Gündəm 

Rusiyanın Azərbaycan “yuxusu” Çin olur – şok rəqəmlər

Azərbaycan Çinlə iqtisadi münasibətlərin dərinləşdirilməsi istiqamətində fəaliyyətlərini aktivləşdirir. Son aylarda ölkələrin rəsmi şəxslərinin qarşılıqlı səfərləri, biznes, dövlət və qeyri-dövlət maliyyə və iqtisadi qurumlarının birgə tədbirləri bir-birini əvəz edir.

Hazırda Çində Səkkizinci Çin Beynəlxalq İdxal Sərgisində (CIIE) iştirak edən baş nazirin müavini Şahin Mustafayevin yerli mətbuata dediyinə görə, Çin Azərbaycanın dördüncü böyük ticarət tərəfdaşı, ən böyük idxal mənbəyi ölkəsidir: “Bu ilin yanvar-sentyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 3,4 milyard ABŞ dollarına çatıb və ötən illə müqayisədə 28 faiz artıb, bu isə tərəflərin iqtisadi-ticarət əməkdaşlığının davamlı dərinləşdiyini və böyük potensiala malik olduğunu tam təsdiqləyir”.

Baş nazirin müavini qeyd edib ki, sərgi platformaları vasitəsilə bizim şirkətlər Çin istehlakçılarının seçimini və bazar tendensiyalarını dərindən öyrənə bilir, bu da Çin bazarına daha dəqiq uyğunlaşmağa şərait yaradır: “Eyni zamanda Çin qanunvericiliyi, gömrük siyasəti və logistika sistemi ilə tanış olmaq üçün imkan yaradır və gələcək praktiki əməkdaşlıq üçün möhkəm əsas qoyur”.

O qeyd edib ki, Azərbaycan-Çin münasibətləri tarixin ən yaxşı dövrünü yaşayır: “CIIE ölkələrin birgə inkişafı və iqtisadi sabitliyinə mühüm töhfə verir. Sərgi qlobal iqtisadi bərpaya təkan verməklə yanaşı, açıq, inklüziv və fayda gətirən beynəlxalq ticarət sisteminin qurulmasına güclü dəstək göstərir. CIIE artıq açıq əməkdaşlığa sadiqliyin, qarşılıqlı fayda və qalib-qalib prinsipinin təşviqinin mühüm platforması və aydın simvoluna çevrilib”.

Ş.Mustafayevin sözlərinə görə, CIIE-də iştirak Azərbaycan şirkətlərinin Çin bazarında satış kanallarını genişləndirməsi və məhsulların beynəlxalq tanınmasını artırması baxımından böyük əhəmiyyət daşıyır. “Bu platforma vasitəsilə bizim şirkətlər Çin istehlakçılarının seçimini və bazar tendensiyalarını dərindən öyrənə bilir, bu da Çin bazarına daha dəqiq uyğunlaşmağa şərait yaradır; eyni zamanda Çin qanunvericiliyi, gömrük siyasəti və logistika sistemi ilə tanış olmaq üçün imkan yaradır və gələcək praktiki əməkdaşlıq üçün möhkəm əsas qoyur”.

Baş nazirin müavini deyib ki, hazırda 370-dən çox Çin şirkəti Azərbaycanda fəaliyyət göstərir, Çinin Azərbaycana yatırdığı investisiyaların ümumi həcmi 950 milyon ABŞ dollarını ötüb: “Azərbaycan-Çin əməkdaşlıq sahələri davamlı genişlənir və ticarət, nəqliyyat, enerji, kənd təsərrüfatı kimi ənənəvi istiqamətlərlə yanaşı, tərəflər rəqəmsal iqtisadiyyat, yaşıl enerji və süni intellekt kimi qabaqcıl sahələrdə əməkdaşlığı fəal şəkildə irəlilədir. Hazırda rəqəmsal iqtisadiyyat sahəsində investisiya, ağıllı logistika, “əşyaların interneti”, sənaye rəqəmsallaşması, texnoloji innovasiya və kadr mübadiləsi üzrə bir sıra Anlaşma Memorandumları imzalanıb”.

