Region Xəbərləri 

Qələbə salnaməsinin başlanğıc günü

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

3 oktyabr 1993-cü il. Bu tarixdə keçirilən prezident seçkilərində xalqın böyük səsini qazanaraq Prezident seçilən Ümummilli Lider Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti ilə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməlini qoydu.

Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan  Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardı, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Ümummilli Lider andiçmə mərasimindəki nitqində bildirmişdir: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.

Millətin məhəbbətini qazanan Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq. Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində  Ümummilli Lider Heydər Əliyevin xüsusi rolu vardır. Ulu Öndər  xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəldi.  Ulu Öndər Heydər Əliyev  qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. Ümummilli Lider  beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Dahi şəxsiyyət  bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi  olduğunu təsdiq etdi.

Azərbaycan Heydər Əliyev yolu  ilə irəliləyir və yaşayır. Ulu Öndər Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqiyə nail olması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxdı.

Onu da qeyd edək ki, milli ideologiyanın yaradılması Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsindən biri idi.  Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amilə çevrilmişdir.

Ümumilikdə Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Lider Heydər Əliyevin xidmətləridir. Ulu Öndərin  təcrübəli və müdrik siyasəti sayəsində qısa müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yarandı və uğurlar əldə olundu. Beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrildi. Yeni kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə əsasında bir çox dövlətlərlə və beynəlxalq qurumlarla əməkdaşlıq edərək Böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini səmərəli şəkildə həyata keçirir. Ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren aktoruna çevrildi.

Dahi şəxsiyyət Heydər Əliyev 2003-cü ildə bütün həyatını həsr etdiyi Azərbaycanın gələcəyini özünün siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyevə etibar etməklə bütövlükdə xalq və dövlət olaraq gələcək inkişafımızı əbədi təmin etmiş oldu. Prezident İlham Əliyev Ümummilli Liderin əsasını qoyduğu dövlət quruculuğunu zirvələrə qaldırmaqla  bərabər, həm də bütövlükdə 200 illik tariximizin qələbə və şərəf salnaməsini yazdı. Bu gün Ümummilli Liderimizin arzusu olan ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub. Hadisələrin təhlili 3 oktyabr 1993-cü il  seçkilərinin tariximizdə yerini və böyük zirvələrə gedən yolun başlanğıcı olduğunu bir daha təsdiq edir. Qüdrətli, güclü, qalib və bütövləşən, yeni dövrə qədəm qoyan  Azərbaycan hər bir azərbaycanlının qürur mənbəyidir.

Daha çox xəbərlər