Paytaxtın daha bir möhtəşəm ünvanı – Zəfər muzeyiFOTOVİDEO
Məlum olduğu kimi, Zəfər günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Zəfər abidəsini ziyarət edib və Zəfər muzeyinin açılışında iştirak ediblər. Prezident İlham Əliyev Zəfər abidəsinin önünə əklil qoyub, şəhidlərin xatirəsini ehtiramla anıb. Birinci xanım Mehriban Əliyeva abidənin önünə gül dəstələri düzüb. Daha sonra dövlətimizin başçısı və birinci xanım Zəfər muzeyinin açılışında iştirak ediblər.
Açılışdan sonra Zəfər muzeyi vətəndaşlarımızın və turistlərin üzünə açıq elan olunub.
Musavat.com-un məlumatına görə, Prezident İlham Əliyevin tapşırığına əsasən, ziyarətçilər 3 gün ərzində, 9–11 noyabr tarixlərində Zəfər muzeyini ödənişsiz ziyarət etmək imkanı qazanıblar. 12 noyabrdan etibarən muzey bilet sistemi ilə fəaliyyət göstərəcək. Bilet qiymətləri aşağıdakı kimidir: Azərbaycan vətəndaşları üçün: Məktəb yaşlı uşaqlar – ödənişsiz, tələbələr – 1 AZN, böyüklər – 5 AZN.
Xarici vətəndaşlar üçün: uşaqlar – 6 AZN, böyüklər – 15 AZN.
Şəhid ailələri, müharibə iştirakçıları, hərbi qulluqçular və I, II qrup əlillər muzeyi ödənişsiz ziyarət edə biləcəklər.
Şanlı Zəfərimizin şərəfli səhifələrini özündə əks etdirən Zəfər muzeyinə ziyarətə gələnlərin ardı-arası kəsilmir. Uşaqdan-böyüyə hər kəs bu ocağı ziyarət etməyə tələsir. Ziyarətçilərin sayının çox olması təşkilatçıların işini çətinləşdirsə də, kifayət qədər məharətlə bu, müqəddəs missiyanın öhdəsindən gəlirlər, elə Musavat.com-un əməkdaşı olaraq sözügedən ünvanda olarkən ürəkaçan mənzərənin şahidi olduq.
Mühafizəçilər əvvəlcə ziyarətə gələnlərdən ailələrində şəhidlərin olub-olmadığını soruşur, təsdiq cavabı olduğu təqdirdə, onları şəhid ailələri üçün nəzərdə tutulmuş keçiddən içəri yola salırlar. Burada isə ziyarətçiləri könüllü gənclər qarşılayır və müşayiət edir. Digər istiqamətdə toplaşan ziyarətçilər isə növbəli qaydada muzeyə daxil olurlar. Mühafizəçilər bildirir ki, ilk günlər həm girişin ödənişsiz olması, həm də qeyri-iş günlərinə təsadüf etməsi səbəbindən ziyarətçilərin axını gün ərzində davam edib.
Qeyd edək ki, Zəfər muzeyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci ilin dekabrında “Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında” Sərəncamından irəli gələrək Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı şanlı Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılıb.
Muzeyin ekspozisiyası beynəlxalq təcrübə və dünyada mövcud muzey konsepsiyaları əsas götürülməklə, həmçinin ən son texnologiyalar tətbiq edilməklə işlənilib. Muzeyin giriş hissəsində Ermənistana məxsus nömrə nişanlarının üzərinə həkk olunmuş “Qarabağ Azərbaycandır” sözlərinin fonunda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin hərbi geyimdə şəkli qarşılayır ziyarətçiləri. Muzeyin girişində tarixi Qələbənin rəmzinə çevrilmiş “Dəmir yumruq” instalyasiyası, həmçinin ağ divar boyunca qəhrəman şəhidlərimizin adları sıralanıb. Cənab Prezident və Birinci xanımın qarşısında şəkil çəkdirdikləri bu adların hər biri əzəmətli döyüş hekayələridir, qəhrəmanlıq dastanlarıdır. Divarboyu axan su daimi həyat mənbəyi kimi şəhidlərimizin qəhrəmanlıqları ilə ölümsüzlüyə qovuşduqlarını, hər zaman qəlbimizdə yaşadıqlarını özündə simvolizə edir. Şəhidlərimizin ruhuna ehtiramla içəri daxil oluruq.
Muzeydə bir-birindən maraqlı 8 ekspozisiya zalı yaradılıb: “Qarabağ və Şərqi Zəngəzur. Əsrlərin hekayəsi”, “Ermənistan–Azərbaycan münaqişəsi. Tarixə baxış”, “44 günlük Vətən müharibəsi. “Dəmir yumruq” əməliyyatı”, “Şanlı Zəfər. Şuşanın azad olunması”, “Qəhrəmanlar yolu”, “Qarabağ Azərbaycandır!”, “Dövlət suverenliyinin bərpası. 20.09.2023”, “Qarabağ və Şərqi Zəngəzur. Dirçəliş”.