Ş.Mustafayev vurğulayıb ki, Azərbaycan rəqəmsal transformasiyanı dövlət idarəçiliyi, biznesin inkişafı və ictimai xidmətlərin modernləşdirilməsinin mühüm istiqaməti kimi müəyyənləşdirib: “Çinin rəqəmsal iqtisadiyyat, ağıllı şəhər quruculuğu və yaşıl-aşağı karbonlu inkişaf sahəsində qabaqcıl təcrübəsini öyrənmək və iki ölkə arasında strateji əməkdaşlığı daha da dərinləşdirmək niyyətindəyik.”

Ş.Mustafayev Çində olduğu günlərdə Çinin alternativ enerji sahəsində ən böyük şirkətlərindən biri olan “China Datang Corporation Ltd.”nin böyük nümayəndə heyəti Azərbaycana gəlib. Şirkətin  Direktorlar Şurasının sədri Lü Cünün başçılıq etdiyi nümayəndə heyətini Prezident İlham Əliyev, iqtisadiyyat naziri Mikayıl Cabbarov qəbul edib. Nazirin verdiyi məlumata görə, əsas müzakirə mövzusu Çin şirkəti ilə birlikdə yaşıl enerji parkının yaradılması olub.

Eyni vaxtda “China Export & Credit Insurance Corporation” (Sinosure) və “Sinosteel Equipment & Engineering Co., Ltd” (Sinosteel) şirkətinin nümayəndələri Azərbaycandadır. Onlar “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, “Daşkəsən Dəmir Filiz” (DDF) MMC-nin Baş direktoru Ceyhun Əliyev və “Azerbaijan Metal Company” MMC-nin rəhbər heyəti ilə görüşüblər.

Qeyd edək ki, “Sinosure” Çin Xalq Respublikasının ixrac-sığorta agentliyi, “Sinosteel” isə mədənçilik,  emal və metallurgiya texnologiyaları sahəsində ixtisaslaşmış Çin dövlətinə məxsus aparıcı “Sinosteel Group Corporation Limited” sənaye korporasiyasının əsas törəmə şirkətlərindən biridir. Görüş zamanı Şəmkir rayonu ərazisində tikiləcək isti briketlənmiş dəmir (İBD) zavodunun inşasının icrası üçün texniki-iqtisadi əsaslandırma (TİƏ) sənədi hazırlanması istiqamətində ilkin müzakirələr aparıb. Müzakirələr zamanı layihənin texniki detalları ilə yanaşı, maliyyələşmə mexanizmlərinin müəyyənləşdirilməsi və bu məqsədlə əsas kredit vəsaitlərinin Çin bazarından cəlb edilməsi məsələlərinə də toxunulub. “Sinosure” şirkətinin nümayəndələri təklif olunan maliyyə mexanizmini dəstəklədiklərini vurğulayıblar. Görüşdə tərəflər layihənin icrasına dair gələcək əməkdaşlıq istiqamətləri ətrafında da geniş fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, DDF MMC və Qazaxıstanın “Fonte GreenMet  Investments Fund OEIC Limited” şirkəti tərəfindən təsis edilmiş “Azerbaijan Metal Company” MMC illik 2 milyon ton istehsal gücünə malik İBD zavodunun maliyyələşdirilməsi, layihələndirilməsi, qurulması və gələcək istismarına məsul olan birgə müəssisədir. Şəmkir rayonu ərazisində tikilməsi planlaşdırılan zavodun 2029-cu ilin ortalarında istismara verilməsi planlaşdırılır.

