Cəmiyyət 

“10 gündə qızıl 30 manat ucuzlaşıb” – Qızıl bazarından REPORTAJ

ABŞ və İran arasında sülh danışıqlarının dayanması, Yaxın Şərqdə gərginliyin artması və neft bazarında qeyri-sabitlik qlobal maliyyə bazarlarında ciddi dalğalanmalara səbəb olub. Bu proseslərin fonunda ən çox diqqət çəkən aktivlərdən biri də ənənəvi “təhlükəsiz liman” sayılan qızıldır.

Son məlumatlara görə, qızılın qiymətində təxminən 3 faiz ucuzlaşma müşahidə olunub. Maraqlıdır ki, bu eniş birbaşa gərginliklərlə ziddiyyət təşkil edir və bazarlarda qarışıq siqnalların olduğunu göstərir. Mütəxəssislərin fikrincə, qızılın qiyməti hazırda əsasən Yaxın Şərqdəki proseslərdən asılıdır. Xüsusilə də Hörmüz boğazı ətrafında yaranan risklər bazar üçün kritik rol oynayır.

O da məlumdur ki, adətən müharibə və gərginlik dövründə qızıl bahalaşır. Amma hazırkı vəziyyətdə fərqli dinamika müşahidə olunur. ABŞ-da faiz dərəcələrinin yüksək qalması, dolların güclənməsi, investorların qısamüddətli riskdən çıxıb likvid aktivlərə yönəlməsi qızılın üzərində təzyiq yaradır.
Nəticədə qızıl son dövrlərdə təxminən 8 faiz ucuzlaşıb. Aprelin 13-dən sonra isə ən aşağı səviyyələrə enib. Bununla belə, son günlər bazarda çox maraqlı bir mənzərə yaranıb, belə ki, bir gün qızıl bahalaşır, növbəti gün yenidən ucuzlaşır.

Bəs qlobal bazardakı bu dalğalanma Azərbaycana necə təsir edir?

Hazırda yerli qızıl bazarında qiymətlərdə eniş müşahidə olunur. Bəzi qızıl mağazalarında endirimlərin elan edildiyi bildirilir.

Məsələyə daha yaxından aydınlıq gətirmək üçün Musavat.com-un əməkdaşı olaraq, bir neçə zərgərlik məmulatları satılan dükanlarda müşahidə apardıq. Müşahidələr zamanı diqqət çəkən əsas məqam son günlər alıcılıq aktivliyinin artması oldu. Satıcıların sözlərinə görə, əvvəlki aylara nisbətən mağazalarda daha çox insan qızıl almaq üçün müraciət edir. Satıcılardan alış-verişin ümumi vəziyyəti barədə soruşduqda, fərqli fikirlər səsləndirildi. Bəziləri satışlardan razı qaldıqlarını bildirdilərsə, digərləri bazarda hələ də sabitlik olmadığını və gəlirlərin gözlənilən səviyyədə olmadığını qeyd etdilər.

10 ildən çoxdur ki, qızıl satışı ilə məşğul olan Mətanət adlı satıcı bildirdi ki, son təxminən 10 gündür qızıl bazarında nəzərəçarpacaq ucuzlaşma müşahidə olunur. Onun sözlərinə görə, qiymətlər bəzi hallarda qramda 30 manata qədər fərq edir: “Hamıya məlumdur ki, həmişə 750 və 585 əyarlı qızıla daha çox tələbat olub. İndi də vəziyyət dəyişməyib, xüsusilə 585 əyarlı qızıl daha çox alınır. Sadəcə son günlər qiymətlər xeyli ucuzlaşıb. Məsələn, 750 əyarlı İtaliya qızılının bir qramı əvvəl 300 manat idisə, indi 280 manata satılır. 585 əyarlı qızıl isə 210 manatdan 180 manata düşüb. Hətta bəzi məhsulları 175 manata da təklif edirik”.

Satıcının sözlərinə görə qiymətlərin enməsi alıcıların sayına birbaşa təsir edib: “İnsanlar qiymətlər ucuzlaşdığı üçün indi qızıl almağa daha çox üstünlük verirlər. Hazırda may ayıdır, toy mövsümü tam başlamasa da, yayda toy etməyi planlaşdıranlar artıq indidən alış-veriş edirlər. Çünki heç kim qiymətin yenidən qalxıb-qalxmayacağını bilmir. Yanvar- fevral aylarında qiymətlər birdən-birə artmışdı, ona görə də insanlar ehtiyatlı davranır”.

Zərgərlik mağazalarında diqqət çəkən digər məqam qızıl saatların çoxluğu oldu. Satıcıların bildirdiyinə görə, bu məhsullar əsasən İtaliya və Rusiyadan gətirilir Qiymətlər isə model və brendə görə dəyişir və 3 min manatdan başlayır:

“Qızıl saatlara tələbat o qədər də yüksək deyil, amma alanlar var. Daha çox hədiyyə məqsədilə alınır”.

Müşahidə zamanı alıcılarla da söhbət etdik. Alıcılardan biri hədiyyəlik sırğa almaq istədiyini bildirdi: “Təxminən 4 qramlıq sırğa almaq istəyirəm. Qiyməti təxminən 700-720 manatdır. Düzdür, əvvəlki dövrlərlə müqayisədə qiymətlər bir az ucuzlaşıb, amma yenə də bizim üçün elə də əlçatan deyil. Buna baxmayaraq, almaq məcburiyyətindəyik”.

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

Daha çox xəbərlər