Əhalinin aldığı məvacib: Qazandığımız yeməyə gedir – Səbəbi açıqlandı
Dövlət Statistika Komitəsinin açıqladığı son məlumata görə, ölkədə qida məhsulları üzrə illik inflyasiya 8,2%-ə çatıb. Ümumi inflyasiya isə 5,9% təşkil edir. Paralel olaraq, 2025-ci ilin ilk on ayında əhalinin hər nəfərinə düşən nominal gəlirlər 7,7% artsa da, bu artım istehlak xərclərindəki dinamika ilə müqayisədə real rifahı tam əks etdirmir.
Rəqəmlər pərakəndə ticarət sektorunda da ciddi dəyişiklikləri ortaya qoyur. Belə ki, bu ilin yanvar–oktyabr aylarında istehlakçılar ümumilikdə 52,6 milyard manatlıq mal alıb və xərclərin 50,4%-i yalnız ərzaq məhsullarına yönəlib. İnkişaf etmiş ölkələrdə isə bu göstərici təxminən 10-15% civarındadır və bu həddi aşan zaman dövlət vətəndaşlara kompensasiya ödəmə mexanizmləri tətbiq edir.
Maraqlıdır, Azərbaycanda əhalinin gəlirinin yarısının ərzağa xərclənməsi nədən xəbər verir? Vətəndaşların ərzaq yükünü azaltmaq üçün hökumət hansı iqtisadi və sosial siyasətləri tətbiq etməlidir?
Mövzu ilə bağlı Publika.az-a danışan iqtisadçı Razi Abasbəyli bildirdi ki, inkişaf etmiş ölkələrdə praktika əsasən aqrar sektorun inkişafına və tədarük göstəricilərinin artırılmasına yönəlib:
“Daxili tədarük potensialının gücləndirilməsi ərzaq məhsullarının qiymətinin aşağı düşməsini hədəfləyir. Bununla bağlı aqrar sektora mütəmadi dotasiya ayrılır. Məsələn, Danimarka, Norveç və hətta İsraildə hökumət kənd təsərrüfatına ayrılan dotasiyalara ildə bir dəfə baxır, mövcud şəraiti qiymətləndirir və strateji proqramları tez-tez yeniləyir”.

İqtisadçının sözlərinə görə, Azərbaycanda belə praktika geniş yayılmayıb:
“Burada çayçılıq, pambıqçılıq və digər sahələr üzrə inkişaf proqramları adətən 4-5 illik dövr üçün hazırlanır və çox vaxt dəyişdirilmir. Mövcud şəraitə uyğun olaraq, məsələn, 2022-2023-cü illərdə nəzərdə tutulmuş 500 min ton pambığın yalnız 210 min tonu yığılıbsa, proqramların icrasının yenidən qiymətləndirilməsi faydalı olardı.
Azərbaycanda şəkər çuğunduru üzrə tədarük göstəriciləri azalıb və şəkər tozu ilə maldarlıq üçün yem təminatı idxaldan asılı vəziyyətə düşüb. Bu hallarda hökumətin çevik qərarlar qəbul edərək, mövcud şəraitə uyğun dövlət proqramlarını yenidən icra etməsi vacibdir.
Proqramlar 4-5 il ərzində icra olunur, lakin ciddi geriləmələr və proqnozdan aşağı tədarük göstəriciləri ortaya çıxarsa, mövcud strategiyaların yenidən nəzərdən keçirilməsi məqsədəuyğundur. Azərbaycanda strateji ərzaq məhsullarının – buğda, şəkər çuğunduru, kartof, soğan və digər gündəlik tələbat məhsullarının tədarükü ilə bağlı qərarlar verilməsi önəmlidir. Bu, həm idxaldan asılılığın azaldılmasına, həm də qiymətlərin stabilliyinə kömək edə bilər”.
R.Abasbəyli qeyd etdi ki, əhalinin gəlirlərinin böyük hissəsinin – təxminən 50 faizdən çoxunun ərzaq və qidalanmaya xərclənməsi beynəlxalq standartlara görə yoxsulluq səviyyəsinin göstəricisidir:
“Qiymətlərin sürətlə artması nəticəsində vətəndaşlar aylıq gəlirlərinin əhəmiyyətli hissəsini ərzağa xərcləyirlər. Yoxsulluğun azaldılması üçün məşğulluğun artırılması əsas yol hesab olunur. Aqrar sektor üçün çevik proqramlar qəbul edilməli və mövcud şəraitə uyğun qərarlar verilməlidir. Hələlik, bu istiqamətdə qərarların qəbulunda gecikmələr müşahidə olunur və tədbirlər daha operativ həyata keçirilə bilər”.
Gülnar Süleymanova
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanıb.