Bundan əlavə, sentyabrda Azərbaycan və Çin Mərkəzi bankları arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Azərbaycan Mərkəzi Bankının yaydığı məlumata görə, memorandum iki qurum arasında əməkdaşlığın hüquqi bazasının formalaşdırılması, əlaqələrin gücləndirilməsi, həmçinin qabaqcıl təcrübə istiqamətində məlumat mübadiləsinin aparılmasına töhfə verəcək. Bununla yanaşı, qurumlar monetar siyasət, maliyyə sektoru, ödəniş sistemləri, maliyyə texnologiyaları üzrə məsələləri müzakirə etmək üçün görüş, seminar və işgüzar səfərlərin keçirilməsi sahəsində qarşılıqlı fəaliyyət göstərəcəklər.

Prezident İlham Əliyevin 2025-ci ilin aprel ayında Çinə dövlət səfəri çərçivəsində ARDNF ilə Çin İnvestisiya Korporasiyası arasında Anlaşma Memorandumu imzalanıb.

Onu da bildirək ki, Dövlət Neft Fondunun da daxil olduğu Azərbaycan sərmayələrinin Çinə yatırılan ümumi həcmi təqribən 2.1 milyard ABŞ dollarına yüksəlib.

Maraqlı analogiya ondan ibarətdir ki, Azərbaycanın ənənəvi olaraq ən böyük ticarət tərəfdşalarından olan Rusiya ilə ticarət dövriyyəsi 2025-ci ilin yanvar-sentyabr aylarında  3,659 milyard ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 161 milyon ABŞ dolları və ya 4,6 faiz artım deməkdir. Hesabat dövründə Rusiya ilə aparılan ticarət Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 10,34 faiz payına malik olub və ölkələr arasında həcminə görə üçüncü sırada yer alıb. Yanvar-sentyabr aylarında Azərbaycandan Rusiyaya ixrac 883,6 milyon ABŞ dolları, Rusiyadan Azərbaycana idxal isə 2,775 milyard ABŞ dolları təşkil edib. Bu göstəricilər illik müqayisədə müvafiq olaraq 2,8 faiz və 5,1 faiz artım göstərir.

2023-cü ildən etibarən Çin Azərbaycanın idxalında Rusiyanı qabaqlayıb. Bir çox məhsul qrupları üzrə idxalda ağırlıq Çinə salınıb. Eyni zamanda Azərbaycanın hərbi məhsullar idxalında da Çinə istiqamətləndiyi aydın görünür.  Belə ki, Azərbaycan Çin və Pakistanın birgə istehsalı olan “JF-17” “Thunder” yüngül çoxməqsədli qırıcı təyyarələrin alışını sürətlə artırır. Ərəb mətbuatının yazdığına görə, Bakı belə təyyarələrin sayını 16-dan 40-a çatdırır. Bunun üçün Pakistanla 3,4 milyard dollarlıq müqavilə imzaladığı qeyd olunur. Aydın məsələdir ki, Çin texnologiyası əsasında istehsal olunan bu təyyarələri Pakistan Pekinin razılığı olmadan Azərbaycana sata bilməzdi.

Ümumiyyətlə, Çin yalnız Azərbaycan deyil, Cənubi Qafqazın digər dövlətləri olan Gürcüstan və Ermənistanla, həmçinin Mərkəzi və Orta Asiya ölkələri ilə də iqtisadi-siyasi əməkdaşlığı sürətlə dərinləşdirir. Rusiyanın özünün nüfuz dairəsi hesab etdiyi bölgələrə Pekinin belə yerləşməsinə Moskvanın açıq etiraz etmək imkanları, demək olar ki, yoxdur. Çünki Qərb tərəfindən kəskin sanksiyalara məruz qoyulan Rusiya neft-qaz ixracında, Ukraynadakı işğalçı müharibəni davam etdirmək üçün zəruri texnologiyaların idxalında Çindən yüksək asılılıqdadır. Bu asılılıq Moskvanın əl-qolunu tamamilə bağlamış vəziyyətdədir.

Azərbaycan yaranmış vəziyyətdən alternativ enerji, maliyyə və yüksək texnologiyalar sahəsində Çin təcrübəsindən bəhrələnmək, öz iqtisadiyyatını diversifikasiya etmək baxımından istifadə etmək imkanı əldə edib.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Daha çox xəbərlər