Təqdim olunan faktlar, foto və videomateriallar, interaktiv nümayişlər və xüsusi olaraq bu muzey üçün hazırlanmış eksponatlar, maketlər münaqişə haqqında həqiqətləri, 44 günlük Vətən müharibəsinin gedişi, şanlı Zəfər nəticəsində dövlət suverenliyinin bərpa olunması barədə məlumatları ziyarətçiyə dolğun çatdırmaqla yanaşı, həm də bu hadisələri hər bir kəsə yenidən yaşadır, möhtəşəm duyğular bəxş edir. Muzeyin ekspozisiya zallarında Qarabağda Vətən müharibəsinədək və Zəfər Günündən sonra həlak olmuş şəhidlərimizin adları əbədiləşdirilib.
Muzeyin “Qarabağ və Şərqi Zəngəzur. Əsrlərin hekayəsi” adlı birinci zalında Azərbaycanın mədəniyyət beşiyi olan Qarabağın təbii gözəlliyi, tarixi memarlıq baxımından zənginliyi təqdim edilir. Zalın divarındakı kitab instalyasiyalarında Ümummilli Lider Heydər Əliyevin bölgənin sosial-iqtisadi inkişafına verdiyi töhfələrə dair geniş məlumatlar var.
Zalın mərkəzində yerləşən interaktiv kitablar isə Qarabağın təbiəti, ədəbi irsi, musiqisi və xalq sənəti ilə yaxından tanış olmağa imkan yaradır. Eyni zamanda, ziyarətçilərə Qarabağın dövlətçilik, hərb, ədəbiyyat və incəsənət sahələrində iz qoymuş görkəmli şəxsiyyətlərinə dair məlumatlar təqdim olunur. Ziyarətçilər kitabları vərəqləməklə Qarabağımıza, Şərqi Zəngəzura aid qiymətli materiallarla tanış olurlar.
Zəfər muzeyində “Ermənistan–Azərbaycan münaqişəsi. Tarixə baxış” zalında Qarabağın işğal tarixindən bəhs olunur, ağrı-acılı xatirələr yada düşür. Qarabağda işğal dövründə dağıdılmış binaların, yerlə-yeksan edilmiş yaşayış yerlərinin taleyinə həsr olunan instalyasiya – viran qalmış ev və bu evin qalıqları altından baş qaldıran ağac həyatın yenidən dirçəlişinin rəmzi olaraq təqdim edilib.
“44 günlük Vətən müharibəsi. “Dəmir yumruq” əməliyyatı” adlı zal Azərbaycan torpaqlarının azadlığı uğrunda aparılan qəhrəmanlıq mübarizəsini əks etdirir. Müasir hərbi texnikalar 3D formatda nümayiş etdirilir. Qələbənin qazanılmasında müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin qoşun növlərinin bayraqları, eyni zamanda, Silahlı Qüvvələrin xüsusi təyinatlılarının maketləri də ziyarətçilərdə böyük maraq doğurur. Vətən Müharibəsinin qəhrəmanlarına verilən orden və medalların nümunələri də böyük marağa səbəb olur.
“Şanlı Zəfər. Şuşanın azad olunması” zalında Azərbaycanın hərb tarixində xüsusi yer tutan, misilsiz taktiki bacarıqla həyata keçirilmiş əməliyyatı təqdim olunur. Şuşanın maketi heyranedicidir. Eyni zamanda Şuşa məscidi, Vaqif məqbərəsi və digər ünvanların maketləri təqdim olunur.
“Qarabağ Azərbaycandır!” adlı zalda Zəfər Günündən, ümumxalq sevincindən bəhs olunur. Zalın mərkəzində Vətən müharibəsində şanlı Zəfərin və Qarabağın dirçəlişinin rəmzinə çevrilmiş Xarıbülbülün Murano şüşəsindən hazırlanmış instalyasiyası yerləşir. Parlaq işıqlar və rənglər zala bayram ab-havası bəxş edir, vizual effektlər sevinc və qürur hissini gücləndirir. Böyük ekranlarda 30 illik həsrətə son qoyan Zəfərin yaşatdığı qürurverici və sevinc dolu anlar nümayiş olunur.
“Dövlət suverenliyinin bərpası. 20.09.2023”, “Qarabağ və Şərqi Zəngəzur. Dirçəliş” adlı zallarda Qarabağın bərpasından, gələcək inkişafından bəhs edilir. Çıxış hissədəki “Danışan fotolar” adlı bölmədə Zəfər hekayəsi fotolarda əksini tapır, Ali Baş Komandanın döyüşlərə və azad olunmuş ərazilərin yenidən qurulmasına aid fotoları hər kəsi qürurlandırır.
Zəfər Muzeyində kitabxana və kafe də fəaliyyət göstərir. Auditorium zalında isə seminar və konfransların, müxtəlif ictimai tədbirlərin təşkili nəzərdə tutulur. Kitabxanada Azərbaycan tarixinə, mədəni irsinə, artıq keçmişdə qalan Ermənistan-Azərbaycan münaqişəsinə, eləcə də Qarabağın bərpasına və inkişafına dair kitablar, araşdırma materialları təqdim olunur.
Zəfər muzeyi möhtəşəmliyi ilə bərabər, sirli-sehrli bir guşədir, gələnləri ovsunlayır. Ermənistan ordusunun darmadağın edilməsindən sonra yaradılmış Hərbi Qənimətlər Parkının yaxınlığında tikilmiş bu muzey vətəndaşlarımız üçün qürur ünvanına çevriləcək.
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfalar versin, dövlətimizi, millətimizi, ordumuzu qorusun!
E.Paşasoy,
Musavat.com



















