Azərbaycan və Mərkəzi Asiya ölkələri vahid strateji məkan formalaşdırır
Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında münasibətlər bu gün yeni bir strateji mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə qeyd etdiyi kimi, bu ölkələri yalnız coğrafi yaxınlıq deyil, həm də ortaq tarixi köklər, mədəni dəyərlər və strateji maraqlar birləşdirir. Azərbaycanı Mərkəzi Asiyadan fiziki olaraq ayıran Xəzər dənizi əslində region xalqlarını birləşdirən ən mühüm amillərdən birinə çevrilib. Bu dəniz artıq sadəcə su hövzəsi deyil, xalqların strateji birliyinin, iqtisadi gücünün və tarixən davam edən əməkdaşlıq ənənələrinin simvoludur.
Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əlaqələrin özəyini ortaq türk kimliyi, dil, etnik yaxınlıq və zəngin mədəni irs təşkil edir. Əsrlər boyu xalqlar arasında mövcud olmuş qarşılıqlı hörmət bu gün də siyasi münasibətlərdə özünü göstərir. Son illərdə dövlət başçıları arasında intensiv səfərlər və siyasi dialoq bu münasibətlərin yüksək səviyyədə olduğunu sübut edir. Təkcə son üç ildə Mərkəzi Asiya liderlərinin Azərbaycana təxminən 30 səfəri baş tutub, bu isə əməkdaşlığın dinamik xarakterini təsdiqləyir. Bu əlaqələr həm ikitərəfli formatda, həm də Türk Dövlətləri Təşkilatı, BMT, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumlar çərçivəsində genişlənir.
Regionu birləşdirən əsas istiqamətlərdən biri də nəqliyyat və logistika sahəsində əməkdaşlıqdır. Azərbaycanın yerləşdiyi coğrafi məkan Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxışı üçün mühüm tranzit yoludur. Orta Dəhliz boyunca həyata keçirilən layihələr, Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Ticarət Limanı və Xəzər üzərindən artırılan yüklərin daşınması regionun iqtisadi əlaqələrini gücləndirir. Son illərdə Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında tranzit daşımaların ciddi şəkildə artması bu əməkdaşlığın nəticəsidir.
Energetika sahəsində münasibətlər də strateji xarakter daşıyır. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji sistemlərinin birləşdirilməsi və yaşıl enerji sahəsində yeni təşəbbüslər regionun davamlı inkişafına əlavə imkanlar yaradır. Nəqliyyat kimi enerji əməkdaşlığı da regionun geosiyasi çəkisini artırır və onu qlobal proseslərdə daha önəmli aktora çevirir.
Mədəni-humanitar sahədə əlaqələr xalqlar arasındakı dostluğun möhkəmlənməsində mühüm rol oynayır. Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında mədəniyyət günləri, incəsənət layihələri, regionlararası qardaşlaşma proqramları xalqların daha da yaxınlaşmasına xidmət edir. Daşkənddə Heydər Əliyev meydanı, Bakıda salınan “Özbəkistan” parkı iki ölkə arasında dostluğun rəmzinə çevrilən layihələrdəndir.
Bütün bu proseslər göstərir ki, Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında formalaşan əməkdaşlıq adi regional əlaqələri aşaraq strateji birlik səviyyəsinə yüksəlib. Ortaq tarix, oxşar siyasi maraqlar, iqtisadi tamamlayıcılıq və xalq diplomatiyasına əsaslanan bu münasibətlər regionda sabitlik, inkişaf və qarşılıqlı etimadın möhkəmlənməsinə ciddi töhfə verir. Bu gün Azərbaycan və Mərkəzi Asiya ölkələri yalnız coğrafi məkan deyil, həm də vahid maraqlar və müştərək gələcək vizyonu üzərində qurulan güclü strateji platforma formalaşdırır.
Gülnarə Əliyeva – Bərdə şəhər E.Kərimiv adına 4 nömrəli tam orta məktəbin direktoru

