq 4 manata çatmışdı. Üzümün müxtəlif növləri bazarda geniş çeşiddə yer alır, qiymətlər 2 manatdan başlayırdı. Nar və zoğal da eyni qiymətə – 2 manat 50 qəpiyə satılırdı. Şaftalı isə 2 manat 80 qəpiyə təklif edilirdi. Mövsümə uyğun olmayan meyvələrdən olan portağalın qiyməti 5 manat, naringi 2 manat 80 qəpik, ananas isə 8 manat idi.

Bazarda ilk piştaxtaya yaxınlaşırıq. Satıcı Fəxrəndə Əliyeva meyvə qiymətlərinin sabit olduğunu desə də, tərəvəzlərin bahalaşdığını vurğulayır:“Xiyarın topdansatış qiyməti 1 manat 50 qəpikdir, biz 3 manata satırıq. Badımcan əvvəl topdan 50 qəpik idi, indi 1 manat 10 qəpik alırıq, 1.60-a sata bilirik. Lobya da bahalaşıb – 1 manat 80 qəpiyə alırıq, 3.30-a satırıq. Pomidor isə ümumiyyətlə almamışam, dünənkilər xarab olub, hamısını atmışıq. Həm bahadır, həm də çox tez xarab olur”.

Satıcıya bahalaşmanın mövsümləmi, yoxsa keçən illə müqayisədə ümumi artımla bağlı olduğunu soruşduqda isə belə cavab verir: “Bu il qiymətlər həddindən artıq yüksəkdir. Keçən il bu vaxtlar bu qədər baha deyildi”. Bazarda bir qədər irəliləyərək digər piştaxtaya yaxınlaşırıq. Bu dəfə daha zəngin məhsul çeşidi ilə qarşılaşırıq. Satıcı Elxan isə qiymətlərin kəskin artdığını düşünmür: “Pomidorun qiyməti 2 manat 70 qəpikdir, Xaçmaz pomidoru isə 1 manat 30 qəpiyədir. Badımcan 1 manat 30 qəpikdir, cəmi 30 qəpik bahalaşıb. Əksinə, indi mövsüm meyvələri ucuzlaşıb. Məsələn, keçən il üzüm 3 manata idi, bu il 2 manatadır. Tərəvəzin bahalaşması isə mövsümlə bağlıdır. Payız yaxınlaşdıqca qiymətlər artacaq”.

Beləliklə, bazarda qiymətlərdə artım müşahidə olunsa da, bunun səbəbi ilə bağlı fikirlər birmənalı deyil. Bəzi satıcılar bahalaşmanı inflyasiya və məhsul qıtlığı ilə əlaqələndirsə də, digərləri bunu mövsümi dəyişikliklərin təbii nəticəsi kimi dəyərləndirir. Ancaq fakt budur ki, xüsusilə tərəvəzlərin qiyməti son günlərdə nəzərəçarpacaq dərəcədə yüksəlib və bu da alıcılarda haqlı narazılıq doğurur. Mövsüm dəyişdikcə qiymətlərin hansı istiqamətdə dəyişəcəyini isə yaxın günlər göstərəcək.

Ekspertlər isə ilin sonuna qədər inflyasiya ilə bağlı müxtəlif proqnozlar verirlər. Mərkəzi Bank, beynəlxalq institutlar, Maliyyə Nazirliyi inflyasiyanı bir qədər optimist göstəriblər – 5–6 % arasında. Amma ümumilikdə bunun dəyişəcəyi ehtimal olunur. Bu proqnoz da artıq mövcud 5–6 %-lik statistika əsasında düzəliş oluna bilər. Məsələn, yanacaq və enerji qiymətlərində dünya bazarında artımlar ola bilər. Dünya bazarında qida məhsullarının, istər xammal, istərsə də son məhsul formasında qiymətlərində dəyişikliklər baş verə bilər. Nəqliyyat və istehsal xərcləri də dəyişə bilər. Eyni zamanda Azərbaycanın əsas idxal etdiyi ölkələrdə valyutanın dəyərinin dəyişməsi manata çevrildikdə qiymətlərə təsir edir. Yəni bütün bu amillərdən asılı olaraq inflyasiya dəyişə bilər. Ekspertlər bildirir ki, rəsmi inflyasiya 6 %-dən yuxarı olma ehtimalı yüksəkdir. Hazırda real inflyasiyanın daha yüksək olduğunu bildirir.

Afaq MİRAYİQ,
Fotolar müəllifindir,
Musavat.com

Daha çox xəbərlər